Volkan Aydemir: Soçi görüşündə Azərbaycan Prezidentinin danışıqlara qalib tərəf kimi qatılması hər birimizi qürurlandırdı

41

Bütün dünyanın diqqətlə izlədiyi Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli duruşu, danışıqlara qalib tərəf olaraq qatılması hər birimizi bir daha qürurlandırdı. Danışıqlar zamanı Ermənistan tərəfi ilə sərhədlərin yenidən müəyyənləşdirilməsi ilə bağlı qəbul olunan qərar böyük nailiyyətdir. Azərbaycan qətiyyətli və düzgün siyasəti ilə tarixi sərhədlərini yenidən müəyyənləşdirmək istəyir ki, bu da onun təbii hüququdur. Burada diqqətçəkən əsas məqam isə odur ki, hər zaman olduğu kimi, bu görüşdə də Azərbaycan tolerantlıq, multikulturalizm və insan sevgisini bir daha sübut etdi.

Bu fikirləri Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

Danışıqlar zamanı beynəlxalq infrastrukturun yenidən qurulması, kommunikasiya sisteminin bərpasına vurğu edilməsinin Azərbaycanın uzun illər bölgədə sülhün bərqərar olması istiqamətində atdığı addımların nəticəsi kimi qiymətləndirən müsahib deyib: “Bu, böyük nailiyyətdir. Azərbaycan 30 il ərzində sülh, insanların birgə, firavan yaşaması üçün əlindən gələni edib. Soçi görüşü də bunu bir daha sübut etdi. Erməni tərəfinin Laçın dəhlizindən istifadəsi və Zəngəzur dəhlizinin açılması yalnız iki dövlətin deyil, dünyanın, o cümlədən bölgənin maraqları daxilindədir”.

Bunun bütün türk dünyası üçün böyük addım olduğunu deyən V.Aydemir qeyd edib: “Cənubi Qafqazdakı Zəngəzur və Laçın dəhlizləri türk dünyası üçün mühüm tranzit yoludur. Bu dəhlizlər İpək yolu üzərində mühüm ticarət və sosial mərkəzlərdir. Bunu XVI-XVII əsrləri əhatə edən tarixi qeydlərdə də görmək olar. Onu da qeyd etmək istərdim ki, Rusiya Prezidenti Vladimir Putinin də sözügedən məsələləri dəstəkləməsi hər iki ölkənin, eləcə də bölgənin xeyrinə addım atılacağının göstəricisidir”. azərtac