İntihar

715

Rahim Dünyamalı Qubanın Zizik kəndində dünyaya göz açmışdı. Onu dünyaya gətirən ata, ana fikirləşməmişdilər ki, bir gün Rahim özünə qəsd edəcək. Bir ov tüfənginin soyuq lüləsindən fışqıran güllə Rahimin sinəsində qan dolu kiçik bir gölməçə yaradacaq.

Bir səhər açıldı güllə səsindən,
Neçə səhərlərin axşamı gəldi.
Bir ömrün sevinci başlı-başına
Ölümü oxşana-oxşana gəldi.

Sözünün üstünə dağıldı torpaq,
Sözünün üstünə yığıldı torpaq…

(Ramiz Qusarçaylı bu şeri R.Dünyamalının ölümündən sonra yazıb)

Kim idi Rahim? Niyə özünü öldürdü? Bu ölümə haqq qazandırmaq mümkünmü? Suallar çoxdu və indi bu suallara soyuq bir hesabdar məntiqi ilə cavab axtarmağın özü də mənasızdı.

Bu qönçə səhərə açılmadı ki,
Bu qönçə səhərə tac olmadı ki…

Ağaclar hıcqınır gülü üstündə,
Elə bil, ağlayır ölü üstündə.

Bu torpaq dərdini darayır hələ,
Düşüb üzü üstə zarıyır hələ.

Artır kədərimin qonşu atları
Artır sevincimin qoşqu atları.

Bu elə dövrdür, bu elə, atam,-
Şair olduğuna utanır adam.

(yenə Ramiz Qusarçaylı)

Rahim Dünyamalının ölümü, intiharı hər halda bu qoca dünyanın üzünə çırpılan bir silləydi. Bu sillədən sonra dünyanın bəlkə heç tükü tərpənməyəcək, mühitdə heç nə dəyişməyəcəkdi? Elə də oldu. O ölümə Rahimin sayını bilmədiyim balaları, əzizləri ağladı…
Elə də oldu.
Hər şey unuduldumu?
Yox, unudulmadı. Mən az-çox Rahimi tanıyırdım və bilirəm ki, onun ölümüylə bu dünyada heç nə dəyişilməsə də, dostlarının qəlbində bir yas məclisi qurdu. Ölənə nə var ki, yazıq qalandı- bunu çox sevdiyim bir şair deyib- Ramiz Rövşən.

Bir azca aparır hər ölən adam,
Hər qalan adamın diriliyindən.

Rahim Dünyamalı-Azərbaycan Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifi. Oçerkləri, hekayələri, povestləri, “Tərsinə addımlayan kölgələr” romanı. “Sonuncu nərə” romanı da vardı, çapını görmədi.
***
Dərdiylə oynayar uşaqlar kimi,
Sevincə kənardan baxar şairlər.
Çıxarıb köynəkdən aşıqlar kimi
Dərdi sinəsinə sıxar şairlər.
***
Bir vaxt şairlərin Vətəni birdi
İndi hər şairin öz paytaxtı var.
***
Şairin gözüylə ağlasın dünya,
Şeriylə, sözüylə ağlasın dünya.
Dünya ağlayırsa, ağlayır şair-
Şair ağlayırsa, dağılsın dünya.

(Ramiz Qusarçaylı)

Rahimin həvəskar yaradıcılıqdan professional yazıçılığa qədər bir uzun, bəlkə hər günü onun ömrünü əridən YOL keçmişdi. Ürəkdən yazmaq ehtirası, cümlələr sel kimi axıb gəlir, yığıb-yığışdıra bilmirsən… Nəşriyyatların qapısı isə boz, redaktorların gözləri soyuq, baxışları qurum bağlayıb. Redaksiyalar uzun müddət Rahim Dünyamalının-Qubadan Bakıya yol ölçən bir cavanı yaxına buraxmırdılar. Amma Rahim bütün bu maneələri öz əsəbləri, dözümü ilə sındıra, qopara bildi.
Rahim Dünyamalının qüruru acizliyindən üstün idi. Özünü sözün ağayana mənasında yazıçı hesab edirdi (buna haqqı vardı), bir həmsöhbət axtarırdı ki, onu duysun, başa düşsün, bir tənqidçi arayırdı ki, onun yazıları barədə əsl həqiqəti ona söyləsin.
Və günlərin bir günü onunla tanış olduq. Elə “Azərbaycan” jurnalından qaytarılan (üzərində işləmək lazım idi, buna razı olmayıb əlyazmasını geri almışdı) romanın kitab halında mənə təqdim etdi. O kitabda Rahimin bir kədərli şəkli vardı. Bax, Rahim mənə son görüşümüzə qədər o kədərli şəkildən baxdı…
“Yeni fikir” qəzetində (23 mart 1990) bu roman barədə bir resenziya çap etdirdik. Onu deyim ki, həmin roman mənə heç də pis təsir bağışlamamışdı. Artıq o, professional yazıçı idi. O resenziyadan belə bir cümləni xatırlayıram: “Romanı oxuduqca bir anlıq özünü Dantenin təsvir etdiyi “cəhənnəm”də hiss edirsən. Sərt lövhələr bir-birini əvəz edir, bir rayonda baş verən qanunsuzluqların, hədsiz cinayətlərin, özbaşınalıqların şahidinə çevrilirik”.
Və nə qədər qəribə səslənsə də, deyim ki, Rahimin ömrünün son illəri də belə bir cəhənnəm həyatı idi. Rayon mühiti dar, ziyalıya qiymət verən yox, maddi ehtiyac da bir yandan. Qubada bir-iki nəfər Rahimlə yaxın idi, biri də Ramiz Qusarçaylı.
Günlərin bir günü Rahim rəssam qardaşıyla bizə gəldi. O resenziyanın çapından yeddi ay keçmişdi. 1990-cı ilin sentyabrıydı və mən ikinci sinifə keçən oğluma məktəbli çantası axtarırdım. Bakıda yox idi. O gün ərk eləyib bunu Rahimdən xaiş elədim (bəlkə Qubada ola). O kədərli gözlər birdən-birə işıqlandı və mən o işıqda artıq evimizdən məktəbə yol alan oğlum Yaşarın sevincini gördüm. Bir neçə gündən sonra Rahim o çantanı gətirdi. Üstəlik də bir yeşik Quba alması. İlahi, necə saf, gözəl almalardı… Və o almaların güzgü kimi parıldayan üzündə elə bil Rahimin təmiz ürəyinin bir parçasını gördüm.
İndi daha o məktəbli çantası yoxdu, oğlum orta məktəbi də bitirdi. Amma Rahimi xatırlayır, çünki çanta və alma gətirmişdi.
İndi daha o almalar da yoxdur.
İndi daha o almaları gətirən Rahim Dünyamalı da yoxdur.
Qubada rayon icra hakimiyyəti başçısını “zinhara” gətirən, iş istəyən Rahim də yoxdur.

Gör neçə dərd diriltdin,
Bir ölümün xətrinə.
Əzrayıl da qıymazdı
Özün qıydın qətlinə.

Köksündə lalə açdı,
Təzə saxla, tər saxla,
Bura Qubadı, qardaş,
Adamlar şair yeyir
Mənə də bir yer saxla…

Bu, Ramiz Qusarçaylının şeiridi, Rahimə həsr edib.
Allah sənə rəhmət eləsin, Rahim Dünyamalı! Sənin ölümün bu dünyanın üzünə çırpılan neçənci şair silləsidi,görəsən?

Vaqif Yusifli

“Rezonans” qəzeti,1997-ci il