Xəstəxanaların çaşbaş salan laboratoriya cavabları

708

– Buyurun, uşağınızın analizinin cavabıdır – 2 qurd çıxıb. Biri tez müalicə olunan qurddur, digəri isə çətin. Görürsünüz, qurd uşağınızı necə soldurub? Gedin, həkim müalicə yazsın.
Eşitdiyin cavabdan mütəəssir olursan. Dönüb uşağına baxırsan və indi sənə bayaqkından birtəhər görünür. Gəlirsən həkimin yanına, analizin cavabını təqdim edirsən. Həkim analizə baxıb qaşını çatır və “gərək uzun müddət müalicə oluna” deyir. Sonra uşağı uzadıb qarın nahiyəsini əli ilə yoxlayır, müəyyən suallar verir və sən ona baxa-baxa köks ötürürsən. Özünü qınayırsan, düşünürsən ki, axı uşağı niyə həkimə vaxtında aparmadım. Hətta bəzi əlamətlər də tapırsan, bax, filan vaxt uşaq narahat olmuşdu, dərisi qızarmışdı.
Həkim resepti çıxarır və uşağa müalicə yazır. Xəstəxanadan çıxıb birbaşa aptekə yollanırsan. Əgər dərmanlardan hansısa həmin aptekdə yoxdursa, tələsik başqa aptekə gedib oradan alırsan. Evə gələn kimi uşağın müalicəsinə başlayırsan. Amma aptekdə çalışan xanımın dediyi sözlər də yadından çıxmır: “Məncə, başqa bir xəstəxanada da analiz verin, bir xəstəxananın analiz cavabı düzgün olmaya bilər”.
Dərmanları almısan, uşağın müalicəsi başlayıb, ancaq aptekdəki əczaçı xanımın dedikləri səni rahat buraxmır. İki gün sonra eyni analizi başqa bir xəstəxanada verirsən və aldığın cavab səni şoka salır: “Uşağınızın qurdu yoxdur”. Həkim “qurd yoxdur” desə də, uşaqda başqa problemlər aşkarlayır və həmin analizin cavabına əsasən, resept yazır.
Qalırsan mat-məəttəl, indi nə edəsən, hansı analizi doğru sayasan və uşağını hansı reseptə əsasən müalicə etdirəsən?
Bəli, bu gün Azərbaycanda müəyyən xəstəliklər var ki, onların analizini iki ayrı xəstəxanada verəndə fərqli cavab alırsan və qalırsan çaşbaş. Qurd xəstəliklərinin analizləri ilə bağlı vəziyyət isə daha da acınacaqlıdır. Təəssüf ki, bir çox xəstəxanalarda həkimlər ilkin analizə əsasən “qurd yoxdur” qərarı verirlər və başqa səbəblər göstərib resept yazırlar. Yəni bir insanın əlində iki resept olur – birinə görə qurd var, uşaq müalicə olunmalıdır, ikincisinə görə qurd yoxdur, ancaq uşaqda başqa bir problem olduğu üçün bu istiqamətdə müalicə almalıdır. Di gəl, tibb sahəsindən anlayışı olmayan bir adam kimi iki həkimin, iki kliniki laboratoriyanın cavabı arasında seçim elə ki, hansı doğrudur, hansına görə yazılan resepti almaq lazımdır?
“Qurd yumurtasına oxşar bir çox şeylər ola bilər ki, qurdla səhv salına bilər
Problemlə bağlı “Yeni Avaz” qəzetinin suallarını “Sağlamlıq naminə təbiblər” İctimai Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-qastroenteroloqu Habil Hüseynov cavablandırdı. Onun sözlərinə görə, qurdun diaqnostikasından söhbət gedirsə, lyamblya gözlə görünməyən qurddur, ancaq mikroskopda görünə bilir: “Bu qurd əsasən öd yollarında, 12 barmaq bağırsaqda yaşayır. Bağırsaqda bu qurdun yumurtaları qoyulur. Bu qurdun diaqnostikası çətindir. Yəni analiz üçün verilən nəcis nümunəsi təzə-təzə yoxlanıldığı zaman aşkarlana bilir. Üstündən bir müddət keçdikdən sonra əgər analiz olunarsa, nəcis kütləsində qurd tapılmayacaq. Qurd yumurtalarının aşkarlanması üçün müxtəlif üsullar var. Qurd yumurtası nəcisdən ayrılsın, onları müşahidə eləmək daha rahat olsun və s. Həmin üsullardan əgər istifadə edilərsə, qurd yumurtasının aşkarlanması ehtimalı yüksəlir. Yaxud 12 barmaq bağırsağa xüsusi borular yerləşdirib bağırsaq şirəsi götürülüb analiz olunarsa, yenə də qurdun diaqnostikası daha effektli, daha dəqiq olar. İşin digər tərəfi laborantın peşəkarlığıdır. Orada qurd yumurtasına oxşar bir çox şeylər ola bilər ki, qurdla səhv salına bilər. Yəni laborant şübhələndiyi bir şeyi varmış kimi yaza bilər. Yalançı pozitivlik dediyimiz bir anlayış var – olmayan bir şeyi varmış kimi qəbul edirlər”.
