Xəstə “həkim, mən ölmək istəyirəm” deyərsə…

“Pasiyentin hüquqları haqqında” qanuna əsasən, Azərbaycanda evtanaziya qadağandır. Belə ki, qanuna görə, tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (evtanaziya) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən digər şəxslərin xahişini yerinə yetirməsinə icazə verilmir.
Bir neçə gün öncə qəzetimizdə çap olunan “Virtual dünya, o biri dünya və biz” adlı köşə yazımda xəstəliklərlə bağlı bir məqama toxunmuşdum. Yazmışdım ki, adam da var ki, canı ilə əlləşdiyi, xəstə olduğu üçün özünü xoşbəxt saymır, saya bilmir: “Dərmanlardan xilas olmaq, ağrılardan xilas olmaq, bəlkə, onun üçün ən böyük xoşbəxtlikdir. Halbuki bir vaxtlar, bəlkə, o da xoşbəxtliyi var-dövlətdə, vəzifədə görürdü… Qoca tanıyıram ki, illərdir xəstə yatır. Onun üçün xoşbəxtlik bu dünyada artıq geridə qalıb. Ruhunun bədənindən ayrılacağı günü (ağrılardan xilas olması üçün) mükafat kimi gözləyir”. Bu mövzuya toxunmağım heç də səbəbsiz deyil. Söhbət ondan gedir ki, bəzilərimiz kifayət qədər diqqət etməsək də, ətrafımız xəstə insanlarla, ağır xəstəliklərdən əziyyət çəkənlərlə doludur. Halbuki bir insanın xəstəliyi təkcə özü üçün deyil, həm də ətrafdakılar üçün bir dərsdir, hikmətdir, sadəcə, onu anlamaq, diqqət etmək gərəkdir. Xəstəlikdən əziyyət çəkən insanların heç də hamısı iradəli insanlardılar demək doğru deyil. Onlardan bəziləri bunu bir imtahan kimi anlayır, bəziləri isə nə yazıq ki, çıxış yolunu intihar etməkdə görürlər.Məsələn, 2 il öncə baş vermiş bir hadisəni xatırlayaq. Hadisə Xaçmaz rayonunun Yalama qəsəbəsində qeydə alınmışdı. Belə ki, rayon sakini, 57 yaşlı Rahilə Paşa qızı Muradəliyeva özünü asmışdı. Ailə üzvləri bildirmişdilər ki, o daxili orqanların xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət xəstəxanada müalicə də alıb. Lakin sonra intihar edib. Bir insanı nədəsə ittiham etmək qətiyyən doğru olmazdı, ancaq bəlkə də yaşasaydı, intihar etməsəydi, həmin şəxs bu fikrindən peşman olardı. İntihar etmək, bu yola əl atmaq insanın iradəcə zəifliyinin göstəricisi sayılmalıdır.

Evtanaziya nədir?

Bu gün dünyada ağır xəstəlikdən əziyyət çəkən insanlar üçün evtanaziya deyilən bir metod tətbiq edilməkdədir. Evtanaziya ağır xəstələrin öz istəyi ilə həyatlarına son qoyulmasıdır. Bəzi mənbələrdə qeyd olunur ki, bu termin “asan ölüm” kimi ilk dəfə XVI əsrdə elmə gəlib.

Bir müddət öncə evtanaziyanın tətbiqi məsələsi ölkəmizdə də gündəmə gətirilmişdi. Lakin dinimizə görə, xəstənin öz istəyi ilə həyatına son qoyulmasını tələb etməsi doğru qəbul olunmur.

Bəs yerli qanunvericiliyimiz bu barədə nə deyir? “Pasiyentin hüquqları haqqında” qanuna əsasən, Azərbaycanda evtanaziya qadağandır. Belə ki, qanuna görə, tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (evtanaziya) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən digər şəxslərin xahişini yerinə yetirməsi qadağandır.

Xəstəni bilərəkdən evtanaziyaya meyil etdirən şəxs məsuliyyət daşıyır

Hələ bir müddət öncə Milli Məclisdə bu barədə müzakirə aparılan zaman deputat, Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı da şəxsən evtanaziyanın əleyhinə olduğunu söyləmişdi: “Ən ağır vəziyyətdə belə, insanın iynə, dərmanla öldürülməsinin əleyhinəyəm, bunu mən edə bilmərəm. Mən Əfv komissiyasının üzvüyəm, biz ölüm hökmünü ləğv etdik. Bəzən elə cinayətkarlar olur ki, onların törətdikləri əməllərlə tanış olarkən insanın ürəyi partlayır, insanlıqdan utanırsan, dəhşətə gəlirsən ki, axı insan bunu necə edə bilər. Belə insanları ən ağır işgəncə ilə öldürmək lazım gəldiyini düşünürsən. Ancaq yenə də düşünürsən ki, onu Allah yaradıb, canını da O alacaq”.

Araşdırmalarımız zamanı “Həkimlərin etik davranış qaydaları”nda da bu barədə bəzi müddəalara rast gəldik. Qaydaların 16-cı bəndində deyilir: “Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində, ilk növbədə, zərər vurmamaq prinsipini rəhbər tutmalıdır”.

Qaydaların 21-ci bəndində evtanaziyanın qadağan olduğu xüsusi vurğulanır: “Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır”.

“Həkimlərin etik davranış qaydaları”nın 22-ci maddəsində bildirilir ki, xəstəni bilərəkdən evtanaziyaya meyil etdirən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Həyat müsibət, qəza və xəstəliklərlə doludur

Can Allahın bizə verdiyi əmanətdir. Ona qıymaq, zənnimizcə, Allahın verdiyi əmanətə xəyanət anlamına gəlir. İnsan hər halında iradəli olmalı, ümidini Allahdan kəsməməli, ona sığınmalıdır. Məşhur bir fikir var: “Allahına dönüb “mənim böyük bir dərdim var” deməkdənsə, dərdinə dönüb “mənim böyük Allahım var” de. Bəli, hər kəs bunu həyat tərzinə çevirməlidir.

Belə bir fikir də var: Allah yolunu tutmuş birisinin yatması da ibadətdir. Bu mənada xəstəliklərə də imtahan gözü ilə baxmaq lazımdır. Onda xəstəlik bir insan üçün əzaba çevrilməz, imtahan vasitəsi kimi anlaşılar. İnsan hər zaman gərəkli olduğunu düşünməlidir. Necə deyərlər, insan özünü gərəksiz görürsə, demək, əllərini dünyadan üzüb. Özünü nə qədər gərəkli hesab edirsənsə, o qədər gərəklisən.

Biz razılaşsaq da, razılaşmasaq da, istəsək də, istəməsək də həyat müsibət, qəza və xəstəliklərlə doludur. Əsl xəstəlik isə mənəvi xəstəlikdir. Bəlkə, xəstəliyi iynə-dərmanla sağaltmaq olar, amma mənəviyyat xəstə olanda daha təhlükəlidir.

Həyat davam etdikcə imtahan da olacaq. Hz. Nuh (ə.s.) tufan, Hz. Eyyub (ə.s.) yara, Hz. İsa (ə.s.) çarmıxa çəkilmə və insanlığın iftixar lövhəsi Hz. Məhəmməd (s.ə.s.) qovulma, döyülmə kimi imtahanlardan səbir vasitəsilə çıxdılar və cənnətlə şərəfləndilər.

 İmtahanlardan alnıaçıq, üzüağ çıxmaq diləyi ilə…

NICAT İNTIQAM