Vicdanımızın radarı…

276

 

Qədim tarix və şərəfli keçmişə malik Alpan kəndi həm də Qarabağ münaqişəsi başlanandan bəri mənfur erməni işğalçılarına qarşı vətənimizin illər boyunca davam edən mübarizəsində ön sıralarda döyüşən igid əsgər, zabit və yüksək rütbəli hərbçiləri ilə də fəxr edə bilər. Əksər ölkə və beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar körüklənən qondarma münaqişənin davam etdiyi otuz ilə yaxın bir müddətdə bu kəndin onlarla şəhidi, qazisi, itkin düşmüşləri və Milli Qəhrəmanı da olmuşdur. 2020-ci ilin 27 sentyabrında başalnan və 44 gün davam edən Vətən müharibəsində də uç nəfər şəhidi, neçə-neçə qazisi olub. Bu gün də alpanlılar ordumuzun sıralarında layiqincə xidmət etməkdədirlər. Bütün bunlar kəndimizin ailə və məktəb tərbiyəsinin danılmaz uğurlarıdır.

Şəhid, qazi və müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı yüksələn xətt üzrə inkişaf etməkdədir. Bizləri azadlığımıza, ərazi bütövlüyümüzə qovuşduraraq milli qürurumuzu bərpa edən bu dəyərli insanlara vətəndaşlarımız tərəfindən də hörmət və ehtiram bəslənir. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü rayonumuzun ictimai-mədəni həyatında fəal iştirakı ilə diqqəti cəlb edən ADPU Quba filalının əməkdaşlarından ibarət böyük bir qrup kəndimizin qaziləri ilə görüşə gəlmişdilər. Filialın direktoru, dosent Yusif Alıyev, əməkdaşlar və o gün kənddə olan qazilərdən Murad Babayev, Ömər Laçınov və cəbhəyə könüllü getmiş müharibə iştirakçısı, coğrafiya müəllimi Ağadadaş Dadaşovla çox maraqlı görüş oldu. Söhbət zamanı bir-birinə calanıb gedən xatirələr və döyüşlərdən bəhs edən sözlü epizodlar hamımızı o qanlı və şərəfli günlərə apardı. Neçə-neçə döyüş yoldaşlarının ciddi yaralanmalarına baxmayaraq, ifadə olunması qeyri-mümkün cəsarətlə şəhidlik zirvəsinə yüksəlmələri haqqında qazilərin danışdıqları görüş iştirakçılarını qürurlandırmaqla yanaşı, onları tez-tez göz yaşlarına da boğurdu. Bu görüş bir daha göstərdi ki, bizlər və gələcək nəsillər bu şanlı tarixi yazan insanlara nə qədər borcluyuq.

Yeri gəlmişkən, bu günlərdə istedadlı qələm dostumuz, ustad pedaqoq Şixəmməd Seyidməmmədovun Vətən müharibəsində şəhid olmuş 50 nəfər Qubalı şəhidlərin şərəfli həyat yollarına ayna tutan “44 GÜNLÜK TARİXİ MÖCÜZƏ” kitabı da işıq üzü görmüşdür. Müəllifin hər bir şəhidimiz haqqında ata qayğısı ilə söz açması, şanlı şəhidlərin valideynləri kimi göynəkli təsvirləri son dərəcə diqqətəlayiqdir. Biz də bu çətin, çox dəyərli işin öhdəsindən uğurla gəldiyi üçün Şixəmməd müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Haqsız olduğunu həm özü, həm də bütün dünyanın çox yaxşı bildiyi erməni faşistləri torpaqlarımızı işğal altında saxladığı illər ərzində bizim öz yurd-yuvamıza qayıdacağımızı da əlinin içi kimi bilibmiş. Ləyaqətsiz və hiyləgərlikdə tülkünü belə mat qoya bilən düşmənin əsas məqsədi bizi bu haqlı qayıdış mübarizəmizdə məğlub edib, mövcud vəziyyətlə barışmağa məcbur etmək olub. Ona görə də gözlədikləri müharibəni udmaq üçün hər vasitədən istifadə edərək keçilməz sədlər qurmuş, dilimizdən tutmuş hərbi formamıza qədər istifadə edərək var qüvvəsi ilə qalib gəlməyə çalışmışdır. Hamımız şahidik ki, erməni işğalçılar müharibəni beynəlxalq müstəviyə çıxarıb Azərbaycana qarşı ittifaq yaratmağa çöx səy göstərdi, lakin Ali Baş Komandanımız İlham Əliyevin öz xalqı və ordusuna söykənən qətiyyəti hər kəsi öz yerində oturmağa və hadisələrin inkişafını seyr etməyə, əsl həqiqəti öyrənməyə məcbur etdi. Bu işdə bizi sevənlər və Allah da bizimlə oldu: – Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz… (Ali-İmran surəsi -160.) Çox çətin relyefə malik ərazilərdə gedən müharibə şəraitində hər günün havası ordumuzun irəliləməsinə yardımçı oldu. Payız da öz yağmursuzluğu ilə dağlıq ərazilərdə adətən tez düşən qış fəslini yubada bildi.

