“Xəstə rəng yoxdur”

580
Rəhim Həşimov 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Daha sonra isə Ukraynadakı Vinnitsa Dövlət Tibb Universitetində təhsilini davam etdirib.
 
 Hazırda Sumqayıt şəhərindəki Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsində həkim-travmatoloq vəzifəsində çalışır. Rəssamlıqla da məşğul olan Rəhim Həşimovu sərgilərdə də tez-tez görmək mümkündür. Onunla Sumqayıtda keçirilən sərgilərin birində tanış olduq. Və bizi maraqlandıran bir neçə sualla ona müraciət etdik.

– İxtisasca həkim olmuş tanınmış rus yazıçısı Anton Pavloviç Çexovun belə bir kəlamı var: həkimlik mənim kəbinli arvadım, ədəbiyyat isə sevgilimdir. Bəs həkim kimi fəaliyyət göstərən Rəhim müəllim rəssamlığı necə xarakterizə edərdi?

– Bu fikirlə qismən razıyam. O ki qaldı mənim fikrimə… Rəssamlıq mənim üçün öz iç dünyama qapılmaq və onu rənglərin dili ilə sənətsevərlərlə bölüşməkdir. Onu da deyim ki, hər bir rəsm müəllifin daxili aləminin təzahürüdür.

– Cərrahsınız… əlinizdə cərrah bıçağı olur. Cərrah bıçağından sonra eyni əldə fırça tutanda hansı hissləri keçirisinizə Yaxud insan üzərində əməliyyat aparan Rəhim müəllim kətan üzərində əməliyyata necə uyğunlaşır?

– Mənim fikrimcə, rəssamlıq da əməliyyat kimidir. Fərq ondadır ki, birində canlı üzərində, o birində isə cansız kətan üzərində əməliyyat aparırsan. Amma hər iki halda məqsəd insanlığa yardım etməkdir. Yəni insan üzərində əməliyyatdan kətan üzərində əməliyyata keçəndə çəkəcəyim əsərə də canlı bir varlıq kimi baxıram. Ona, əgər belə demək mümkünsə, şəfa verib cəmiyyət arasına çıxarmaq üçün bütün imkanlarımdan istifadə etməyə çalışıram. Bu mənada, artıq bu kimi proseslər mənim üçün adiləşib. Amma nə gizlədim qanla, zorakılıqla bağlı mövzulara müraciət edə bilmirəm. Bəlkə də, bu mənim iş prosesində gündəlik qarşılaşdığım hadisələrdən irəli gəlir. Həm də əlimdə fırça olanda özümü tamamilə başqa bir mühitdə hiss edirəm.

– Rəhim müəllim, qırmızı rəng insana qanı xatırladır…

– Rəsm çəkəndə mən o rəngə adi rəng kimi baxıram… əks halda o rəngdən istifadə edə bilmərəm. Yeri gəlmişkən, qeyd edim ki, rəssamlıqda qırmızı rəng bayram, şənlik mənasını verir. Bir də hər rəssamın öz palitrası var. Mən bir qayda olaraq, parlaq rənglərə müraciət edirəm.

– Elə isə rənglərin həkimi olmaq çətindir, yoxsa insanların?

– Məncə, xəstə rəng yoxdur. O rənglərdən düzgün istifadə etmədən xəstəliyə səbəb olanlar var…

“Qadınlar gözəllik simvoludurlar”

– Məşhur gürcü heykəltəraşı Zurab Sereteli müsahibələrinin birində: “Mənim üçün ən rahat yer emalatxanadır”, – deyib. Siz də emalatxananızı ən rahat guşə hesab edirsiniz?

– Mənim üçün ən rahat yer molbertin qarşısıdır. O molbert istər emalatxanada olsun, istər evdə olsun, istərsə də başqa bir məkanda… Yeri gəlmişkən, mənim emalatxanam yoxdur. Nə qədər çətin olsa da, əsərlərimi ev şəraitində çəkirəm.

– Yəqin, iş yerində də rəssamlığa vaxt ayırırsınız?

– Yox, iş yerimdə rəssamlıqla məşğul ola bilmirəm. Çünki orada həkim kimi işim çox olur. Yəni iş yerimdə bu sahəyə, ümumiyyətlə, vaxt ayırmıram.

– Rəssamlıq sizin üçün xobbidir?

– Rəssamlığıma xobbi kimi baxmıram. Çünki o artıq həyatımın bir parçasıdır. Mənə belə gəlir ki, ona belə baxanlara da rəssam demək doğru deyil. Bir də unutmayın ki, “xobbi” deyiləndə hər hansı əyləncə nəzərdə tutulur. Sənəti əyləncə kimi düşünmək isə mənim aləmimdə qəbuledilməzdir.

– Yeri gəlmişkən, sizin əsərlərinizlə tanış olarkən qadın portretlərinin çoxluğu diqqətimi çəkdi. Bunun bir özəl səbəbi varmı?

– Gözəlliklə bağlı hər rəssamın öz müraciət obyekti olur. Kimi bu gözəlliyi mənzərə ilə, kimi natürmortla verməyə çalışır. Mən də qadın rəsmləri ilə. Mənim aləmimdə qadınlar gözəllik simvoludurlar. Elə bu səbəbdən çəkdiyim portretlərin əksəriyyəti qadınlarla bağlıdır. Elə özəlliyi də bunda axtarmaq lazımdır. Yeri gəlmişkən, Azərbaycan təsviri sənətində elə bir rəssam yoxdur ki, yaradıcılığında qadın obrazı yaratmasın.

– Hansı tanınmış rəssamlar əsərləriniz barədə öz fikirlərini bildiriblər?

– Tanınmış fırça ustaları, Xalq rəssamları – Ağəli İbrahimov, Arif Hüseynov və başqaları  əsərlərim barədə xoş sözlər deyiblər. Təbii ki, öz məsləhətlərini də veriblər.

– Bəs siz hansı rəssamın əsərlərindən daha çox təsirlənirsiniz?

– Bizim rəssamlardan ən çox Səttar Bəhlulzadənin… Onun gərgin yaradıcılıq axtarışlarının məhsulları olan “Xəzər üzərində axşam” “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Qızbənövşəyə gedən yol” əsərlərimə baxdıqca baxmaq istəyirəm. Onun hər hansı bir bölgənin təbiətini təsvir edərkən istifadə etdiyi kolorit, əhval-ruhiyyə digər bir bölgənin təbiətinin təsvirində təkrarlanmır. Bu faktın özü elə onun dahi rəssamlığından xəbər verir. Səttar Bəhlulzadənin  əsərlərindən bəhrələnərək təbiət lövhələri də ərsəyə gətirmişəm. Dünya rəssamlarından isə Qoqen, Van Qoq, Renuar, Leonardo da Vinci, Pikassonun vurğunuyam.

“Tanınmaq çətindir”

– Bəzən həkim xəstənin diaqnozunu müəyyənləşdirməyə çətinlik çəkir. Bəs Rəhim müəllim  hansısa əsərə ad verməyə çətinlik çəkirmi?

– Əlbəttə…

– Sizcə, rəssam bütün düşündüklərini kətana köçürə bilirmi?

–  Mənim fikrimcə, bu mümkün deyil. Əgər rəssam bütün düşündüklərini çəkə bilsəydi, onda daha əlinə fırça götürməzdi…

– Əgər imkanınız olsaydı, rəssamlar üçün hansı işləri həyata keçirərdiniz?

– Hər şeydən əvvəl, onları emalatxana ilə təmin etməyə çalışardım. Fərdi sərgilərini keçirib onları yaradıcılığa həvəsləndirərdim.

– Bəs sizin fərdi sərginiz keçirilibə

– Müxtəlif sərgilərdə iştirak etmişəm. Müəyyən uğurlara imza atmışam. Amma indiyədək fərdi sərgim təşkil olunmayıb. Güman edirəm ki, bu il bu arzum reallaşacaq. Özü də sərgimin doğma Sumqayıtımda açılmasını istəyirəm. Mənim aləmimdə sərgi rəssamın yalnız hesabatı deyil,  həm də canlı bir kitabıdır. Elə bir kitabı ki, yüzlərlə sənətsevər onu eyni vaxtda vərəqləyə bilir. Bu mənada samballı bir sərgi keçirməyə neçə ildir ki, yol gəlirəm desəm, yanılmaram.

– Rəssamlığa necə başlamısınız?

– Mənim dayım Mürsəl Mürsəlov Opera və Balet Teatrının rəssamıdır. Uşaq vaxtımda onun emalatxanasında çox olardım. Təbii ki, bu sənəti mənimsəməkdə dayım müəyyən rol oynayıb. 5 il Sumqayıtdakı incəsənət məktəbində təhsil almışam. Lakin sonradan məndə həkim olmaq arzusu baş qaldırdı. Buna baxmayaraq, rəssamlıqdan uzaqlaşmadım. Belə ki, rəssam dostum İntiqam Ağayev bu sənətin incəliklərini mənimsəməkdə məndən öz köməyini əsirgəmədi.

– Tanınmış həkim olmaq çətindir, yoxsa rəssam olmaq?

– Mənim fikrimcə, bu və ya digər sahədə tanınmaq çətindir. Buna görə yalnız səylə çalışmaq lazımdır.

– Pikassonun emalatxanasına bir milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur ki, burada nə təsvir olunubə Rəssam: “200 min dollar” cavabını verir. Sizin belə müştəriləriniz olurmu?

– Mən əvvəllər rəsmlərimi, sadəcə, hədiyyə verirdim. Amma son vaxtlar onları satıram. Lakin etiraf edim ki, mənim belə müştərim olmayıb. Onu da deyim ki, bir rəssam kimi, bu ya digər üslublara müraciət edən bütün sənət adamlarına hörmətlə yanaşıram.

– Rəhim müəllim, pasiyentləriniz sizin rəssam olmağınızı bilirlərmi?

– Bilən də var, bilməyən də…

– Belə bir fikir var ki, xəstələri musiqi ilə müalicə etmək mümkündür. Bəs rəssamlıqla necə?

– Zənnimcə, rənglərin dilini bilən həkim rənglər vasitəsi ilə xəstənin əhvali-ruhiyyəsinə müsbət təsir edə bilər. Amma burada bir məqamı xüsusi vurğulamaq istəyirəm. Hər şeydən əvvəl, xəstədə buna bir inam yaratmaq lazımdır.

– Öz portretinizi çəkməyi Sumqayıtın hansı rəssamına etibar edərdiniz?

– İntiqam Ağayevə, Aydın əsgərova, Vuqar  Quliyevə, Hicran Alıyevə…a

Qvami Məhəbbətoğlu