Valideynlərin ortaq xüsusiyyətləri

0
659
Hər birimizin bir-birimizdən fərqli xüsusiyyətlərimiz var. Heç birimiz bir-birimizə bənzəmirik. Ancaq eyni şeyi valideynlər üçün demək mümkün deyil. Çünki valideyn olduqdan sonra istər-istəməz bütün valideynlər bir-birilərinə bənzəməli, başqa sözlə, ortaq xüsusiyyətlər və ya sifətlər daşımalıdırlar. Aşağıda bu xüsusiyyətlər və ya sifətlərdən bir neçəsi ilə tanış olacağıq.
Bəzi adamlarda istər yetişdikləri mühit, istərsə də aldıqları tərbiyə ilə bağlı müxtəlif mənfi xüsusiyyətlər görürük. Məsələn, əsəbilik, zorakılığa meyillilik, səbirsizlik və s. Əslində bu sifətlər təkcə valideynlər üçün yox, cəmiyyətdə yaşayan bütün fərdlər üçün qəbuledilməzdir. Ancaq bu cür sifətlərin valideynlərdə olması xüsusilə qəbuledilməzdir. Hər bir insanın, vaxtaşırı da olsa, hirslənmək və ya qəzəblənmək hüququ ola bilər. Ancaq valideynlik rolunda olanlar üçün bu “hüquqdan” danışmaq yersizdir.

“Nə edim, mən beləyəm” tipli bir münasibət də uşaq tərbiyəsinin əsas problemlərindən biridir. Ona görə də istər fiziki, istərsə də mənəvi problemlər yaşayan valideynlər, ilk növbədə, özlərini “nəzarət altında” saxlamalı, əgər saxlaya bilmirlərsə, bir mütəxəssisdən kömək almalıdırlar.

Ata-anaların daşımalı olduqları əsas xüsusiyyətlər bunlardır:

 

Səbir

Səbir, səbir, yenə də səbir… Səbirli olmaq və ya səbirsizlik daha çox uşağın hərəkətlərindən yox, valideynin psixoloji vəziyyətindən asılıdır. Başqa sözlə, bizi səbirsiz olmağa məcbur edən uşaqlarımızın hərəkətləri yox, bizim onların hərəkətlərinə psixoloji cəhətdən hazır olmamağımızdır. Məsələn, bir ata bir gün əvvəl hirslənmədiyi bir hərəkət üçün ertəsi gün hirslənirsə və ya bir ana bir gün əvvəl paltarını bulayan uşağa heç bir şey demədiyi halda, ertəsi gün deyirsə, deməli, problem uşaqda yox, bizdədir.

 

Sevgi

Bütün valideynlər uşaqlarını sevirlər, ancaq çox az valideyn bunu öz uşağına hiss etdirir. Ona görə də valideyn uşağı sevdiyini ona hiss etdirməlidir. Burada istinad edəcəyimiz əsas məsələ isə uşağın sevgi dilidir. Məsələn, sevgi dili hədiyyə olan uşağa hədiyyə almaq, sevgi dili xoş söz olan uşağa xoş sözlərlə müraciət etmək kimi… Unutmayın ki, uşaqların hissləri çox güclüdür. Ona görə də bütün “problemlərə” baxmayaraq, uşaq sevildiyini hiss edirsə, onlar üçün valideynlərini başa düşmək də asan olur.

 

Səmimiyyət

Əgər səmimiyyət göstərməli olduğumız insanın öz uşağımız olduğunu nəzərə alsaq, uşaqlarımızın səhvlərinə səmimiyyətlə yanaşmaq heç də çətin olmaz. Ona görə də uşaqlarınızla həmişə səmimi olun. Ancaq bəzən bəzi səhv hərəkətlərinə qarşı avtoritetinizi nümayiş etdirməyi və ya uşağınıza öz hərəkətlərinin cəzasını çəkməsi üçün şərait hazırlamağı da unutmayın. Ancaq bütün hallarda uşağınız sizin səmimi olduğunuzu hiss etməlidir.

 

Hörmət

Valideynlərin ən böyük səhvlərindən biri də uşaqlarının bir şəxsiyyət olduqlarını unutmalarıdır. Bəli, əziz ata-analar, unutmayın ki, sizin öz hissləriniz və düşüncələriniz olduğu kimi, uşağınızın da öz hissləri və düşüncələri var. Ona görə də özünüz üçün rəva görmədiyiniz bir şeyi uşaqlarınız üçün də rəva görməyin.

 

Təbəssüm

Bəzi valideynlər uşaqlarını ərköyünləşdirməmək üçün onlardan təbəssümlərini əsirgəyirlər. Halbuki təbəssüm  uşağı ərköyünləşdirmir, əksinə, uşaqla valideyn arasında ünsiyyəti gücləndirir. Bu isə valideynin uşağının tərbiyəsində daha çox uğur qazanmasına səbəb olur.

Bəzi valideynlər isə bunu uşaqlarının təbəssümə ehtiyacı olmadığını düşündükləri üçün etmirlər. Ona görə də daha çox uşağa qarşı neytral bir üz ifadəsinə üstünlük verirlər. Halbuki təbəssüm uşağın təkcə özünə inamının artmasına yox, gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına da müsbət təsir göstərir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here