Paxıllıq Ermənistanı ağacqurdu kimi içəridən yeyib dağıdır, ölkənin eroziyaya uğramış mənəviyyata sahib hərbi siyasi rəhbərliyi hal-hazırda həm düçar olduğu məğlubiyyətin sarsıntıları, həm də şanlı qələbəmizlə qazandığımız beynəlxalq nüfuz qarşısında çaş-baş qalıb. İndi o, ğözəl quşları yamsılayıb sonda uçuşu bir yana, yerişi də tullanmaqdan ibarət sağsağan kimidir.

***

Kəndimizin girəcəyində, yolun kənarında üç Vətən müharibəsi şəhidimiz – Balayev Orxan Vidadi oğlu, Məlikov Aqil Niyaz oğlu, və Murtuzov Mehdi Muxtar oğlunun  Azərbaycan və qardaş Türkiyə bayraqları arasında, iri həcmli lövhənin hər iki üzündə görünən rəngli portretləri qoyulmuşdur. Çöhrələrindən baxışlara dolan cəsarət, inam, qürur və təbəssüm bütün şəhidlərimizin ən oxşar cizgiləridir. Boylandıqları ucalıqdan cilvələnən məmnunluq şəhidlərimizin Vətən uğrunda sevərək canlarından keçdiklərini göstərir. Ümidvarıq ki, yaxın gələcəkdə bu xatirə daha möhtəşəm formada boylanacaq çiçəklənən azadlığımıza.

 

Məni narahat edən məsələ bu üç şəhid balamızın yanından hər iki istiqamətdə maşınların şütüyüb keçməsidir. Maşınlar dedikdə, əlbəttə ki, içərisindəki bizləri, insanları nəzərdə tuturam. Kənddən çıxan və kəndimizə gələn insanlar bu xatirə lövhəsinin yanından bir qədər yavaş sürətlə keçməli, ən azından onların ruhuna bir “Fatihə” ehsan etməli deyillərmi? Ötənlərdə yaşlı kişilər pir dedikləri müqəddəs yerlərin yanından keçəndə durub fatihə oxuyar, dua edərdilər. Bu ənənə az-çox elə bu gün də yaşamaqdadır. Axı şəhidlərimiz daha böyük hörmət və ehtirama layiqdirlər. Bizlər heç vaxt onların haqqını ödəyə bilmərik. Hamımız çalışmalıyıq ki, şəhidlərimizə bəslədiyimiz hörmət və ehtiram adiləşməsin. Onların uca məqamı bizim and yerimiz olsun. Bəlkə qarşıda həmin abidələrın olduğunu xatırladan və sürətin azaldılmasını tələb edən yol nişanı qouylmalıdır? Heç bir sağlam düşüncəli sürücü getdiyi yolda radar qurğusunun yanından yüksək sürətlə ötüb keçməz. Şəhidlərin xatirəsinə hər hansı formada qoyulmuş hər bir abidə də vicdanımızın radarı olmalı deyilmi? Uca Kitabımız Quran şəhidlərə “Ölüdürlər!” – deməyi qadağan edir. Biz onları görməsək də onlar bizim bütün hərəkət və münasibətlərimizin şahidləridirlər: – Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz. (əl-Bəqərə surəsi – 154)

Özümüzü bir anlıq şəhidlərimizin ata-anaları, övladları, digər yaxınları kimi təsəvvür edək. Üşənməyə ehtiyac yoxdur. Vətən müharibəsi uzansaydı, bizlər də əsgər, qazi və ya şəhid ola bilərdik. Axı, ata-analar hələ də öz şəhid övladları, uşaqlar isə öz şəhid atalarının qayıdacağı təsəllisi ilə, onların ruhuna bəslənən ümidlə yaşayırlar. Onlar öz əvəzsiz itkilərinə zərrə qədər də təəssüf etmir, yurd-yuva həsrətimizə, milli xəcalətimizə son qoyan şəhidlərimizlə fəxr edirlər.

Ötən dövr ərzində şəhid, qazi və onların ailələrinə dövlətimiz tərəfindən göstərilən qayğının nəticəsi idi ki, Vətən müharibəsində hər bir əsgər və zabitimiz Vətən uğrunda canından keçməyə hazır idi. Azərbaycan əsgərinin vətənpərvərliyi artıq dünya üçün etalona çevrilməkdədir. Gəlin, bu gözəl işi şəhid və qazilərimizə bəslədiyimiz hörmət və ehtiram səviyyəsində də nümunəyə çevirək.

 

Haqqa, ədalətə haydır şəhidlər,

Torpağa ömürdən paydır şəhidlər.

 

Vətən sinəsinə zümrüd suları,

Axıb dənizləşən çaydır şəhidlər.

 

Oxları yağının gözlərin dəlib,

Dərin nəfəs alan yaydır şəhidlər.

 

Everest boy çəkib öyünməz daha,

Ən uca zirvəyə saydır şəhidlər.

 

Rahib, aramızda görünmür demə,

Gündüz Günəş, gecə Aydır şəhidlər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların valideynləri, övladları və yaxınlarına səbir, qazilərimizə cansağlığı versin. Amin.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi