Vaqif İbrahimoğlunun yubileyi keçiriləcək

503

18 oktyar tarixində Azərbaycanın görkəmli rejissoru, YUĞ Dövlət Teatrının banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 65, onun yaratdığı YUĞ Dövlət Teatrının 25 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət YUĞ Teatrında tədir keçiriləcək. Tədbirdə Vaqif İbrahimoğlunun mətni əsasında hazırlanan “Audensiya” tamaşası nümayiş olunacaq. 1996-cı ildə Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan tamaşa bərpa olunub. Tamaşada teatrın aktyoru, Respublikanın Əməkdar artisti Fərhad İsrafilov çıxış edir.

Həmçinin tədbirdə rejissor Babək Şirinsifətin çəkdiyi “YUĞ” filmi namyiş olunacaq.

 

Vaqif İbrahimoğlu çağdaş Azərbaycan teatrının istiqamətini təyin edən rejissordur.

Vaqif İbrahimoğlu bir rejissor kimi fəaliyyətə Eksperimental Teatr Studiyasından başlayıb. Rejissor elə ilk işi olan «Əhvalat vaqe olur» tamaşası (tamaşa Sultan Məcid Qənizadənin «Xor-xor», Cəlil Məmmədquluzadənin «Yığıncaq» və Cəfər Cabbarlının «Yaylağa gedir» birpərdəli komediyalarının kompozisiyaları əsasında hazırlanmışdı) ilə seçdiyi sənət istiqamətini, yaradıcı iddialarını bəyan etdi. Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin nəzdində fəaliyyət göstərən Teatr-studiyasında quruluş verdiyi iki tamaşa – «Qədim nəslin nümayəndələri» A.P.Çexovun «Evlənmə», B.Şounun «Lord Avqust iş başında…» və L.Pirandellonun «Axmaq» bir pərdəli pyesləri əsasında) və «Məcnun» (Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasının motivləri əsasında, rus dilində) tamaşaları ilə V.İbrahimoğlu, əgər belə demək mümkündürsə, öz yaradıcılıq istiqamətinin konturlarını cızdı. Studiya bağlansa da Vaqif İbrahimoğlu və həmfikirləri burada başladıqları işi M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universiteti) nəzdində fəaliyyət göstərən Tədris Teatrında davam etdirdilər. Aktyor evinin nəzdindəki teatr-studiyanın fəaliyyəti isə teatr aləmində özünütəsdiq və teatr konsepsiyasının realizəsi prosesində tramplin rolunu oynadı. Bu prosesdə növbəti mərhələni isə Tədris Teatrının səhnəsində hazırladığı «Zəncirbənd» (Anar), «Ac həriflər» (Əbdürrəhim bəy Haqverdiyev), «Yaylağa gedir» (Cəfər Cabbarlı), «Var olsun günəş» (Kamal Aslanov), «Güneylər, quzeylər» (Rəsul Rza), «Diqqət! Başlayıram» (Rəhman Əlizadə), «Təskinlik verməyi unutmayın» (Antuan de Sent Ekzüperinin «Balaca şahzadə» əsəri əsasında), «Komsomol» (Səməd Vurğun) kimi tamaşalarla gerçəkləşdi.

1982-1989-cu illərdə V.İbrahimoğlu Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışmışdır. Rejissorun milli teatr poetikasını yaratmaq arzusu və bu yolda mətin mübarizəsi artıq fərqli konsepsiya ilə işləyən, fərqli bədii-estetik prinsiplərə söykənən yeni bir teatrın yaranmasını zərurətə çevirdi. Əslində, V.İbrahimoğlunun yaradıcılığını teatr fəaliyyətinə başladığı ilkin dövrdən etibarən məhz yuğ tipli, yuğ amallı bir teatrın yaradılmasına doğru bir yol kimi dəyərləndirmək olar. Rejissorun quruluşunda səhnə həyatı tapan, az qala, hər biri hadisəyə çevrilən bütün tamaşalar isə bu yolda atılan növbəti addım idi və nəhayət 1989-cu ildə Həsənağa Turabovun təşəbbüsü və yaxından köməkliyi nəticəsində Akademik Milli Dram Teatrının nəzdində «Yuğ» Teatr-Studiyası açıldı. 1992-ci il 18 oktyabr tarixində bu studiya dövlət statusu aldı.

