Xərclərimizin yarısı yeyib-içməyə sərf olunur

486
Avropada istehlak xərclərinin 40%-dən çoxunu ərzaq məhsullarına sərf edən 5 ölkədən, 8,5%-dən çoxunu isə restoranlarda xərcləyən 4 ölkədən biri Azərbaycandır. Bizdə toy, nişan, ad günü kimi mərasimlərin daha təmtəraqlı, bahalı və “məcburi” olması restoranlarda (şadlıq evləri) avropalılardan daha çox pul xərcləməyimizə səbəb olur. 
İstehlak xərclərimiz arasında ən çox vəsait ərzaq məhsullarının alınmasına sərf olunur. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, ay ərzində adambaşına düşən istehlak xərclərimizin təxminən 41,5%-ni ərzaq məhsullarına xərcləyirik. Komitənin məlumatına görə, adambaşına düşən istehlak xərclərimiz 221 manat təşkil edir və bunun da təxminən 92 manatını ərzaq məhsullarının alınmasına sərf edirik. İstirahət və mədəniyyət xərclərimiz istehlak xərclərimizin 4,2%-ni təşkil edir. Bu da orta hesabla ay ərzində adambaşın 9,3 manat edir. Mehmanxana, kafe, restoran və yeməkxanalarda hər ay adambaşına 19 manata yaxın pul xərcləyirik ki, bu da ümumi istehlak xərclərimizin təxminən 8,5%-ə bərabərdir. Bunlardan başqa 221 manatlıq aylıq istehlak xərclərimizin təxminən 3,3 manatını və 1,5%-i tütün məmulatlarının və alkoqollu içkilərin alınmasına sərf edirik.

Avropa ölkələri arasında ərzaq məhsullarına ən çox Ukrayna vətəndaşları pul xərcləyir

Azərbaycanda ərzaq məhsullarına sərf olunan vəsaitin ümumi istehlak xərclərindəki xüsusi çəkisi Avropanın 37 ölkəsindəki müvafiq göstəricidən yüksəkdir. 2015-ci ilin əvvəlinə olan məlumata görə Avropada istehlak xərclərindən ərzaq məhsullarının alınmasına ən az pul ayıran Lüksenburq vətəndaşları hesab olunur. Lüksenburq vətəndaşları istehlak xərclərinin cəmi 8,6%-i ərzaq məhsullarına xərcləyirlər. Bu sahədə ilk onluğu Hollandiya (10%), Danimarka (10,5%), Böyük Britaniya (11%), İsveçra (11,5%), Norveç (11,8%), Avstriya (11,1%), İrlandiya (12,2%), Kipr (12,3%) və Finlandiya (12,7%) vətəndaşları tamamlayıb. Qonşu Rusiyada bu göstərici 27,7%, Türkiyədə isə 19,9% təşkil edib. Məlumat üçün bildirək ki, bu məlumat ayrı-ayrı ölkələrin milli statistika xidmətlərinə istinadən “Ria-Novostı” agentliyi tərəfindən hazırlanıb. Ümumiyyətlə, Avropa ölkələri arasında ərzaq məhsullarına ən çox Ukrayna vətəndaşları pul xərcləyir. Belə ki, Ukraynada adambaşına düşən istehlak xərclərinin yarıdan çoxu – 55,5%-i ərzaq məhsullarının alınmasına yönəldilir. Ukraynadan başqa Avropada ərzaq məhsullarının alınmasına Azərbaycandan daha çox pul xərcləyən 3 ölkə var. Bunlar Makedoniya, Moldova və Qazaxıstandır. Bu ölkələrin vətəndaşları adambaşına düşən istehlak xərclərinin müvafiq olaraq 43,2, 42,8 və 41,9%-i ərzaq məhsullarının alınmasına sərf ediblər.

Türklər tütün məmulatlarına və alkoqollu içkilərə ruslardan çox pul xərcləyiblər

Tütün məmulatlarının və alkoqollu içkilərin alınmasına sərf edilən vəsaitin istehlak xərcləri arasındakı xüsusi çəkisinə görə Avropada ilk sırada Rumıniya qərarlaşıb. Bu ölkədə istehlak xərclərinin 5,9%-i tütün məmulatlarının və alkoqollu içkilərin alınmasına yönəldilib. Bu göstərici Serbiyada 4,5%, Yunanıstan və Türkiyədə 4,2% təşkil edib. Sonrakı yerlərdə 4%-lik göstərici ilə Estoniya və Bolqarıstan qərarlaşıb. Şimal qonşumuz Rusiyada isə tütün məmulatlarının və alkoqollu içkilərin alınmasına sərf edilən vəsait ümumi istehlak xərclərinin 2,6%-nə bərabər olub. Bu sahədə ən aşağı göstərici Azərbaycandan sonra Kipr və İsveçə məxsusdur. Bu ölkələrdə tütün məmulatlarının və alkoqollu içkilərin alınmasına yönəldilən vəsaitlər ümumi istehlak xərclərinin cəmi 1,3 və 1,2%-ə bərabər olub.

