Vitamini qabığındadır

676

Yenə qonşular başladılar oyuna. Dedim, düşüm, baxım bu gün zərlər kimin üzünü güldürəcək. Toy məclislərində tamadalıq edən Xeyrulla kişi Hüseyn kişi ilə oynayırdı. O biriləri də dövrə vurub diqqətlə oyunu izləyirdilər… Az sonra qonşumuz Əjdər kişi də gəlib çıxdı. Hüseyn kişi onu görən kimi dilləndi:

– Əjdər, neçə gündür görünmürsən, harada itib-batıbsan?

– Kredit almağa getmişdim.

– İnşallah, məqsədin nədir?

– Uşaq son model telefon istəyirdi…

– Adə, vacib idi… Sonra da deyirsən ki, dolana bilmirəm. Sənin uşağın gərək mütləq “İphone” işlətməlidir? Nə çox ucuz telefon… Onlardan birini alaydın da… Kişi, ayağını yorğanına görə uzat da…

Əjdər kişi protez ayağını məhəllə sakinlərinə göstərərək gülə-gülə dilləndi:

– Ə, mən bədbəxtin ayağı var ki, onu da yorğanıma görə uzadım?

Hamı bir nəfər kimi gülüşdü. Az sonra hərə bir tərəfdən dilləndi:

– Vallah, lap kefsən e… ay Əjdər…

– Oyunun olsun…

Cahangir kişi yenidən həmin söhbətə qayıtmağı məqbul bildi. Odur ki söylədi:

– Bizim camaatın qəribə xasiyyəti var e… Belə vəziyyətlərdən gülə-gülə çıxmağımızda, vallah, yer üzündə mislimiz yoxdur.

Xeyrulla kişi zərləri ovcunda oynada-oynada:

– Aman Allahım, bunu bizə çox görmə, – deyib zərləri atdı və əlavə etdi, – madam ki, söhbət bizim qəribə xasiyyətdən düşdü, qoy birini də mən deyim. Deməli belə: bir nəfər polis idarəsinə zəng edib söyləyir ki, bəs oğrular evimizi soyurlar, kömək edin. Polis İdarəsindən bildirirlər ki, indi çıxırıq, biz özümüzü yetirincə oğrularla birtəhər dil tap, onları ləngit. Zəng edən şəxs də əsəbi şəkildə dillənir: “Ay polis qardaş, onlara nə deyim, durub deyim ki, soymayın, vitamini qabığındadır?”.

Xeyrulla kişinin bu məzəli söhbəti hamını gülüşə qərq etdi. Ara sakitləşən kimi Hüseyn kişi dilləndi:

– Oyununu oyna da…

… Qonşulardan kimsə: “Səhv oynadı” sözlərinə Xeyrulla kişi yenə özünəməxsus şəkildə cavab verdi:

– Mən heç vaxt səhv etməmişəm. Etmişəmsə də səhvən olub.

Kəramət isə yenidən qabıq məsələsinə baş qoşdu:

– Bu qabıq məsələsi çox qəliz məsələdir. Adam bilmir, kimə inansın. Məsələn, bəzən xiyarın qabığını soymadan yeyirlər, deyirlər ki, vitamini qabığındadır. Amma bu, doğru deyil. Çünki nitrat daha çox qabıqda toplanır. Kimi də deyir ki, kartofun qabığında vitaminlər və mineral maddələr kartofun özündəkindən çoxdur. Bilmirsən kimə inanasan, hərənin ağzından bir avaz gəlir. Bu sözləri banan haqqında da demək olar.

– Deyəsən, siz yolun tıxac olduğunu bəhanə edərək marşrutun istiqamətini dəyişən sürücülərə döndünüz axı… Mən bilmirəm, bura nərd oynamağa yığışmışıq, yoxsa belə problemləri həll etməyə…

Bu zaman qonşumuz Kəramət dilləndi:

– Həm nərd oynamağa, həm də belə şeyləri müzakirə etməyə… Kimə maraqlı deyil, getsin o biri məhəlləyə… Hə, indi də qayıdaq Əjdər kişinin aldığı kreditə…

Bayaqdan susan Əliş müəllimin səsi gəldi:

– Əjdər mənim yanımda toya getməlidir e… Mən neçə ildir ki, kreditlə oğluma maşın almışam. Faizi də “en” qədər.

– A kişi, faiz demə… o da kreditin qabığı kimi bir şeydir. Elə qabıq de…

Bu sözləri isə bizim ağsaqqal kimi tanıdığımız Mürvət dayı dedi. Az sonra əlavə etdi:

– Amma banklar üçün kreditin vitamini, həqiqətən də, dediyim o qabığındadır.

– Zər, mənə yeklər…

Qvami Mehebbetoğlu