“Valideynlər övladlarına ad qoyanda bu məqamlara xüsusi diqqət etməlidirlər”

464

Dünyaya gələn hər bir insan övladına ad qoyulur. İnsanlar bir-birini adları ilə çağırırlar, adlar yaddaşımıza həkk olur. Hər bir adın bizə bəlli və bəlli olmayan mənaları vardır. Bəs valideynlər övladlarına ad qoyarkən nəyə əməl etməlidirlər? “Yeniavaz”a açıqlama verən sosioloq Cavid İmamoğlu suala belə aydınlıq gətirdi.

Sosioloq dedi ki, əslində ad insanın şəxsiyyətinin formalaşmasına birbaşa təsir göstərir. “Hətta yeni araşdırmalar zamanı məlum olub ki, insanların adları onların peşələrinə təsir göstərə bilir. İstər karyera bacarıqlarına, istərsə də sosial həyatlarında yaxından təsir göstərə bilir. Bir sadə misal üzərindən izah edək; Denis adını daşıyan insanlar çoxdur. Və bunların əksəriyyəti dentis-diş həkimləri kimi çalışırlar. Belə maraqlı nümunələr araşdırmalar arasında çoxdur. Ad həmçinin insanın güvəninə təsir edə biləcək qədərdir. Valideynlər öz övladlarına ad qoyanda bu məqamlara xüsusi diqqət etməlidirlər. Ümümiyyətlə, elə adlar olur ki, gələcəkdə uşaqlar istər məktəb, istərsə də sonrakı mərhələlərdə ada qarşı kompleks yaşayırlar. Yəni, kimsə onların adına lağ edəndə emossiyalara qapılır, gərginlik keçirirlər. Ad insanın emossional durumunu artırmalı, gərginliyə səbəb olmamalıdır. Şəxsin ətrafında olan insanların – ailə, dostlar və hər bir insanın qarşısındakı insanın adını lağa qoyması yaxşı hal deyil. Əksinə, dəyər verməlidirlər. Bizim cəmiyyətdə belə şeylərə çox rast gəlinir ki, bir dost öz dostunun adını lağa qoysun, gərginlik yaratsın və s. Bəzən müəllim öz tələbəsinin adına lağ edir. Mən hesab edirəm ki, uşağa yaxşı, mənalı adın qoyula bilməməsi bacarıqsızlıqdır. Elə ad qoyulur ki, günümüzdə o heç bir dəyər daşımır. Məsələn, “çipsi”adı qoyurlar. Çipsi iyirmi qəpiklik bir şeydir. Xususi məna kəsb etmir ki, onu uşağa qoyasan. Adları qoyanda baxmaq lazımdır ki, bu adın kökündə hansı məna dayanır. Azərbaycanda qoyulan adlar arasında ən çox, Məhəmməd, Əli, Zeynəb, Zəhradır. Bu bizim dinimizə, milli-dəyərlərimizə bağlılığımızı göstərir. Bu adların hər birinin kökündə şəxsiyyətlər dayanır. Bu ad sahibi olan uşaqlar gələcəkdə adları haqqında düzgün informasiya alanda o şəxsiyyətlər kimi, özlərini formalaşdırmağa çalışacaqlar”.

Ruzbeh Məmməd