Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci super turnirin təntənəli açılış mərasimi olub

511

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci super turnirin dekabrın 18-də təntənəli açılış mərasimi olub.

“Fairmont Baku” hotelində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla anılıb, tanınmış şahmatçının xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində çıxış edərək bu mötəbər turnirin hər il yüksək səviyyədə təşkilinin dünya şahmat ictimaiyyətinin marağına səbəb olduğunu deyib. Nazir bildirib ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir təkcə Azərbaycanda deyil, bütün dünyada maraqla qarşılanır. Mərhum qrossmeyster qısa ömür yaşasa da, böyük nailiyyətlərə imza atıb. Bu gün Vüqar Həşimovun adına akademiya fəaliyyət göstərir. Həmin akademiyada onun arzuları və ideyaları reallaşdırılır. Nazir bu nailiyyətlərə görə Vüqar Həşimovun ailəsinə təşəkkürünü bildirib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Bakının “Vüqar Həşimov memorialı”na ilk dəfə ev sahibliyi etdiyini bildirib. M.Məmmədov vurğulayıb ki, super turnirdə dünyanın aparıcı şahmatçıları iştirak edirlər. Bu mötəbər şahmat turniri 2020-ci ildə pandemiya səbəbindən baş tutmadı. Ancaq həmin il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı erməni təcavüzündən azad etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçirilir.

Gələcəkdə “Vüqar Həşimov memorialı”nın işğaldan azad olunan ərazilərdə keçiriləcəyinə əminliyini bildirən federasiya prezidenti qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə turnirin təşkil olunmasına ilk gündən böyük diqqət və qayğı ilə yanaşıb. Dövlətimizin başçısı İlham Əliyev hər zaman idmançıların yanında olub və şahmatçılarımız da bu qayğını daim hiss ediblər. Bu səbəbdən bütün şahmat ailəsi adından Azərbaycan Prezidentinə təşəkkürümüzü bildiririk”.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq ənənəvi qaydada təşkil edilən super turnirin keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Turnirinin təşkilinin Azərbaycan xalqının öz oğlunun xatirəsini yaşatmasının bariz nümunəsi olduğunu vurğulayan Q.Həşimov təşkilatçılara minnətdarlıq edərək deyib: “Əvvəlki altı turnir Şəmkirdə təşkil olunub. Bakı ilk dəfədir yarışa ev sahibliyi edir. Builki turnirdə Vişvanatan Anand, Fabiano Karuana, Sergey Karyakin kimi dünya çempionları iştirak edirlər. Bu da turnirin yüksək səviyyədə olmasından xəbər verir.

Oğlunun ideyalarından danışan Q.Həşimov mərhum qrossmeysterin yüksək insani keyfiyyətlərindən və mübarizliyindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirdə hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi turnirin reqlamenti barədə məlumat verib.

Daha sonra yarışın püşkü atılıb.

Açılış mərasimi konsert proqramı ilə davam edib.

Konsert proqramından sonra super turnirə start verilib. Rapid yarışının birinci turunda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Çexiya idmançısı David Navara, Rauf Məmmədov hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli isə Fabiano Karuana ilə qarşılaşırlar. Rusiyalı Sergey Karyakin isə Macarıstan zəka sahibi Riçard Rapporta rəqib olub.

Super turnirdə ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili ediblər.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 14 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar. azertac