“Vilis” qorxusu və yaxud Səlimovun rəqibi

202

 

Bir zamanlar beş kəndi əhatə edən Sabir adına meyvəçilik sovxozunun direktoru vəzifəsində çalışmış Bədrəddin Talıbovun yaddaşlarda necə qaldığını deyə bilmərəm. Amma mənim, o zamanlar 12-15 yaşında olan bir uşağın yaddaşında o, əsl sovet sovxoz sədri kimi qalıb. Belə ki, onun kommunistliyinə söz ola bilməzdi. Lap kitablarda yazıldığı kimi yaşayırdı üzvü olduğu partiyanın həyatını. Hökumətin plan və tapşırıqlarını artıqlaması ilə yerinə yetirən bu adam mahalda böyük nüfuz və hörmət sahibi ola bilmişdi. Tələbkar olsa da, rəhbərlik etdiyi təsərrüfatın dilini yaxşı bilirdi.

Hər dəfə onu gəzdirən “Vilis” markalı maşın sovxozun meyvə bağlarının yollarında görünəndə hamı özünü yığışdırmağa çalışardı. (Səhv etmirəmsə, o illərdə sürücü Salam adlı bir şəxs idi). Bu həm onun şəxsiyyətinə, həm də vəzifəsinə olan hörmətdən irəli gəlirdi. Digər tərəfdən, o illərdə sovxozun meyvə bağlarından məhsul aparmağa cəhd göstərən hər bir kəs onun qəzəbinə tuş gəlməkdən ehtiyat edərdi. Odur ki, o illərdə sovxozun meyvə bağlarından məhsul aparmağa cəhd göstərən hər bir kəs onun gözünə görünməməyə çalışardı. Amma onu da deyim ki, onun bu məsələ ilə bağlı kimi isə incitməsi barədə məlumatım yoxdur.

O zamanlar fəhlələrə işdən çıxarkən sovxozun meyvə bağlarından ancaq və ancaq briqadirlərin göstərişi ilə müəyyən miqdarda meyvə verilərdi. Meyvə demişkən, bir zamanlar kəndimizdə elə meyvə bağları vardı ki, bir ağacdan kifayət qədər dadlı meyvə  toplamaq mümkün olurdu. Amma ötən əsrin altmışıncı illərinin ikinci yarısından etibarən həmin meyvə ağaclarına elə divan tutuldu ki… İndiki kimi yadımdadır. Onlara divan tutmaq rayon mərkəzindən kəndimizə göndərilmiş buldozerçi Tağıya, bir də Nikolay adlı bir rusa həvalə olunmuşdu. Onlar da dədə-baba sortlarından (“Cırhacı”, “Qəndil sinab”, ”Şafran”, “Abbasbəyi”, “Meşə gözəli”, “Sarıturş” “Sarı armud”, “Canatan”) ibarət qollu-budaqlı meyvə ağaclarını “of” demədən verirdilər idarə etdikləri buldozerlərin qabağına. Bəli, o illərdə köhnə alma bağlarının əvəzinə yeni bağlar salındı. Amma həmin ağacların meyvələri dadına, keyfiyyətinə görə dədə-baba sortlarının yerini verə bilmədi. Odur ki, son illər bəziləri qədim meyvə sortlarına üstünlük verməyə başlayıblar.

Kolxozlaşma, sovxozlaşma, demək olar ki, kəndimizin ərazisindəki əksər bağları viran qoydu. Şübhəsiz, bu soyqırım yuxarıların göstərişi idi. Digər tərəfdən, həmin ağaclar da əgər belə demək mümkünsə, qocalmışdı. Bu mənada bu işdə kolxozun sədri, sonra sovxozun direktoru olan Bədrəddin Talıbovun heç bir günahı yox idi. O, sadəcə icraçı idi. Amma kəndimizin yaşlı adamları bu zülmü çəkib çiləyə bilmirdilər.

 

Alpanda yananda işıqlar axşam

Bədrəddin Talıbovdan söz açarkən, “Gözəl Quba”ya da toxunmağı özümə borc bildim. Fikrimizcə, bu məsələyə baş vurmamışdan öncə “Gözəl Quba” ilə bağlı bəzi mətləblərə də aydınlıq gətirmək yerinə düşərdi.

 

Alpanda yananda işıqlar axşam,

Kəndlərdən görünür başqa ehtişam.

Sənin cəlalına heyran olmuşam,

Sən belə deyildin əzəl, ay Quba,

Nə qədər gözəlsən, gözəl, ay Quba.

