“Vicdansızlığın mübarək”, cənab hakim

543

– Dekabrın 11-də keçirilən “Qarabağ”- “İnter” oyununa artırılan vaxtda Ricard Almeydanın vurduğu zərbə “İnter”in oyunçusunun ayağından sıçrayıb qapıya daxil oldu. Lakin yan xətt hakimi elə hesab etdi ki, son toxunuş “Qarabağ”ın futbolçusundan olub. Son qərarı verən matçın baş hakimi Mioslav Zelinka mərkəzi göstərmədi. Bu səhv olmasaydı, “Qarabağ” növbəti mərhələyə keçəcəkdi. Bununla da çexiyalı hakim “Qarabağ”ı sözün həqiqi mənasında öldürdü, onu məhv etdi. Bir komandanın, bu komandaya azarkeşlik edən milyonların haqqını bu cür tapdalayana nə ad vermək olar? Yox, yox əsəbləşməyin… Emosiyaları, söyüşləri bir kənara qoyaq. Belə etməklə biz heç nəyə nail ola bilmərik, mənim azarkeş qardaşlarım. Qoy bu sual futbol dünyası cavab versin. Qoy bu suala UEFA, FİFA cavab versin. Görüm onlar nə deyəcəklər? Xahiş edirəm, məni qınamayın. İnandırım sizi, son saniyələrdə vurduğumuz halal qolun qeydə alınmamasından hələ də özümə gələ bilməmişəm. Çətin ki, qarşıdakı bir neçə gündə gələm. Çexiyalı hakim ofsayd qərarının səhv olduğu aşkardı axı…

Mən dünyanın bütün futbol rəsmilərini, dünyanın bütün futbol azarkeşlərinə acizanə şəkildə səslənirərm. Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın həmin epizoda. Həmin epizodda ofsayd vardımı? Mən şübhə etmirəm ki, bu epizod həmin hakimin (təkcə həmin hakiminmi?) tarix kitabında nifrətlə xatırlanacaq bir səhifə olacaq. Gələcək nəsillər bu kitabı vərəqləyib bu səhifəni görəndə cənab Mioslav Zelinka sizi yada salıb deyəcəklər: “Belə də haqsızlıq olarmı?” Bağışlayın, kefli Azarkeş bir az biədəblik edir. Amma indi də meydan mənimdir. Axı sən yaxşı bilirdin ki, həmin oyunda “Qarabağ”ın taleyi həll olunurdu. Digər tərəfdən, “İnter”ə heç xal lazım olmadığını da yaxşı dərk edirdin. Elədirmi? Doğrumu deyirəm? Bəs niyə halal qolu qeydə almadın?  Mən demirəm ki, bizim tərəfimizi saxla? Hə, yadım düşmüşkən, məhz bu qolun hesaba alınmamasından “İnter” də üzüldü. Hətta “İnter”in futbolçusu Marko Andreolli sizə yaxınlaşıb dedi: “Qol təmiz qoldur. Burada ofsayddan söhbət belə gedə bilməz. Top bizim futbolçunun ayağına dəyib qapı xəttini keçdi”. Amma siz heç ona da qulaq asmadınız. Elədirmi? Doğrumu deyirəm?

Yox, mən ondan ötrü incimirəm. Çünki siz bu qolu qeydə almamaqla elə xəyal etdiniz ki, olduqca doğru qərar edirsiniz və adınız ən yaxşı hakim kimi tarixə düşəcək. Amma görüntülər göstərdi ki, sən yanılırsan. Bəs niyə razı olmadın? Yəqin ondan ötrü ki, kimlərinsə qarşısında öhdəlik götürmüşdün. Yoxsa, səni kimlərsə ələ almışdı? Ona görə də razı olmadınız ki, Qarabağın adı dünyanın bütün ölkələrindən gəlsin. Bu sözləri sənə deməkdə elə xəyal eləmə ki, mən səni pisləmək istəyirəm. Onsuz da “Qarabağ” könüllərdə elə bir taxt qurub ki, onu unutdurmaq çətin olacaq. Əlimdə bir ixtiyar olsaydı, bütün dünya haqsevərlərini bir yerə yığıb həmin oyunun videosunu bir daha göstərərdim. Onlar tərəfindən də sənin haqsızlığın bir daha isbat olunduqdan sonra bir saniyənin içində səni UEFA sıralarından qovar və cinayət işi açardım. Amma nə yazıq ki, bütün bunlar mənim imkanım xaricindədir.

Bilmirəm, UEFA bu məsələyə baxacaq, ya yox? Bilmirəm qiyabi də olsa sizə nə deyəcək. Hər halda, səni quru yuyub yaş sərməyəcək. Yəni UEFA Qarabağın haqq səsinə səs verməyəcək. Yəqin bilirsən, məgər iyirmi ildən artıq deyilmi dünya hələ də Qarabağ həqiqətlərinə qulaqardına vurur? Görünür, haqsızlıq Qarabağ və Qarabağın alnına yazılıb.

Bütün bunlar bir yana cənab hakim, deyəsən, mən özümü saxlaya bilmirəm axı. Milyonların haqqını tapdalayan adamın ünvanına nəsə demək istəyirəm. Necə buna görə məni məhkəməyə verərsən. Ver, hər halda məhkəmə mənim səninlə münasibətlərimin niyə belə korlandığı ilə bağlı bir sual verər də…Mən də elə bu epizodən mənim belə davranışıma stimul verdiyini deyərəm. Uzun sözün qısası, cənab hakim bizim bir maraqlı “Yol əhvalatı” filmimiz var. Həmin filmdə bir maraqlı epizod yer alıb: Heç bir vicdansız alverçi bunu etməzdi, amma sən etdin. Vicdansızlığın mübarək. Yəqin nə dediyimi başa düşdün…

Qvami Məhəbbətoğlu