Veteran zarafatı

321
Dünən Nərimanov parkındakı skamyaların birində oturub dərin xəyallara dalmışdım. Məni bu xəyal aləmindən sinəsi orden və medallarla dolu bir kişinin salamı ayırdı. O, yanımda oturan kimi yumruq vurmaqla öz güclərini gücölçəndə nümayiş etdirən gəncləri göstərərək sözə başladı:
– Eh, bunlara bax, yumruqlarını gücölçəndə göyərdirlər…

– Neyləsinlər, iş yox, güc yox…

– Ay bala, niyə iş yoxdur ki?

Yarızarafat-yarıgerçək:

– Eh, ay bala, o qədər yumruq vurmalı baş var ki… – deyərək söhbətini davam etdirdi, – işləyənə iş tapılır, a bala…

Böyük Vətən Müharibəsi veteranı sonra nə düşündüsə, söhbətinin mövzusunu birdən-birə dəyişdi:

– Elə indicə bir məktəbdən görüşdən gəlirəm. Amma bu görüş heç ürəyimcə olmadı.

– Niyə?

– Niyə? İnandırım sizi, məktəbli uşaqlardan heç biri nəinki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarından, heç Milli Qəhrəmanlarımızdan da birinin adını çəkə bilmədi. Elə pərt oldum ki… Halbuki bir nəfəsə dünyanın on beşə yaxın futbolçusunun adını çəkdilər. Məgər Milli Qəhrəmanın adi futbolçu qədər hörməti yoxdur? Axı onlar məhz bu gənclərin əmin-amanlıq şəraitində yaşamaları üçün ölümü gözlərinin altına alıb vuruşublar… Bilmirəm, bunun günahkarı kimdir, zəmanəmi, yoxsa öz təbliğatlarını bu zəmanəyə uyğunlaşdıra bilməyənlər?!

Qoca dərindən ah çəkib söhbətinə yeni bir rəng verdi:

– Eh, uşaqları da qınamıram e… Bu boyda şəhərdə ölkəmizin müharibə şəraitində yaşamasını göstərən adi bir plakat, şüar belə yoxdur.

Bu və ya digər məhsulun bir futbolçu, yaxud bir şou əhli tərəfindən reklam olunmasını heç cür başa düşə bilmirəm. Məgər həmin məhsulların reklamlarını cəbhədə oddan-alovlardan çıxmış insanlarla aparmaq olmaz? Olar axı… Bu həm də qəhrəmanlarımızın təbliği olardı… Sonra da deyirik, belə… Məgər ermənilər tərəfindən işğal olunmuş rayonlarımız yalnız onların ildönümlərində yada salınmalıdır?

– Bəlkə, bütün bunlar barədə bu sahə ilə məşğul olanlara özünüz məlumat verəsiniz?

– İndi bəzi məmurların qəbuluna düşmək, Berlinə girməkdən çətindir, ay bala… Gəl məni bu yaşımda dağa-daşa salma.

Qocanın bu sözlərini zarafat kimi qəbul etdim. Lakin qocanın sonrakı sözləri yanıldığımı ortaya qoydu:

– A bala, elə bilmə ki, zarafat edirəm a, doğru sözümdür…

Söhbətimizin şirin yerində yaxınlığımızdakı skamyada oturmuş bir gənc ona yaxınlaşıb dedi:

– Baba, bayaqdan danışdıqlarınıza mən də istər-istəməz qulaq yoldaşı oldum. Fikirlərinizə mən də qatılıram. Amma sizdən bir xahişim var. Neçə aydır, özümə iş axtarıram, amma tapa bilmirəm, döymədiyim qapı qalmayıb. Berlinə qədər gedib çıxmış bir şəxssiniz. Bəlkə, mənə bu məsələdə bir kömək edəsiniz?

– Bala, incimə, mən bacaran iş deyil. Amma sənin bu təklifin mənə eşitdiyim bir əhvalatı yadıma saldı, qoy danışım. Deməli, belə: Böyük Vətən Müharibəsinin qızğın çağında bir yaralı döyüşçü əslən Şuşadan olan İldırım Həsənova xəbər çatdırır ki, bəs sənin ən yaxın dostun ön cəbhədə ağır xəstələnib. Və bir tanış axtarır ki, öləndə onu müsəlman qaydası ilə basdırsın. (Sən demə, həmin xəstə şəxs də, el dilində desək, itoynadanın biri imiş). Nə isə, İldırım kişi soraqlaşa-soraqlaşa səngərdə ağır vəziyyətdə olan həmin dostunu tapır. Onun başını qolları arasına alıb deyir: “Ə, gözlərini aç, mənəm e… gəlmişəm”. Xəstə dostu gözlərini açıb, onu görən kimi başlayır uşaq kimi ağlamağa. İldırım onu kiritmək məqsədi ilə soruşur: “Ə, könlün nə istəyir?” Xəstə deyir ki, bəs ürəyimə damıb, bir stəkan camış qatığı olsa, sağalıb ayağa duraram. İldırım canını dişinə tutub, on kilometr uzaqlıqda yerləşən bir kənddən qatıq alıb gətirir. Xəstə qatıqdan yeyib özünə gəlir. Və özünə gələn kimi İldırıma deyir:

– Ə, İldırım, adam oğlusan, bəs bu qatığın sarımsağı hanı?

İldırım gözünə döndüyüm də bu gözlənilməz zarafatdan özünü itirmir və deyir:

– Ə, döyüşün qızğın çağında dünyanın o başından sənə qatıq tapıb gətirmişəm, hələ istəyirsən sarımsağı da olsun?

A bala, sən də o xəstə kimi indi məndən elə şeylər istəyirsən ki… Dedim axı indi bəzi məmurların qəbuluna düşmək Berlinə girməkdən çətindir…

… Amma mənə hələ də elə gəlir ki, bu, qocanın bir zarafatı idi.

Qvami Məhəbbətoğlu