Vergi sistemi Avropa İttifaqının tələblərinə uyğunlaşdırılır

637
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin mühüm şərtlərindən biri ölkəmizin mövcud qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir. 
Bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun nazirliyin rəsmi orqanı olan “Vergilər” qəzetində dərc olunan müsahibəsində deyilir. Onun sözlərinə görə, bu, ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi istiqamətində əsas prioritetlərdəndir: “Məsələnin həlli Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş vergi sisteminin inkişafı üzrə Strateji Planda nəzərdə tutulub. Artıq bu sahədə hazırlıq işlərinə başlanılıb. Qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı ilkin mərhələdə Avropa İttifaqının dolayı vergitutma sahəsində 7 direktivi üzrə əsas tələblər təhlil edilərək müəyyənləşdirilib”.

Birbaşa vergilərə gəldikdə isə N.Şirinov qeyd edib ki, bu qrupa daxil olan vergi növlərinin harmoniyasına ehtiyac duyulmur. Birbaşa vergilər dolayı vergilər kimi kapitalın, malların sərbəst hərəkətinə və xidmətlərin göstərilməsinə birbaşa təsir etmir. Birbaşa vergilər hər bir ölkənin daxili iqtisadi siyasətinə uyğun olaraq müəyyən edilir. Onun sözlərinə görə, Avropa İttifaqının əsas tələblərindən biri təhsil xidmətlərinin ƏDV-dən azad olunması ilə bağlıdır: “Avropa İttifaqının 2006-cı il 28 noyabr tarixli direktivinin tələblərinə uyğun olaraq, 2013-cü il yanvarın 1-dən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsinə dəyişiklik edilməklə ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilib”. O, əlavə edib ki, hazırda Avropa İttifaqının ƏDV və aksizlərlə bağlı digər direktivlərinin aksizli malların əhatə dairəsi, ƏDV-yə cəlb olunan əməliyyatlar, ƏDV-nin dərəcəsinin diferensiallaşdırılması barədə tələblərinin tətbiqi imkanlarının müəyyən olunması ilə bağlı araşdırmalar və müzakirələr davam etdirilir. N.Şirinovun qeyd etdiyi kimi, son illərdə Azərbaycanda mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması üçün qabaqcıl beynəlxalq təcrübədən istifadə olunmaqla elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində bir sıra islahatlar aparılıb: “Bununla əlaqədar respublika ərazisində nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasını və nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan müvafiq qanunvericilik aktlarının layihələrindən ibarət təkliflər hazırlanaraq baxılması üçün hökumətə təqdim olunub. Bununla yanaşı, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılmasında beynəlxalq tələblərə cavab verən daha təkmil qanunvericilik bazasının yaradılmasına texniki kömək üçün Dünya Bankının Azərbaycandakı nümayəndəliyi ilə müzakirələr aparılır”.