“Harda yazılıb ki, çempionat oyunlarını FİFA hakimi idarə etməlidir?”

608

20-ci turda “Neftçi” – “Simurq” matçından sonra oyunun baş hakimi Əliyar Ağayevin qarşılaşmanı idarəetməsi ilə bağlı “flaqman” azarkeşlərinin etirazına münasibət öyrənmək üçün Hakimlər Komitəsinin sədri ilə əlaqə saxladıq. Sədr Xəqani Məmmədov bildirdi ki, azarkeşlər hakim səhvi ilə bağlı yox, komandanın rəhbərliyinə etiraz edirdilər: “Hakim səhvi axtarmaq məqsədilə hazırlanmış videoya baxdım. Əvvəlcədən deyim ki, çox danışmayacam. Sadəcə onu deyə bilərəm ki, baxdığım bütün epizodlarda hakim səhvi qətiyyən yoxdur. Bir epizodda hakim “Neftçi”nin xeyrinə səhv edib, həmin epizod hazırlanmış videoda yox idi. Bu onu göstərir ki, bu işi bilən adam tərəfindən hazırlanmayıb. Həmin videoda hakim səhvi yoxdur, getsinlər futbol qaydalarını öyrənsinlər”.

“Komandalar hələ qış yuxusundan ayılmayıblar”

Hakimlərimizin Antalya toplanışı zamanı idarə etdikləri yoxlama matçları barədə mütəxəsisslərin müsbət rəyləri mövcuddur. Bakıya qayıdandan sonra hakim səhvi ilə bağlı etirazın olması təbii ki, təzad yaradır. Bununla bağlı Xəqani Məmmədov bildirdiki, Antalyadan qayıdandan sonra bütün oyunlar yüksək səviyyədə idarə olunub: “Kim nə deyir, desin. Biz qış fasiləsindən sonra keçirilmiş hər iki turu yaxşı idarə etmişik. Kimlər ki, etiraz edir, səhvi özlərində axtarsınlar. Komandalar hələ qış yuxusundan ayılmayıblar. Fikir verin oyunlara, heç kim bir mübahisəli epizod göstərə bilməz ki, hakim ondan uzaqdır. Bütün mübahisəli epizodlarda hakimlər 3-4 addımlıqda olublar. Bu halda üstünlük tamamilə hakimə verilir. Biz video lentlərə nə qədər baxsaq da, yekdil bir qərara gələ bilmərik. Hakimlərimizin oyundakı mövqeləri əladır, ona görə də biz hakimin fikrini əsas götürürük”.

“Biz qarşıdakı oyunları da düşünməliyik”

20-ci turda “Qəbələ” – AZAL qarşılaşmasının 90+3 dəqiqəsində ev sahibinin qapısına verilən penalti zərbəsinə görə də etirazlar oldu. 21-ci turda isə həmin matçı idarə edən baş hakim Rəhim Həsənov təyinat almayıb. Referinin təyinat almamasına HK-nin sədri belə münasibət bildirdi: “Bu cür suallarla tez-tez rastlaşıram. Filankəs keçən turda oyun idarə etdi, amma bu turda yoxdu. Heç nədən bəziləri özlərindən söz çıxarırlar ki, yəqin keçən tur nə isə səhv edib. Bu, belə deyil. Heç yerdə yazılmayıb ki, hakim ard-arda bütün turlarda oyun idarə etməlidir. Biz çalışırıq ki, səviyyəli hakimlərin sayını artıraq. Normal sayda səviyyəli hakimlərmiz olmalıdır. Belə olmasa, rəqabət olmayacaq. Ona görə də Rəhim Həsənov keçən turda baş, bu turda isə köməkçi hakim olaraq təyinat alıb. Bunun altında heç bir səbəb axtarılmamalıdır. Məsələn, qış fasiləsindən sonra birinci turda nə Əliyar Əliyev, nə də Rəhim Həsənov var idi. Heç kim axtarmasın ki, kimsə bu turda niyə yoxdur. Yaxud da deyə bilərlər ki, niyə “Neftçi” – “Xəzər Lənkəran” oyununda FİFA hakimi yoxdur? Harda yazılıb ki, çempionat oyunlarını FİFA hakimi idarə etməlidir? Kimsə kimdənsə bir az üstündü, FİFA hakimidi, o ayrı məsələdir. Amma bizim üçün hakimlərimiz eynidir. Biz hamısına eyni gözlə baxırıq. Əgər Premyer Liqaya təyin etmişiksə, deməli, biz bu hakimin idarəçiliyini bəyənmişik. İki turdan sonra – 23-cü turda “Neftçi” – “Qarabağ” qarşılaşması olacaq. Biz qarşıdakı oyunları da düşünməliyik axı”.

 “UEFA hakimin cəzalandırılması barədə məlumat vermir…”

“Qarabağ”ın Avroliqada İtaliyanın “İnter”i ilə oyundakı kobud hakim səhvinə UEFA-nın verdiyi qərara münasibət bildirən komitə sədri, bildirdi ki, həmin oyunun səhəri bu haqda danışmışdım: “Həmin vaxtda demisdim ki, “Qarabağ” üçün müsbət heç nə vəd olunmur. O ki qaldı, hamı deyir ki, hakim (Miroslav Zelinka) cəzalanmadı, cəzalandırılmalı idi, bu haqda onu deyə bilərəm ki, UEFA hakim cəzalandıranda bu barədə məlumat vermir, eləcə də biz. UEFA durub deyəcəkdi ki, biz hakimi cəzalandırdıq?! Belə şeyləri heç vaxt elan etmirlər. Biz də belə edirik, amma bizi qınayırlar. Düşünürlər ki, biz cəza verəndə bu haqda elan etməliyik”.

Rasim Məmmədli