VII turdan qeydlər

582

(Topaz Premyer Liqasının VII turundan sonrakı qeydlər)
– Yəqin deyəcəksiniz, hə, bu, yenə başladı. Neyləyim, ay qurbanın olum, mən də hamı kimi susummu? Vallah, bunu bacarmıram. Amma gizlətmirəm, əgər mənə də AFFA-da, yaxud PFL-də bir babat vəzifədən-filandan versələr, daşı ətəyimdən tökərəm. Yəni: “Uşaq olmuşam, qanmamışam”, – deyib keçərəm onların tərəfinə və bu əməkdaşlığı da özümə fəxr bilərəm. Yox, mən bu sözlərimlə Amerika-filan kəşf etmirəm. Sadəcə, gördüklərimi, eşitdiklərimi qeyd edirəm. Elə son vaxtlar bu qurumlarda təşkil olunmuş yeni komitələrdə, şuralarda işlə təmin olunmuşların futbolla bağlı səslərinin daha əvvəlki kimi gəlməməsi də dediklərimə misaldır. Elə bil qurbağa gölünə daş atılıb e…
Hə, bu dəfə yenicə başa çatmış Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilmiş bəzi matçların bəzi fraqmentlərindən söz açmaq istəyirəm. Yox, “Xəzər Lənkəran”dan, onun baş məşqçisi Yunis Hüseynovdan uzun-uzadı danışmayacağam. Məncə heç danışmağa da dəyməz. Çünki “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk onun komandasını Xəzərdə quru yuyub Lənkəranda elə yaş sərdi ki, heç bir cənub küləyi indən belə yüz illər əssə onun imdadına çata bilməz. Komanda bir yana, Yunis bəy özü elə vəziyyətə düşdü ki, heç oyundan sonra keçirilən mətbuat konfransına gəlməyə özündə taqət tapmadı, köməkçisini göndərdi. Allah ona şəfa, Qriqorçuka da insaf versin. Gərək Qriqorçuk 6:0-a qol qoymayaydı. Belə bir hesaba ürəkmi tab gətirər? Eşitdiyimə görə, Yunis bəy artıq neçə gündür ki, xəstə yatır. Mənim fikrimcə, buna görə Qriqorçuk mühakimə olunmalıdır. Məgər böyük hesablı qələbə bir insan sağlamlığından üstündürmü?
Amma “İnter” – “Qarabağ” oyunundakı penalti üzərində bir qədər dayanmağa dəyər. Nədən ki, məlumunuz olduğu kimi, oyunun 88-dəqiqəsində matçın baş hakimi Elvin Əsgərov “İnter”in qapısına penalti təyin edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının lehinə təyin olunmuş penaltinin düzgün verilmədiyini, daha doğrusu, ona şübhəli gəldiyini düşünərək, futbolçusundan topu kənara vurmağı tələb edib və oyunçu Elvin Məmmədov da məşqçisinin sözünü yerə salmayıb, topu qırağa vurub (Bununla da oyunçu Elvin adaşının – hakim Elvinin səhvini “düzəldib”). Mənə belə gəlir ki, bu, sadəcə, topun qırağa vurulması deyildi. Bu, Azərbaycan hakimliyinə vurulan zərbə idi. Bu hakimlərimizin qırağa atılması idi. Bu hakimlərimizə qırmızı kart göstərilməsi kimi bir şey idi. Həmin anda hakim Elvin Məmmədovun nələr kerirdiyini deyə bilmirəm. Amma onu deyə bilərəm ki, bu rüsvayçılıqdan sonra gərək o, meydançanı tərk edəydi.
Hə, bir neçə kəlmə də AZAL – “Rəvan” matçı barədə. Yəqin, bilirsiniz yeni mövsümün bu turunda AZAL ilk qələbəsini qazanıb. Hamı elə düşünürdü ki, qələbədən sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransında ancaq komandasınınun bu mükəmməl “uçuş”unu tərifləməklə məşğul olacaq. Lakin belə olmayıb. Baş məşqçi maddi durumlarından şikayətlənib: “Pul yoxdur. Pulsuzluq da, təbii ki, oyunumuza pis təsir edir. Sən futbolçunun maaşını, mükafatını vaxtında verməyəndə ondan istədiyini də tam ala bilmirsən. 7 aydır ki, məvaciblər verilmir. Ötən ildən qalan borclar asta-asta ödənilir, ancaq bu gedişlə komandanı hansısa oyuna motivasiya eləmək çətindir, hətta deyərdim ki, mümkünsüzdür. Keçən mövsüm birtəhər, xətir-hörmətə uşaqları mübarizəyə kökləyirdim, bu il bunu etmək də çox çətin olub”. Bu isə o deməkdir ki, belə vəziyyətdə növbəti uğurlardan söz açıla bilməz. Məncə, bununla Tərlan bəy öz növbəti həyəcan təbilini çaldı, AZAL-ın “uçuşlar”ının da təxirə salına biləcəyinə işarə etdi. Və bir şeyi açıq-aydın deməsə də qabarda bildi: indiki sponsorlara etibar yoxdur. Allah, özün saxla “təyyarəçiləri”.

Qvami Məhəbbətoğlu