 

Bu misralar bəstəkar Səid Rüstəmovun bəstələdiyi rəqs xarakterli “Gözəl Quba” mahnısındandır. Mahnının poetik mətni tanınmış şair Mirmehdi Seyidzadəyə (1907–1976) məxsusdur. O, 1958-ci ildə Qubada yerli alim dostu ilə dincəlirərkən bu şeiri orada təbiətin gözəlliyindən ilhamlanaraq yazıb. Özü də 1958-ci ildə lentə alınan bu mahnının ilk ifaçısı Xalq artisti Gülağa Məmmədov (1925–1994) olub.

 Mirmehdi Seyidzadənin 1959-cu ildə nəşr olunmuş “Ürək sözləri” adlı kitabında bu şeir “Gözəlsən” adı ilə verilib. Özü də həmin bənd bu formadadır:

Qəlbaçan Nügədi, Abisər, Alpan,

Axşamlar işıqla olur çıraqban.

Sənin cəlalına olmuşam heyran,

Nə qədər gözəlsən, gözəl, ay Quba!

Buradan belə qənaətə gəlmək olar ki, bəstəkar bu şeirə mahnı bəstələyərkən müəllifin razılığı ilə həmin bəndi dəyişib və mahnı variantında kəndlərdən yalnız Alpanı saxlayıb. Alpan kəndinin adının həmin mahnının mətninə daxil edilməsi isə heç də təsadüfi deyil. Belə ki, qədim Alpan Qubanın ən böyük kəndlərindən biri olmaqla yanaşı, həm də böyük təsərrüfata malik idi. Digər tərəfdən, Xalq artisti Səid Rüstəmovun kəndimizlə bağlılığı ilə bağlı faktlara istinadə etsək, bu şübhəsiz, bəstəkarın kəndimizə olan sevgisindən irəli gəlib. (Bu barədə qısa da “Atasını həbsdən çıxarmağa nail olmuş ibtidai sinif müəllimim” yazımda məlumat yazmışam). Deyilənlər görə, həmin  mahnının bu formaya alınmasında, daha doğrusu, kəndimizin adının mətnə salınmasında Bədrəddin Talıbovun da xidmətləri olub.

Amma bu mahnının sonrakı ifaçıları nədənsə “Alpan” sözünü mətndən çıxarmaqla mahnını ifa etməyə çalışıblar. Yəni bəzi müğənnilər bir sıra mahnılarda olduğu kimi, “Gözəl Quba” mahnısının da sözlərinə əl gəzdiriblər. Belə ki, “Alpanda yananda işıqlar axşam” misrasındakı “Alpanda” əvəzinə, bəzən “arxanda” və ya “alışıb” sözləri işlədilir.

…Yeri gəlmişkən, bir zamanlar kəndimizdə işıqlar tez-tez sönərmmiş. Hətta bundan şikayət də edilmişdi. Cavab isə belə olmuşdu:

Danışmaqdan danışmamaq yaxşıdır

O işıqdan hisli çıraq yaxşıdır.

 

 

Bədrəddin Talıbovun həyat yolunun tarixi detalları

1964-cü ildə yazdığı tərcümeyi-halına görə, Bədrəddin Talıbov 1925-ci ildə Alpanda yoxsul kəndli Camalov Xələfin ailəsində dünyaya göz açıb.  Anası Qızana Şahmurad qızı evdar qadın olub. Bu ailənin 3 övladı (Minacət, Sahibət, Bədrəddin) olub. Xələf kişi 1927-ci ildə vəfat edib.

Bədrəddin ilk təhsilini Alpan natamam orta məktəbində aldıqdan sonra  1937/38-ci tədris ilində Quba Kənd Təsərrüfatı Texnikumuna qəbul olunub. 1942-ci ildə oranı bitirərək Qusar rayon kənd təsərrüfatı şöbəsində sahə aqronomu kimi əmək fəaliyyinə başlayıb. Elə həmin ilin noyabr ayında Sovet ordusu sıralarına çağırılıb.  Müharibə illərində kiçik serjant rütbəsində olan Bədrəddin fərqli bir əsgər olub. Elə 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuş marşal Andrey Qreçkonun faşizm üzərində qələbənin 30 illiyi ilə əlaqədar ona göndərdiyi təbrik məktubu da bunu sübut edir.