 Restoranlarda xərclənən pulların ümumi istehlak xərcləri arasındakı xüsusi çəkisinə görə Avropada 4-cü yerdəyik 

Mehmanxana, kafe, restoran və yeməkxanalarda xərclənən pulların ümumi istehlak xərcləri arasındakı xüsusi çəkisinə görə ən yüksək göstərici Portuqaliyaya, İsveçra və Yunanıstana məxsusdur. Bu ölkələrdə mehmanxana, kafe, restoran və yeməkxanalarda xərclənən pullar ümumi istehlak xərclərinin müvafiq olaraq 10,4, 9,9 və 9,6%-ə bərabər olub. Növbəti yerdə qərarlaşan Kipr Azərbaycanla eyni göstəriciyə sahib olub – 8,5%. Digər ölkələrdə isə mehmanxana, kafe, restoran və yeməkxanalarda xərclənən pulların ümumi istehlak xərcləri arasındakı xüsusi çəkisi 8%-dən az olub. Bu sahədə ən aşağı göstərici Rumıniya (1%) və Moldovaya (1,5%) məxsus olub.

Xorvatlar istirahətə bizimlə eyni səviyyədə pul xərcləyirlər

Avropada istehlak xərclərindən istirahət və mədəniyyətə ən çox pay ayıran İsveç vətəndaşları hesab olunurlar. İsveç vətəndaşları istehlak xərclərinin 18,7%-i istirahət və mədəniyyətə ayırır. Bu isə isveçlilərin ərzaq məhsullarına sərf etdikləri vəsaitdən çoxdur. Bu sahədə növbəti yerlərdə Avstriya (12,8%), Danimarka (12,3%), Böyük Britaniya (12%) və İsveçra (11,7%) dayanır. İstirahət və mədəniyyətə istehlak xərclərindən ən az pay ayıranlar isə Moldova (1,5%), Ukrayna (2,3%) və Makedoniya (2,3%) vətəndaşlarıdı. Azərbaycanın bu sahədəki göstəricisinə (5%) daha yaxın olan ölkələr isə Yunanıstan (4,6%), Portuqaliya (5,3%), Xorvatiya (5,3%) və Kipr (5,4%) hesab olunur.

İstehlak xərclərinin formalaşmasında qiymətlər və adət-ənənələr böyük paya sahibdir

Məlumat üçün qeyd edək ki, istehlak xərclərinin formalaşması həmin ölkələrdəki istehlak mallarının qiymətlərinə əsasən müəyyən edilir. Yəni, bir ölkədə tütün məmulatlarının və alkoqollu içkilərin baha olması həmin ölkədə bu məhsullara xərclənən vəsaitin ümumi istehlak xərclərindəki payını yüksəldir. Məsələn, məlumdur ki, Türkiyədə tütün məmulatlarının və alkoqollu içkilər Azərbaycanla müqayisədə bir-neçə dəfə bahadır. Bu baxımdan müqayisə apararkən bu amili nəzərə alınmalıdır. O cümlədən digər məhsullar və xidmətlər üzrə də istehlak qiymətləri xərclərin formalaşmasında əsas amildir. Eyni zamanda ayrı-ayrı ölkələrdə adət-ənənələr və digər fərqliliklər də istehlak xərclərinin bölgüsünə təsir edir. Məsələn, restoranlarda xərclənən pulların ümumi istehlak xərcləri arasındakı xüsusi çəkisinə görə Avropada 4-cü yerdə olmağımızın əsas səbəbi odur ki, Azərbaycanda toy, nişan, ad günü kimi mərasimlər daha təmtəraqlı və bahalı olur. Azərbaycanda restoranlarda (şadlıq evləri) sərf edilən vəsaitlər Avropa ölkələrindən fərqli olaraq bir-çox hallarda məcburi hal alıb və belə olan halda da bizdə restoran xərcləri avropalılarla müqayisədə istehlak xərcləri arasında daha çox paya sahib olur.

Allahverdi Cəfərov