Varınızı etibarsızlara etibar etməyin…

Dünən Bakıda insanların etibarından sui-istifadə edərək, külli miqdarda pul mənimsəyən daha bir şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, vətəndaşların etibarından sui-istifadə edərək, Ramal Babayevə 1000 manat, Araz Kazımova 900 manat, Bəhruz Nuriyevə 900 manat, Nazim Əzimzadəyə 2700 manat, Natiq Həsənova 4000 min manat məbləğlərində, dələduzluq əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Fərhad Məmmədov tutulub.

Yəqin razılaşarsınız ki, son vaxtlar bu cür xəbərləri tez-tez eşidirik. Sadə bir misal deyək: internetdə axtarış proqramlarında “insanların etibarından sui-istifadə edən şəxs həbs olunub” yazın və axtarış verin, görün nə qədər informasiya çıxacaq. Hər halda bu cür informasiyaların bolluğu çox şeydən xəbər verir…

Sui-istifadə edənlərin “məharətləri”

Bu kimi halların artmasının səbəbləri, ehtiyat tədbirləri barədə ekspertlərlə söhbətləşdik. Sosioloq Cavid İmamoğlu dedi: “Bizim toplumda bir çox mental elementlər var ki, onlardan yola çıxaraq qarşı tərəfin etibarını qazanmaq və aldatmaq mümkündür. Misal olaraq, bizim insanlarımız öz həmyerlilərinə qarşı sonsuz etibar nümayiş etdirirlər. Onların ağıllarına da gəlmir ki, həmkəndlisi də bu etibardan sui-istifadə edə bilər. Ümumilikdə götürdükdə, insanların etibarını qazanmaq çox mühüm addımdır, ən dəyərli insanlar bu etibarı itirməyən, sui-istifadə etməyənlərdir”.

Cavid İmamoğlunun sözlərinə görə, müasir iş və ailə həyatında da çatışmayan ən dəyərli komponent etibarlılıqdır: “Biznesmenlər özlərinə etibarlı işçi, gənc oğlan və qızlar isə etibarlı sevgili axtarışındadırlar. Təbii ki, bu, bir tərəfdən, sui-istifadə edənlərin dırnaqarası məharətidirsə, digər tərəfdən, etibar edənlərin məharətsizliyidir. Qətiyyətli olmaq, yox deməyi bacarmaq və s. kimi fərdi keyfiyyətlər insanlarda formalaşmalıdır ki, onlar bu cür situasiyalarda düzgün addım atsınlar”.

Əgər kimsə “mən səni işə düzəldəcəyəm” deyib pul alırsa…

Hüquqşünas İlham Məmmədov isə açıqlamasında insanların etibarından sui-istifadə edənləri ilk baxışdan tanımaq mümkün olmadığını söylədi: “Bu cür insanları ilk baxışdan tanımaq mümkün deyil. Tutaq ki, biri deyir, “mənim əsgər yoldaşım filan yerdə işləyir, əlaqələri mövcuddur, “hörmət” eləsən, o sənin filan məsələni həll edər, dövlət işinə, özəl təşkilata işə düzəldə bilər” və s. Sonra söhbəti başqa istiqamətə yönləndirir, bir müddət keçir, nəticədə vətəndaş aldanmış olur. Yəni vətəndaşın etibarından sui-istifadə olunur və ortada dələduzluq faktı yaranır. Bir var, kimsə bu işi dəfələrlə görə və onun haqqında sən də nə isə eşidəsən, deyələr ki, buna inanmayın. Bir də var, tanımadığın bir insan səni aldadır”.

Hüquqşünas dedi ki, bir insanla söhbət edərkən, ilk növbədə, onun özünə fikir vermək lazımdır: “Yəni bu adamın özünün sosial-ictimai vəziyyəti necədir, özü nəyə sahib bir insandır – ailə olaraq, iş yeri olaraq, şəxsiyyət olaraq, hətta görünüş olaraq da. Bunlar artıq psixoloji məqamlardır, diqqət edirsən və görürsən ki, hər şey normaldır, onda bu adama borca pul vermək olar, yaxud ortaq biznes və ya digər işlər görmək olar. Məsələnin bir digər tərəfi də odur ki, əgər kimsə “mən səni işə düzəldəcəyəm” deyib pul alırsa, cinayətin elə başlanğıc nöqtəsi buradadır. Çünki bu adam rüşvət verib iş görəcəksə, deməli, sən də buna şəriksən. Qaldı ki, pulu, əmlakı və ya digər nələri isə borc alıb kimisə aldatmaq və digər dələduzluq faktları – bu cür hallar da var. Elə işlər var ki, mülki yönlü ola bilər, eləsi də var cinayət tərkibli. Qəsdən törədilmiş faktlar da olur ki, bir insanın məqsədi, həqiqətən də, kiminsə əmlakını qəsdən talamaq, ələ keçirmək, etibarından sui-istifadə etmək olur. Bu, cinayət tərkibli ola bilər. Amma daha çox mülki tərkibli olduğuna görə, məhkəmə qaydasında həll edilir”.

“İşbazlar çox səliqəli, gözəl geyinirlər”

Məsələnin məhkəmə qaydasında həll olunmasına gəlincə, hüquqşünas: “Bu cür problemlərin məhkəmə qaydasında həll olunması üçün əldə əsas olmalıdır. Kimsə kiməsə pul verirsə, mal verirsə, bunu rəsmiləşdirməyə çalışmalıdır. İstər borc üçün olsun, istər hansısa bir iş görmək niyyəti ilə olsun – pul verməyini notarial qaydada rəsmiləşdirməyə çalışmalısan. Çünki notarial qaydada bütün aktlar, sənədlər imzalanır, imzalar təsdiq olunur. Hətta birinə mal verərkən belə, bunu rəsmiləşdirmək olar. Onsuz da borcun hansı məqsədlə verildiyini yazmağa ehtiyac yoxdur, sadəcə, filankəsə filan məbləğdə pul verilir və s. yazıla bilər. Tərəflərin razılaşmasından asılı olaraq, nə məqsədlə verildiyi belə, yazıla bilər. Məsələ orada imzanın təsdiqlənməsidir”,-deyə vurğuladı.

İlham Məmmədov insanların etibarından sui-istifadə edən işbazların çox səliqəli, gözəl geyindiklərini söylədi: “Qalstuk da taxırlar. Yəni psixoloji olaraq, bu insanlar ilk görünüşdən insanlarda inam yarada bilirlər. Çox alicənab davranırlar, mədəni danışırlar. Odur ki, indiki dövrdə bu cür insanları tanımaq çox çətindir”.

Əgər əlimizdə heç bir sübut yoxdursa…

Müsahibimiz ona müraciət edənlər arasında da bu cür dələduz əməllərdən əziyyət çəkənlər olduğunu vurğuladı: “İşə düzəlmək adı ilə aldadılanlar olub, həbs edilmiş şəxsin guya həbsdən azad olunacağı ilə bağlı aldadılanlar olub. Bu cür insanlara kömək etməyin yolu odur ki, çalışırıq sübutlar toplayaq. Bunlar şahidlər, audio qeydlər, qeyri-rəsmi əl yazıları ola bilər (yəni şəxs qələmlə yazır ki, mən filankəsdən bu məbləğdə borc aldım-red) və s. Bunlarla vətəndaşa köməklik etməyə çalışırıq. Dəymiş ziyanın qaytarılmasına nail olduğumuz vaxtlar da olub, qaytara bilmədiyimiz hallar da. Dediyim kimi, sübut etmə məsələsi önəmli olduğuna görə, sübut edə bildiklərimizdə pulu geri qaytara bilmişik. Əgər əlimizdə heç bir sübut yoxdursa, ortada dələduzluq faktı olduğuna görə, müraciət edirik hüquq-mühafizə orqanlarına. Burada da yenə hadisənin başvermə səbəbləri, əsasları araşdırılır, izahat verilir, ifadə alınır və şikayət olunan tərəf çağırılır, kimliyi, keçmişi araşdırılır. Bütün hallarda hər şeydə sübut önəmlidir”.

Qarşı tərəf vəziyyətdən çıxmağa çalışır ki, “məni şərləyirlər”

İlham Məmmədov əksər hallarda dələduzluq edənlərin sonradan peşman olduqlarını vurğuladı: “Amma əgər kimsə düşünürüksə ki, bütün hallarda dəymiş ziyan zərərçəkmişə qaytarılır, bu, doğru deyil. Bir daha vurğulayıram, əgər həmin adam pulu sənəd əsasında alıbsa, zərərçəkmiş tərəfə pul geri ödənilir – ya hüquq-mühafizə orqanlarının vasitəsi ilə, ya da həmin şəxs özü gətirib könüllü ödəyir. Əks təqdirdə, zərərçəkmiş şikayətçi olsa da, sübut edə bilmədiyi üçün pul zərərçəkmişə qayıtmır. Qarşı tərəf vəziyyətdən çıxmağa çalışır ki, “məni şərləyirlər” və s. Əgər kiməsə pul verilirsə, sübut lazımdır, şahid lazımdır ki, hər şey isbat olunsun. Bəlkə, həqiqətən, kiminsə kimdənsə xoşu gəlmir və onu şərləyir? Bu da ola bilər”. Sonda hüquqşünas hər kəsə yalan vədlərdən, yalançı vəd verənlərdən uzaq olmağı, öz işini qanun çərçivəsində həll etməyi tövsiyə etdi.

Nicat İntiqam