Bədrəddin Talıbov 15 may 1946-cı ildə ordu sıralarından qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində fəaliyyətini davam etdirib. Belə ki, 1946-1951-ci illərdə Quba rayon kənd təsərrüfatı şöbəsində sahə aqronomu, 1951-1953-cü illərdə Quba rayon Alpan kənd Sabir adına kolxozda aqronom, daha sonra isə Quba rayon dövlət toxum keyfiyyəti nəzarəti müfəttişliyinin rəsi vəzifəsində çalışıb. O, 1955-1958-ci illərdə Quba rayon Susay kənd Zakfederasiya adına kolxozda kolxoz sədri, bir il bir ay Sabir adına kolxozda kolxoz sədri müavini vəzifəsini icra edib. Qeyd edək ki, Bədrəddin Talıbov öz ixtisası üzrə təhsilini davam etdirmək məqsədi ilə 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə qəbul olunub və 1958-ci ildə bu təhsi ocağının aqronomluq ixtisası üzrə tam kursu bitirib.

1959-cu ilin may ayının 6-dan dekabr ayının 29-na qədər müddətdə Alpan kənd Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışdıqdan sonra Sabir adına kolxozun sədri seçilib və 1 oktyabir 1964-cü ilə kimi bu vəzifədə işləyib. Kolxoz bazasında sovxozların təşkili ilə əlaqədar Sabir adına kolxozun əsasında Sabira adına sovxoz təşkil edildidən sonra isə bu sovxozda direktor kimi fəaliyyət göstərib. O, bu məsul vəzifədə çalışdığə illərdə kəndimizdə 2000 hektar ərazidə  bağ salmağa nail olub.

Qeyd edək ki, Bədrəddin Talıbov  1961-ci, 1963-cü, 1971-ci illərdə Quba rayon Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib. İstər müharibə, istərsə də dinc quruculuq illərindəki fəaliyyətinə görə bir neçə dəfə orden və medallarla təltif olunub. Hətta 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb.. İki dəfə ailə həyatı qurmuş (Dadaşova Aşaxanım və Məmmədova Maral) Bədrəddin Talıbovun 2 övladı (Rəna və Avtandil) olub. Bir neçə kəlmə də oğlu Avtandil barədə… Yeri gəlmişkən, 1954-cü il təvəllüdlü Avtandil Bədərəddin oğlu   Azərbaycan Dövlət Tibb İnstitunuda terapevt ixitası üzrə təhsil alıb.  1979-cu ildə Xaçmaz rayonu Nizava kəndində həkimlik fəaliyyətini başlayıb. 1983-cü ildə  Xaçmazın Alevsevka kəndində baş həkim vəzifəsində çalışıb. 1989-97-ci illərdə Bakının müxtəlif tibb müəssislərində həm həkim, həm baş həkim, daha sonra isə yenidən Xaçmaz rayonunun Aleksevka kəndində  baş həkim  kimi fəaliyyət göstərib. İki dəfə ailə həyatı quran və 8 övlad atası olan, ağ ciyər xərçəngindən əziyyət çəkən Avtandil Talıbov 2014-cü il də rəhmətə gedib.

 

 

Səlimovun qəzəbi və…

Bədrəddin kişinin nəvəsi Elnurun (Avtandilin oğlu) verdiyi məlumata görə, o, 1974-cü ildə Quba şəhərində mühüm vəzifədə çalışıb: “O ki qaldı onun vəzifədən uzaqlaşmağına… O, özünün xəbəri olmadan vəzifəsindən azad edilib. Xıdır Balayevə istinadən demək istəyirəm ki, o zamanlar Quba Rayon Partiya Komitəsinin birinci katibi Sadıq Səlimov Bədrəddin Talıbovun müstəqil qərarlar qəbul etməsini həzm edə bilməyib. Bədrəddin Talıbovun Rustov kəndində direktor vəzifəsində çalışan şəxsin dəfnində iştirakı isə Səlimovun səbr kasasını “daşdırıb”. Belə ki, Səlimov yüksək vəsifəli şəxslərin həmin adamın dəfnində icazə verməyib. Buna baxmayaraq, babam onun dəfnində iştirak edib, eyni zamanda mərhumla bağlı fikirlərini söyləyib. Bu da Səlimov tərəfindən pis qarşılanıb və aralarındak ixtilaf həddini aşıb.  Sonradan Səlimov onu dəvət etsə də, babam onun yanına getmyib”.

