Xəcalət yaxşı şeydir… çəkən olsa

655

Bilmirəm, fikir verdiniz ya yox, 21 yaşadək futbolçulardan ibarət Rusiya millisi AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində bizim yığma ilə keçirdikləri oyunda uduzduqdan sonra (3:0) şimallıların rəsmilərinin ovqatı yaman təlx oldu. Hətta Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko (sadəcə, Mitko) bu məğlubiyyətə görə xəcalət (yəqin, bilirsiniz ki, xəcalət utanmaq, həya etmək anlamındadır) çəkdiyini bu şəkildə dilə gətirib: “Allahım, bu nə iş idi başıma gəldi, xəcalətimdən yerə girirəm, daha el içinə çıxa bilmərəm. Özü də hansı komandaya uduzduq ha? Farer adaları səfərindən 3 xalla ayrılandan sonra ardıcıl 5 dəfə uduzan bir komandaya. Hansı ki, biz Azərbaycan millisinə qalib gəlməli idik. Vallah, bu dərdi çəkib çiləmək mümkün olmayacaq”. Sizi bilmirəm, amma mən bu kişidən yaman bədgüman olmuşam. Çünki qorxuram ki, o, ya 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Dmitri Xomuxanı “bitirəcək”, ya da özü istefa verəcək.

Bir deyən gərək bu sənə lazım idi, ay bizim U-21-in baş məşqçisi Yaşar Vahabzadə? Təbii ki, söylədiklərim mənim şəxsi fikrimdir. Bir də… elə güman etməyin ki, mən bu sözlərlə rusların futbol mütəxəssislərini qaldırıb dağın başına qoyuram… Hardadır məndə o güc, o qüvvə? Ağlınıza belə şeyləri əsla gətirməyin. Amma mənə elə gəlir ki, rusların bu xəcaləti növbəti oyunlarda onların işinə yarıyacaq. Çünki xəcalət elə bir şeydir ki… Hə bir də mənə elə gəldi ki, nazir bu sözlərlə bizə bilvasitə belə bir mesaj verdi: “Allah qoysa, xəcalətinizdən çıxarıq”.

O qədər də urvatlı olmayan bu “giriş”dən sonra keçək oyuna, bağışlayın, mətləbə… Bunu niyə xatırladım? Sizi bilmirəm, mən indiyədək bu və ya digər milli komandamız böyükhesabla uduzandan sonra bir çox azarkeşlərimizin xəcalət çəkdiklərinin şahidi olmuşam. Hətta belələrinin arasında elələri olub ki, onları ovutmağa günlərlə vaxt lazım olub. Amma indiyədək hələ görməmişəm (bəlkə siz görmüsünüz, odur ki, mən deyirəm) ki, hansısa yüksəkrütbəli futbol mütəxəssisimiz bu ya digər biabırçılıqdan sonra məhz Mitko kimi xəcalət çəksin. Bizimkilər sadəcə hər uduzulan matçdan sonra heç nə baş verməmiş kimi: “Bunu yaddan çıxarıb, növbəti oyuna köklənmək lazımdır”, – deməklə kifayətlənirlər. Elə bil ki, belə bir şey onların xislətlərinə, fizionomiyalarına yaddır. Yaxud da belə bir söz, ümumiyyətlə, onların leksikasında yoxdur. Yeri gəlmişkən, mənim fikrimcə, xəcalət çəkmək elə də asan iş deyil. Xəcalət çəkən insan üzərinə düşən məsuliyyəti özündə hiss edən, o məsuliyyətlə yaşayandır. Deyəsən, burada bir az filosofluq etdim axı, heç məndən çıxmayan iş… Neyləyim, hərdən mənim də belə “ofsayd”a düşməyim olur. Yəqin buna görə “komanda üzvlərim” məni qınamazlar. Çünki onlar yaxşı başa düşürlər ki, bəzən hücuma keçəndə mən də özümü itirirəm, elə bu səbəbdən ətrafa boylanmıram.

Bəli, bu kiçik yazımda mən ad-filan çəkmədən nə isə deməyə çalışdım. Lakin bilmirəm, bundan bir nəticə çıxaran olacaq, ya yox. Amma buna ümid edirəm ki, əgər bizim həmin o yüksək ranqlı başbilənlərimiz bunu oxusalar, özlərində xəcaləti ehtiva etməyə çalışacaqlar. Yox, oxumasalar… Sözün düzü, bu son cümləmin axırını yazmaqda çətinlik çəkirəm. Yaxşısı budur, fikrimi haradansa oxuduğum, yaxud harada isə eşitdiyim bir kəlamla bitirim: “Reklam etmədən biznes aparmaq, tam qaranlıq otaqda qıza göz vurmaq kimidir: siz nə etdiyinizi yaxşı bilirsiniz, amma sizdən başqa bunu bilən yoxdur”. Əks halda, mənim də işim elə qaranlıq otaqda qıza göz vurmaq kimi bir şey olacaq. Məncə, elə bu da bir işdir.

QVAMİ MƏHƏBBƏTOĞLU