Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş yaradacaqmı?

0
244

Ermənistandakı ağır sosial-iqtisadi durum artıq silahlı qüvvələrə də sirayət etməkdədir. Belə ki, bir neçə gün öncə Mehridə yerləşən hərbi hissədə qiyamın baş verməsi, eləcə də Dağlıq Qarabağda erməni hərbi qulluqçusunun əsgər yoldaşını güllələyərək öldürməsi işğalçı ölkənin ordusunda idarəolunmaz bir vəziyyətin yarandığını göstərir. Bütün bunlar o deməkdir ki, artıq Ermənistanın ordusu da tənəzzül dövrünü yaşayır. Bu, həm də belə bir ordunun işğal etdiyi ərazilərimizi uzun müddət öz nəzarətində saxlaya bilməyəcəyindən xəbər verir.

Bu kimi səbəblərdən baş nazir Nikol Paşinyanın reytinqi xeyli aşağı düşüb. Amma Nikol Paşinyan Ermənistanın bugünkü problemlərinin – inkişafdan geri qalmasının, digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığının kökündə bu ölkənin işğalçılıq siyasətinin durduğunu hələ də dərk etmək istəmir. Halbuki bu münaqişənin nizama salınması Nikol Paşinyanın da “inqilabi” çıxışlarında vəd etdiyi kimi, ölkəsinin tərəqqi yoluna qədəm qoymasına şərait yaradardı.

Dağlıq Qarabağ probleminin həllinə barmaqarası yanaşan və özünü “islahatçı” və “demokrat” adlandıran Nikol Paşinyan guya münaqişə ilə bağlı çox zəif təsəvvürlərə malik olduğunu və özünün hakimiyyətə gəlişinə qədər aparılmış danışıqların detallarından xəbəri olmadığını bildirməklə və beynəlxalq təzyiqlərə baxmayaraq yeni “təkliflər” irəli sürməklə vəziyyəti daha da qəlizləşdirməyə, özünə siyasi divident qazandırmağa calışır. Şübhəsiz, real vəziyyətdən nəticə çıxarmağa cəhd etməyən Nikol Paşinyanın bu kimi açıqlamaları onun erməni hiyləgərliyi ilə bağlıdır.

Siyasətçilərin fikrincə, elə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Vyanada keçiriləcək danışıqlar ərəfəsində cəbhə xəttindəki təxribatlar da Nikol Paşinyanın “əməyinin bəhrəsidir”. Bu isə o deməkdir ki, o, münaqişənin sülh yolu ilə həllinin, xüsusən də işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasının əleyhdarıdır. Yəni o da bütün hallarda status-kvonu saxlamağa çalışır.

Siyasi elmlər doktoru Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Vyana görüşündə münaqişənin həlli istiqamətində müsbət irəliləyişlərin olacağını düşünmək sadəlövhlük olardı: “Təki müəyyən irəliləyişlər əldə olunsun. Amma Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “fəaliyyətini” analiz edəndə bir daha əmin olursan ki, o, danışıqlara qeyri-konstruktiv yanaşır, ərazi bütövlüyümüzü tanımaqdan imtina edir. Bununla da o, əsasən şəxsi və onu dəstəkləyən kənar güclərin maraqlarına xidmət etməkdədir. Bu isə o deməkdir ki, son anda Azərbaycan danışıqların davam etdirilib-etdirilməməsi barədə ciddi düşünməli olacaq. Yeri gəlmişkən, Prezident  İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bir daha vurğulayıb ki, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın: “Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq”. Yəni dövlət başçımız bununla demək istəyir ki, münaqişənin hərbi yolla qalibiyyətli həlli üçün hər cür üstün imkanlara malikik, amma yenə də təmkinlik nümayış etdirməkdəyik. Bir sözlə, Nikol Paşinyan real vəziyyətdən nəticə çıxarmalı, öz separatçı iddialarından əl çəkməli və Vyana görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya konstruktiv mövqe qoymağa çalışmalıdır. Əks halda, Nikol Paşinyana, o cümlədən Ermənistana heç də yaxşı nəsnələr vəd olunmur. Müdafiə nazirimiz Zakir Həsənovun sözləri ilə desək, “hər itkimizin on qat cavabını alacaqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”