Sadıq Səlimovun dönəmində Bədrəddin Talıbovun Aqrar Sənaye Birliyinin sədri vəzifəsində çalışdığını vurğulayan Zabit Babayev isə bildirdi ki, o, ümumiyyətlə Sadıq Səlimovun pis əməllərinə etiraz etdiyinə görə vəzifəsindən azad edilib: “Bədrəddin Talıbov demək olar ki, ömrunun sonuna qədər bir kommunist kimi Sadıq Səlimova qarşı mubarizə aparıb. Onu da deyim ki, Bədrəddin Talıbovun Ali Sovetin sədri Zərifə Şükürova ilə yaxşı münasibəti  vardı. Hətta Zərifə xanım dəfələrlə onun qonağı da olub”.

Zabit müəllim Bədrəddin Talıbovun özünəməxsus xüsusiyyətlərindən də söz açdı. Bildirdi ki, o, sovet dövrünün tipik nümayəndəsi idi: “Onun partiya ideologiyasına sonsuz inamı vardı. Zəhmətlə, yetimliklə böyüdüyündən hamının çətinliklərə ona tanış idi. Odur ki, o, kolxoz sədri, sovxoz direktoru işlədiyi dövrlərdə insanlara elə bu prizmadan yanaşardı. O zamanlar Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışan Alqayev familiyalı şəxs onu çox “tolkovi” adam kimi xarakterizə edərdi”.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı  İldırım Məmmədov isə Bədrəddin Talıbovla bağlı xatirələrini bölüşərkən bu sözləri dedi: ”Ümumiyyətlə, öz tələbkarlığı ilə seçilən Bədrəddin Talıbov rayonun ən savadlı kənd təsərrüfatı mütəxəssisi olub. O, Qubanın tarixinə Kənd Təsərrüfatı İdarəsinə rəhbərlik edən ən güclü kənd təsərrüfatı mütəxəssisi kimi düşüb. Quba rayon Kənd Təsərrüfatı İdarəsinə rəhbərlik edərkən obrazlı şəkildə desək, onun addımı atılan yerdə od püskürərdi. O, əgər belə demək mümkünsə, rayonun kənd təsərrüfatını ovcunun icində saxlayırdı. Hətta deyərdim ki, Bədrəddin Talıbovdan sonra rayon miqyasında onun kimi bu sahəni bilən ikinci adam yetişmədi. Sözün düzü, mən onun yerişini yeriməyə cəhd etdim, amma məndə bu alınmadı. Nə isə… Bədrəddin Talıbov yeri gələndə heç raykomu da vecinə almazdı. Öz işinin xiridarı olduğu üçün hətta Səlimov da ondan çəkinərdi. Hətta deyərdim ki, onu öz potensial rəqibi kimi görürdü. Odur ki, Səlimov onu sıradan çıxarmağa çalışdı və təəssüf ki, öz istəyinə də nail oldu”.

Vaxtilə kəndimizdə diş həkimi kimi çalışan Seyidağa Qasımov isə Bədrəddin Talıbovu belə xatırladı: “Günlərin bir günü Bədrəddin Talıbov məni öz yanına çağırdı. Partkom Xıdır Balayev də onun yanında idi. Bədrəddin kişi gənc kadr kimi işimdən razılıq etdi və partiya sıralarına qəbul olunmağı təklif etdi. Mən də onun dediklərini yerinə yetirdim. Bu epizodu xatırlatmaqda məqsədim var: partiya sıralarına keçmək üçün o zamanlar 3 zəmanət tələb olunurdu ki, onlardan birini mənə məhz Bədrəddin Talıbov verdi. O illərdə rəhbərlər hər adama zəmanət verməzdilər.

Şəxsi xüsusiyyətlərinə gəldikdə isə, o, həqiqətən, olduqca tələbkar rəhbər idi. Hətta deyərdim ki, onda  sırf bolşevik təbiəti vardı. Amma təsərrüfatın mükəmməl bilicisi idi”.

Qeyd edək ki, Bədrəddin Talıbov Qubadakı vəzifəsi ilə vidalaşdıqdan sonra Sabir adına meyvəçilik sovxozunda aqronom kimi fəaliyyət göstərib. Hətta ona bəziləri deyiblər ki, bəs, a kişi, belə bir iş sənə yaraşmır. Amma o bildirib ki, artıq mənim üçün vəzifənin heç bir önəmi yoxdur, məqsədim yenidən kəndimizə xidmət etməkdir.

Bədrəddin Talıbov 1 iyul 1986-cı ildə dünyasını dəyişib.

 

Qvami Məhəbbətoğlu (Rəsulov)