Vurğun Hüseynov: “İstənilən komanda ilə oyunda müsbət nəticəyə nail ola bilərik”

Çempionatda sürpriz komanda kimi start götürən “Sumqayıt” üçüncü dövrəyə də inamlı oyunla başladı. Gənclər şəhərinin kollektivi güclü “İnter”lə bərabər səviyyəli oynayaraq heç-heçəyə nail oldu. Komandanın müdafiəçisi Vurğun Hüseynov  həm bu matç haqda, həm də digər suallarımıza cavab verdi.

– Güclü “İnter” səfərindən 1 xalla döndünüz. Bu matç haqda fikirlərin necədir?

– Bildiyiniz kimi, komandalar təlim-məşq toplanışından yeni gəliblər. Bu vəziyyətdə ilk oyunlar bir az çətin olur. Biz də bu qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, “İnter” güclü rəqibdir, yaxşı qış toplanışı keçib. Sadəcə olaraq baş məşqçinin bizə verdiyi tapşırıqları yerinə yetirdik. Bu oyunda xal qazanmaq istəyirdik, şükür Allaha bir xal qazana bildik. Fikrimcə, yaxşı mübarizə apardıq və bu xalı alnımızın təri ilə qazandıq.

– Səncə, rəqib zəif çıxış etdi, yoxsa siz güclü oldunuz bu oyunda?

– Vallah, deməzdim ki, rəqib zəif çıxış etdi. Sadəcə olaraq, biz çalışdıq ki, yaxşı oynayaq. Mənə elə gəlir ki, biz yaxşı oyun sərgilədik.

– “Sumqayıt” mövsümün əvvəllərində olduğu kimi yenə “sürprizlərə” imza atacaqmı?

– Hər kəs bilir ki, biz güclü komandayıq. Sadəcə olaraq, bəzi oyunlarda bəxtimiz gətirmirdi. Yaxşı kollektivimiz var. İnşallah çalışacağıq ki, əlimizdən gələni edərək daha yuxarı pillələrə çıxa bilək. Mən demirəm biz Avroliqada oynayacağıq və yaxud çempion olacağıq. Fikrimcə, yaxşı komandamız var və biz yuxarı pillələrə layiqik.

– Növbəti turda “Bakı”nın qonağı olacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?

– Düzdür,  “İnter” “Bakı”dan güclüdür. Amma mən deməzdim ki, “İnter”lə heç-heçə etmişiksə, “Bakı”nı rahat udacağıq. Açığı bizim üçün hər bir komanda ciddi rəqibdir, zəif komanda yoxdur. Bu matça da yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq. “İnter” turnir cədvəlinin ikinci sırasındadır, biz isə sondan ikinciyik, amma bu oyunda “İnter”lə bərabər səviyyəli oynadıqsa, deməli istənilən komanda ilə oyunda müsbət nəticəyə nail ola bilərik.

– Bu hal çempionatımızın güclü olması deməkdir?

– Vallah, bizim çempionatımız əvvəlki illərə nisbətən çox güclənib. İrəliləyiş hiss olunur, ona görə də hər bir rəqibi ciddi qiymətləndirmək lazımdır. Belə olmasa bunun acı nəticəsini görə bilərsən. “Bakı” da gənc heyətə sahib olan komandadır, biz bilirik ki,  onlar da yaxşı hazırlıq keçirlər, istəklidirlər.

– Fikrincə, “Sumqayıt”ın potensialı  Premyer Liqanı neçənci yerdə bitirməyə imkan verir?

– Yenə deyirəm, bizdə yaxşı kollektiv var. Biz yaxşı futbol oynayırıq. İnşallah bunu qarşıdakı oyunlar göstərəcək. Bizim də istəyimiz çempionatı daha yüksək pillələrdə bitirməkdir. İlk üçlükdə bitimək imkaına sahibik. Futboldur, bilmək olmaz nə olacaq.

– Sənin çempionluğa əsas fovaritin hansı komandadır?

– Premyer Liqada xal baxımından, stabil oyun baxımından fovarit iki komanda görünür. Bu, “Qarabağ” və “İnter” komandalarıdır. Ola bilər ki, “Neftçi”də olsun.

– Milli komandanın baş məşqçisi Robert Prosineçkidən milliyə dəvət gözləyirsənmi?

– Hər bir azərbaycanlı futbolçu millinin şərəfini qorumağı istəyir. Mən özüm də milli də oynamışam. Bu mənə elə gəlir ki, mənim özümdən asılıdır. Düşünürəm ki, öz üzərimdə daha çox çalışsam dəvət ala bilərəm. Məşqlərdə də əlimdən gələni edirəm. Məşqlərimizi və oyunlarımızı milli komandanın məşqçiləri də izləyirlər. Əgər dəvət gələrsə, sevinə-sevinə gedib oynayaram.

Rasim Məmmədli