«Yuğ» studiyası ilə «Yuğ» Dövlət Teatrı arasında o qədər də ciddi yaradıcı fərqlər mövcud deyil və onların fəliyyəti vahid bir prosesin mərhələləri kimi dəyərləndirilməlidir. «Yuğ»un fəaliyyətinə qısaca nəzər salarkən görürük ki, bu gün Azərbaycan teatr məkanında öz orijinal sənət yolu olan, əhatəsinə əsasən ölkənin ziyalı təbəqəsindən ibarət geniş tamaşaçı kontingenti toplaya bilən və milli teatr prosesinə fəal təsir göstərən YUĞ adlı bir teatr mövcuddur. YUĞu səciyyələndirən başlıca amil bu teatrın milli sənət düşüncəmizə, xalq oyun-tamaşa mədəniyyətindən qaynaqlanan teatr ənənələrinə müraciət etməsi və bu ənənələri dünya teatr prosesinin qabaqcıl təcrübələri ilə birləşdirə bilməsindən ibarətdir. Bu səhnədə oynanılan bütün tamaşalarda milli oyun-tamaşa mədəniyyətinin ünsürlərini sezmək mümkündür. Əslində teatrın adı da onun başlıca yaradıcılıq istiqamətlərini kodlaşdıran amil kimi çıxış edir. Bəllidir ki, yuğ türklərin ən qədim mərasimlərindəndir və bu oyun-mərasimlər «Yuğ» Teatrının tamaşalarının modeli kimi dəyərləndirilə bilər. Bu teatrın fərqli, bənzərsiz yaradıcılıq yolu olduğu heç kəs üçün sirr deyil. Bu bənzərsizliyə zəmin yaradan amillərdən biri də «Yuğ»un öz poetikası olması və fəaliyyətində bu poetikaya istinad etməsidir. «Ruhun hikmətləri» anlamına gələn «Psixosof» poetikasının adı da bu teatrın tamaşalarını və ümumilikdə bütün yaradıcılığını daha dərindən anlamaq üçün açar rolunu oynayır. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, teatr, yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir, insan ruhunun yaşamı, insanın ruhi-psixodelik halı onun sənət konsepsiyasının mərkəzində dayanır.

YUĞun repertuarında teatrın kredosuna, amalına, poetikasına mərhəmlik duyulur. Elə ilk tamaşası – Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» poeması əsasında hazırlanan «Salam» tamaşası ilə Teatr öz yaradıcılıq yolunun konturlarını cızdı. Daha sonra səhnələdiyi «Açar», «Dad», «Oğul» kimi tamaşalarla sənət axtarışlarını davam etdirdi. «Yuğ»un repertuarında yer alan tamaşalara nəzər saldıqda Teatrın klassik irsimizin nümunələrinə də («Kitabi-Dədə Qorqud» dastanı, Nizami Gəncəvi, Məhəmməd Fizuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və s.), müasir yazarların (Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı,  Firuz Mustafa, Mehman Musabəyov, Kamal Abdulla və s.) əsərlərinə də müraciət etdiyinin şahidi oluruq. Repertuarda əcnəbi müəlliflərin (Şekspir, Ekzüperi, Bekket, Höte, Çexov, Qoqol, Yamamoto və s.) əsərləri əsasında hazırlanan tamaşalar da az deyil. YUĞun tarixinə qısa ekskursdan da göründüyü kimi, teatrın repertuarı çox rəngarəndir, amma bu repertuatrda rast gəldiyimiz əsərləri birləşdirən bir amil var; onların hər biri ilahi mətləblərə, sakral, arxetipik məna qatına malikdir.

Bu gün Vaqif İbrahimoğlunun yadigarı – YUĞ Dövlət Teatrının 25 yaşı tamam olur. Artıq 3 ildir ki Vaqif İbrahimoğlu cismən aramızda yoxdur. 2011-ci ilijn 12 may tarixində ağır xəstəlikdən sonra dünyasını dəyişib. Amma yetirmələri, tələbələri və yaratdığı teatr bu gün də Vaqif İbrahimoğlunun yolunu davam etdirir.