“Əgər görmüsənsə, var deməkdir, görməmisənsə, yox anlamına gəlmir”
Askaridə gəlincə, Habil Hüseynov bunun soxulcan qurdu olduğunu dedi: “Bu qurdun kifayət qədər, gözlə görülə bilən ölçüləri var. Əgər qurdun özü bağırsaqdan düşərsə, bunu valideyn müşahidə eləyərsə, şəklini çəkib həkimə göstərərsə, bu, yüz faiz kliniki əhəmiyyət daşıyır və qurdun olduğunun sübutudur. Digər yolu isə yenə də laboratoriyada qurdun yumurtasının aşkarlanmasıdır. Problem nədədir – qurdun yumurtlama müddəti var. Əgər qurd yumurta buraxmırsa, nəcis kütləsindən götürülən materialda heç bir şey aşkarlanmayacaq.
Deyək ki, bir laboratoriyada analiz verərkən qurdun yumurta buraxma dövrünə düşür, o zaman analizdə çıxır. Lakin başqa bir laboratoriyada qurdun yumurta buraxma dövrünə düşmürsə, o zaman çıxmır. Ədəbiyyatda göstərilir ki, bu halda bir gün ara ilə 3 dəfə analiz götürülməli, əgər heç birində çıxmazsa, o zaman yenə yoxlanılmalıdır. Eyni laboratoriyada 3 dəfə analiz verilər, bunun ikisində qurd çıxmaya, birində çıxa bilər. Qayda budur – əgər bir şeyi görmüsənsə, var deməkdir, görməmisənsə, bu, yox anlamına gəlmir. Qurdun yoxluğuna laboratoriyada 3 dəfə yoxlama aparmadan qərar vermək olmaz. Ədəbiyyatın dediyi budur”.
“Askaridin 3 günlük müalicəsi var”
Müsahibimiz qurdun müalicəsinin çətin olmadığını bildirdi: “Hər iki qurdun müalicəsi yüngüldür. Lyamblyaya ümumiyyətlə, bağça yaşlı uşaqlarda rast gəlinir. Əksər hallarda öz-özünə sağalır, hər hansı müalicə tələb eləmir, xronikiləşməsi faktiki olaraq nadirdir. Bu gün el arasında deyildiyi qədər təhlükəli bir şey deyil. Hər hansı ciddi bir fəsadı da yoxdur. Təxminən 1 ay müddətinə öz-özünə təmizlənə də bilir. Askaridə gəlincə, 3 günlük müalicəsi var. Gündə bir tabletka dərman atılır. Uşaqdırsa, çəkisinə görə hesablanıb sirop verilir, böyükdürsə, üç gün ərzində 1 tabletka dərman qəbul edilir. Bununla da problem həll olunur. Yəni burada “fəlakət” axtarmaq lazım deyil”.
“Ən azı 3 örnəkdə qurd tapılmazsa, onda deyə bilərik ki…”
“Əgər laboratoriya həkimə analiz cavabı verirsə ki, burada qurd yumurtası var – həkimin ixtiyarı yoxdur desin ki, yoxdur. Çünki əgər siz bir şeyi görmüsünüzsə, həkim onun əksini necə iddia eləyə bilər? Laborant mikroskop altında analiz nümunəsinə baxır və bir şeyin var olduğunu deyir, həkim bunun əksini iddia eləsə, absurd bir şeydir. Əgər həkim laboratoriyanın cavabına şübhə edirsə, o zaman pasiyenti başqa bir xəstəxanaya göndərə, təkrar yoxlatdıra bilər. Ən azı 3 örnəkdə qurd tapılmazsa, onda deyə bilərik ki, bunda qurd yoxdur. Əgər 3 örnəkdə analiz aparmadan həkim qurdun olmadığını deyirsə, səhv edir. Cəmi bir nümunədə laboratoriya analizi aparılıb qurdun olmadığı deyilirsə, bu, birmənalı şəkildə yalnışdır. Klinik əlamətlər həkimi şübhələndirə bilər, yəni xəstədə qaşınma ola bilər, səpkilər ola bilər, allergiya ola bilər, iştahasızlıq ola bilər və s. Amma qurdun varlığını və yoxluğunu təsdiqləyən yenə də laboratoriyadır. Həm nəcis, həm də qan analizi götürüləndə nəticə daha etibarlı ola bilər”.
“Şübhəsi varsa, onu həmin həkimdən soruşmalıdır”
Habil Hüseynovun dediyinə görə, həkim xəstəyə bir şeyi başa saldığı zaman əgər xəstənin içində şübhəsi varsa, onu həmin həkimdən soruşmalıdır: “Xəstə oradan çıxıb başqa birisindən soruşmalı deyil. Əksər hallarda insanlar ya qonşularından soruşurlar, ya bir tibb bacısından, ya da əczaçıdan. Bu zaman aldığı informasiya onun beynini qarışdıra bilir. Ona görə də bir insanın sualı varsa, müalicə həkiminə yaxınlaşmalı, təkrar-təkrar izahını soruşmalı, tam anlamalı, sonra isə müalicəsini qəbul eləməlidir. Sonda bir daha deyirəm – xəstə həkimə müraciət eləyibsə, klinik əlamətlər varsa, laboratoriyaya göndəririk və ilkin analizdən “hə” cavabı müəyyənləşdirilirsə, ikinci bir analiz verməyə ehtiyac yoxdur. Onsuz da qurd var. O zaman həkim qurdun müalicəsi ilə məşğul olmalı, xəstə də müalicəyə əməl etməlidir”.
Nicat İntiqam