Vaqif Səmədoğlunun yubiley tədbiri keçirilib

418

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Şairi Vaqif Səmədoğlunun anadan olmasının 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ədəbiyyatımızın “60-cılar” nəslinə məxsus olan Vaqif Səmədoğlunun sevilən bir sənətkar olduğunu, onun şeirlərinin xalqımız tərəfindən rəğbətlə qarşılandığını bildirib.
Sonra Prezident Administrasiyasının rəhbəri Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Vaqif Səməd oğlu Vəkilovun (Vaqif Səmədoğlu) “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını diqqətə çatdırmış, dövlətimizin başçısının yubilyara təbrik məktubunu oxuyub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali mükafatı yubilyara təqdim edib.
Vaqif Səmədoğlu çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və başqaları çıxış edərək Vaqif Səmədoğlunun zəngin həyat yolundan və ədəbi fəaliyyətindən söhbət açıblar. Bildirilib ki, onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. O, “Oğuz eli” qəzetinin baş redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifələrində çalışıb, 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.
Qeyd edilib ki, yubilyarın əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
Qələm dostları Vaqif Səmədoğlunun şeirimizə yeni poetik təfəkkür gətirdiyini, onun poeziyasında Azərbaycan insanının bəşəri “yük daşıyıcısı” kimi “qlobal status” qazandığını söyləmişlər. Vurğulanmışdır ki, yubilyar “Yoldan teleqram”, “Mən burdayam, ilahi”, “Uzaq yaşıl ada” kitabları, “Bəxt üzüyü” filminə, “Yaşıl eynəkli adam” televiziya tamaşasına yazdığı ssenarilər ilə ümumxalq məhəbbəti qazanıb.