Avropa Parlamentinin qətnaməsinə Milli Məclis sərt cavab verdi

567
“Azərbaycana qarşı Avropa Parlamenti (AP) tərəfindən  yenə qeyri-obyektiv qətnamə qəbul edilib. Bu artıq sayca dördüncü qətnamədir. Qətnamənin müəllifləri cəmi 46 nəfərdir.  
Onlardan 45-i Azərbaycanda olmayıb. Bir nəfər isə vaxtilə Slovakiyanın keçmiş xarici işlər naziri olub, hansıki, onun dövründə Ermənistana hərbi təyyarələr satılmışdı. Azərbaycan o vaxt buna öz etirazını da bildirmişdi. 750 deputatdan 46-sının təklifi ilə Azərbaycana təzyiq etmək üçün qətnamə hazırlanıb”. Bunu ötən gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı spiker Oqtay Əsədov söylədi. Parlament sədri heç bir qüvvənin Azərbaycana təzyiq edə bilməyəcəyini vurğuladı və AP və AVRONEST PA-da Azərbaycanı təmsil edən millət vəkillərindən ibarət komissiyanın yaradılmasını təklif etdi: “Azərbaycan Parlamentinin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Bizim parlamentlərimiz arasında Valeh müəllimin də həmsədr olduğu Əməkdaşlıq Komitəsi mövcuddur. Biz əlaqələrin daha da inkişafı üçün AVRONEST PA-nı qurduq. Azərbaycan bu təşkilatın aktiv üzvlərindən biridir. Təəssüflər olsun ki, AP öz təşkilatları ilə birlikdə Azərbaycan Parlamenti ilə münasibətlərini inkişaf elətdirmək əvəzinə qeyri-obyektiv qətnamələr qəbul edir. Təklif edirəm ki, redaksiya komissiyası yaradılsın. Biz aydınlaşdırmalıyıq ki, gələcəkdə bu təşkilatlarla işləməyin bir mənası varmı? Nə qədər biz bunlara can atırıq, yaxınlaşırıq bunlar da bizə o qədər ikili münasibətlər göstərirlər. Beləliklə mən təklif edirəm ki, hörmətli Valeh Ələskərovun rəhbərliyi ilə biz komissiya yaradaq və məsələ ilə bağlı bəyanat qəbul edək. Komissiya üzvlərinin Yevda Abramov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Xanlar Fətiyevin olmasını təklif edirəm”.Cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri də sözügedən məsələyə öz münasibətlərini bildirdilər. Həmin çıxışların bəzilərini təqdim edirik.

Valeh Ələskərov: “Bir dəfə onlar bizə kompramis bir variant təklif etdilər – Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri ifadəsinin yer aldığı sənədi qəbul etmək. Biz buna etirazımızı bildirəndə bizə yumuşaq formada dedilər ki, ya bunu qəbul edin, ya da  iki həftədən sonra Avropa Parlamenti hansısa iki bloqger və bir jurnalistlə bağlı Azərbaycana dair qətnamə qəbul edəcək. Bu, şantaj deyil, nədir?!… Hətta Assosasiya sazişindən Azərbaycanın ərazi bütövlüyü sözü çıxarılmışdı. Halbuki, bundan əvvəlki əməkdaşlıq və tərəfdaşlıq sazişində bu mətnə yer verilmişdi. Necə olur ki, Moldovaya, Gürcüstana, Ukraynaya bu məsələ aid edilir, Azərbaycana çatanda isə önəmli olmur. Burada müsəlman faktoru da rol oynayır”.

Siyavuş Novruzov: “Son bir ay ərzində Azərbaycana qarşı müxtəlif təzyiq metodları tətbiq olunur. Mən AŞ PA sədrinə sual verdim ki, Rusiyanın mandatını dayandırmısınız, səsvermə hüququnu əlindən almısınız, bəs Ermənistanı niyə bu hüququndan məhrum etmirsiniz? Dedi ki, “Ermənistan sizin ərazilərinizi işğal edəndə 1992-ci il idi, siz AŞ PA-ya 2001-ci ildə daxil olmusunuz”. Bu məntiqlə biz onlarla hansı məsələləri müzakirə edib qərarlar verə bilərik?!”.

Əli Hüseynli: “Yeni seçilmiş Avropa Parlament üzvləri kimlərinsə tövsiyələrinə uyub Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Bu onun göstəricisidir ki, Avropa parlamentarizminin özü çökməkdədir. Biz müstəqil fikir yürüdən, araşdıran AP haqqında danışa bilmirik. Təəssüf ki, Azərbaycanla bağlı qərarların arxasında bir çox hallarda erməni lobbisi, digər hallarda isə Avropadan da daha qərbdə olan qüvvələr durur. Biz təmsil olunduğumuz həm Milli Məclis-Avropa Parlamenti Əməkdaşlıq Komitəsi, həm də AVRONEST PA-dakı əməkdaşlığa yenidən baxmalıyıq. Təəssüflər olsun ki, Azərbaycanın Avropa İttifaqına, Avropa ölkələrinə enerji təhlükəsizliyi baxımından verdiyi töhfə adekvat cavablar almır”.

Azay Quliyev: “Bu gün AVRONEST PA-ya olan inam iflasa uğrayıb. Bunun səbəbi isə AP-nin, Avropa institutlarının sərgilədiyi mövqedir. AP qətnaməsi tamamilə qərəzli, heç bir faktlara əsaslanmayan bir yanaşmadır. Sənədi oxuduqda AP yeni seçilmiş üzvlərinin məsələyə nə qədər uzaq olduğu görünür. Biz onlara sual verdik ki, digər Şərq tərəfdaşlığı ölkələrinə niyə adekvat reaksiya verilmir? Məsələn, Gürcüstanda 98 siyasi məhbus qeydiyyata alınıb. Başda Saakaşvili olmaqla keçmiş nazirlər tətbiq olunur. Yaxud prezident seçkilərində Ermənistanda bir namizəd seçkidən iki həftə öncə güllələndi. Bunlara heç bir reaksiya verilmədi. Ancaq Azərbaycanda bir nəfərin qanunsuz fəaliyyətinə görə istintaqa cəlb olunması barədə qətnamə qəbul olunur”.

Bahar Muradova: “Avropa rəsmilərinin bir çoxlarında belə bir fikir var ki, “Azərbaycan özündən çox razı siyasət yeridir”. Bunlar müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər. Özündən razı kiçik dövlət kimi bizi cəzalandırmaq istəyirlər. Azərbaycanın tutduğu yola, onun düzgünlüyünə bizim özümüzdə şübhə olmamalıdır. Əgər şübhə olacaqsa onda biz onların toruna düşmüş olacağıq”.

Sonda Milli Məclis (MM) Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bəyanat qəbul etdi. Bəyanatı plenar iclasda deputat Məlahət İbrahimqızı oxudu.

Bəyanatda qeyd olunur ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir:  “Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri münasibətlərdə hörmət prinsipi ilə bir araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan İnternet şəbəkəsi mövcuddur. QHT-lərin fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb”.

Bildirildi ki, Azərbaycan Parlamenti bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirir: “Əgər bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və AVRONEST ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq”. Bəyanat səsə qoyularaq qəbul edilib.