Vüsal Mehrəliyev: “Mən Mingəçeviri teatral şəhər hesab edirəm”

264

 

 Mingəçevir Dövlət Dram Teatrı daim diqqət mərkəzimdə olan sənət ocaqlarındandır. Tanınmış aktyor Vüsal Mehrəliyevin mədəniyyət naziri Anar Kərimovun imzaladığı müvafiq əmrə əsasən Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin olunması bu sənət ocağına yeni nəfəs verdi desək, yanılmarıq. Qeyd edək ki, o, təyinatından keçən 4 ay ərzində mingəçevirlilərə 3 tamaşa təqdim edib. Balaca tamaşaçılar da yaddan çıxmayıb. Belə ki, hazırda Mingəçevir Dövlət Dram Teatrında M.Müşviqin “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-poemasının məşqləri gedir.

Bu gün Vüsal Mehrəliyevlə həmsöhbət olub, ona bir neçə sual ünvanladıq. O bildirdi ki, hazırda bütün bölgələrdə aktyor, aktirisa qıtlığı yaşanır: ”Bəri başdan deyim ki, ümumən truppa barədə rəyim yüksəkdir və ən əsası odur ki, bu truppa işləmək istəyir. Amma Mingəçevir teatrının yaradıcı heyətinin nəsilləri arasında qırıqlıq var.  Məsələn, 30-50 yaşdan yuxarı xanımlar çalışırlar, amma 30 yaşdan aşağı yoxdur. (Əgər paytaxtdan  bölgə  teatrlarına aktyor ya aktirisa gəlmirsə, bu onların öz problemləridir). Bu da bizə problem yaşatmasın deyə universitetlərdə, kolleclərdə təhsil alan, özünün aktyorluğa marağı olan gəncləri teatra gətiririk və onlarla işləyirik. Teatra potensiallı gəncləri dəvət etmək və onları yetişdirmək mütləqdir”.

Heç bir problemin onu qorxutmadığını vurğulayan həmsöhbətimiz daha sonra dedi: “25-30 ilə yaxın aktyor kimi çalışmışam,  indi də rejissorluq fəaliyyəti ilə məşğulam. Gördüyüm problemləri də həmişə yerindəcə həll etməyə çalışıram. Sağ olsun tetrın rəhbərliyi, əməkdaşları  onlar mənə inanırlar. Odur ki, problemlərin həllində mənə yardımçı olurlar”.

Tamaşaçılar gəldikdə isə baş rejissor belə dedi: “Mingəçevirı teatral şəhər hesab edirəm. Düşünürəm ki, sadəcə biz Mimgəçevir tamaşaçısı ilə teatr arasında bir körpü yaratmalıyıq. Tamaşaçı teatra gəlməyinə peşman olmamalıdır. Tamaşadan zövq almalıdır. Tamaşaçı deməli deyil ki, bu nədir, gəldim vaxtım boş yerə hədər getdi. Tamaşaçı həmişə haqlıdır, böş söhbətdir ki, teatrda tamaşaçı yoxdur. Teatrın rəhbərliyi öz kontingentini, öz şəhərinin tamaşaçısını tanımalıdır, onlarla ünsiyyət yaratmalıdır. Məsələn mən teatrda belə bir təklif irəli sürmüşəm: sosial şəbəkələrdə bizi izləyən aktiv tamaşaçıların əlaqə nömrələrini götürüb onlara teatrın bütün repertuarı barədə hər həftə məlumat göndəririk”.

Vüsal Mehrəliyev qarşıdakı planlardan da söz açdı. Bildirdi ki, mingəçevirliləri yeni surpiriz tamaşalar gözləyir.

Esmira Hidayətova, Mingəçevir