Xəbərçiliyin də ədəbi olmalıdır

554

Qış gəldimi, qaş qaralan kimi özümüzü salırıq evə.

Evdə də insanımızı ən çox məşğul eləyən obyekt, şübhəsiz ki, televizordur. Nə işlə məşğul oluruq-olaq, bir gözümüz ekrandadır. Əslində heç haqsız da deyilik. Çünki son günlərdə istər dünyada, istərsə də ölkəmizdə elə hadisələr baş verir ki, istəsən də kənarda qala bilmirsən. Çünki baş verən bu hadisələr bizim maaşımızdan tutmuş, dolların asta-asta qalxmasına, bazarda kartofun qiymətinə qədər hər şeyə öz təsirini göstərir. Xüsusilə də rus təyyarəsinin vurulmasından sonra baş verənlər hamımızın diqqət mərkəzindədir. Allah eləsin ki, bu məsələ fəsad vermədən qapanıb getsin, yoxsa, atalar demişkən, atlar bir-birini təpikləməyə başlasalar, dəyən bizə dəyəcək. Hər iki ölkə bizim üçün çox mühüm əhəmiyyət daşıyır, amma lazım gəlsə, bizim hansı seçimi edəcəyimiz də sirr deyil. Ölkə Prezidenti İlham Əliyev Qazaxıstana və Orta Asiya respublikalarına mal daşıyan və Rusiya sərhədində gözlədilən Türkiyəyə məxsus yük maşınlarını Azərbaycan ərazisindən və Xəzər üzərindən yola salarkən əslində hamımızın ortaq mövqeyini ortaya qoymuş oldu. Bəli, bu xəmir hələ çox su aparacaq, Allah bizi onun şərindən qorusun.

Yazıda məqsədimiz isə tamam başqa məsələdir. İşimlə əlaqədar və bir vətəndaş kimi hər gün ölkəmizlə bağlı xəbərləri gözdən keçirərkənən şəhid xəbərlərinə çox üzülürəm. 18-19 yaşında bir gəncin dünyadan köçməsi, əlbəttə, vətənini, millətini sevən hər kəsi yandırır. Həm də ona təəssüf edirsən ki, bəzən həftə ərzində bu cür xəbərlərə bir neçə dəfə rast gəlirsən. Vətən üçün canını vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Amma başqa bir üzücü məsələ də var ki, bu cür xəbərlərin ardınca son dərəcə əhəmiyyətsiz və hətta deyərdim ki, əxlaqa uyğun olmayan xəbərlər yer alır. Məsələn, hansısa xanım müğənni bir gecəyə neçə min dollar xərclədi, ya filan prodüserin dolabında 40 cüt ayaqqabısı var. Yaxşı ki, son günlərdə ölkə ictimaiyyətində şou xəbərlərə qarşı ikrah açıq ifadə olunur və buna görə də bu cür proqramlar müəyyən qədər azalıb. Çox istərdik ki, efirimizdə ciddi proqramlar, yaltaqlıqdan, yalandan, sırtıqlığın, sürtüklüyün hər çeşidindən uzaq verilişlər yayımlansın və biz ora baxanda kimin qarderobunda neçə dəst paltarı, ya hansı manısın toya neçəyə getməsini deyil, əxalqımızı zənginləşdırəcək, əsl insan olmaq üçün bizə yardım edəcək bilgilər, elmi həqiqətlər öyrənək. Yaxşı ki, son həftələrdə toy müğənnilərinin vergiyə cəlb olunması məsələsi gündəmə gəlib və deyəsən belə getsə, onlar efirdən millətə ağıl öyrətmək iddiasından əl çəkəcəklər. Əgər xatırlayırsınızsa, bir manıs divar boyu duran soyuducudakı ərzağı nümayiş etdirəndə “əsl sənətkar odur ki, soyuducusu belə dolu olsun” demişdi. Onu dediyindən belə çıxırdı ki, soyuducusunu doldura bilməyən sənətkar ola bilməz. Son vaxtlar da manıslar avtomobillərinin markası və qiyməti ilə tez-tez gündəmə gəlirlər. Təsəvvür edirsinizmi, şəhid xəbəri gedir, aradan heç 5 dəqiqə keçməmiş bu cür şou xəbərlər ard-arda düzülür.

Hər işin ədəbi var. Hansı sahədə çalışırsan-çalış, mütləq bir nizama, əxlaqa tabe olmalısan. Telekanallarımız reytinq üçün işləməlidirlər, bunu başa düşürəm, amma sənin reytinq qazanmaq üçün çıxardığın hoqqalar ölkəmizin ən ucqar bir kəndində üç yeniyetmənin təsəvvürünü alt-üst edirsə, o üç gənci bu cür şoulara yönləndirirsə, ucuz yoldan, zəhmət çəkmədən zəngin olmaq xülyasına salırsa, demək sənin gördüyün iş xeyirli iş deyil. O gənc istər-istəməz müqayisə aparır və əsgər paltarı geyinib vətən sərhədini qorumaqdansa, hansısa manısın aftafasını daşımağı (şou-biznes dilində buna prodüsserlik deyilir) üstün tutur. Televiziya çox güclü silahdır, mən əminəm ki, gənclər tərbiyəni ailədən daha çox bu telekanallardan alırlar. On görə də diqqətli olmalıyıq və gördüyümüz işin nəticəsini düşünməliyik. Yəni ədəbi, əxlaqı unutmamalıyıq. Vəssalam. Əli Çərkəzoğlu