“Valideyn uşağının gələcəyini düşünürsə, müəllimi araşdırmalı, daha sonra övladını ona həvalə etməlidir”

699

İnsanı cəmiyyətə hazırlayan, onun mədəniyyətli, savadlı bir insan olmasına kömək edən əsas təhsil ocaqlarından biri də məktəbdir. Hər bir valideyn övladını müəyyən yaşdan sonra təhsil alması, cəmiyyətə, ətraf mühitə uygunlaşması, ən əsası da savad alması üçün məktəbə göndərir. Təhsil, xüsusilə də orta məktəb təhsili insan həyatının ən önəmli mərhələlərindən biridir. Ölkəmizdə I sinfə qəbulun vaxtı artıq açıqlanıb. Belə ki, 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu bu il də elektron sistem vasitəsi həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2016-cı il martın 1-dən sentyabrın 15-dək “www.mektebeqebul.edu.az” saytı vasitəsilə aparılacaq.
Bildirilib ki, qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin inzibati rayonlarında fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.
İndi valideynləri düşündürən bir sual var: “Görəsən, övladımı hansı müəllimin sinfinə qoyum?” Valideynlərin çoxu övladlarının gələcəyini yaxşı əllərə etibar etmək istəyirlər. Bunun üçün də bəzən valideynlər əsasən müəllimin nüfuzunu diqqətə alırlar. Bəs, görəsən, bu nə dərəcədə doğrudur? Valideynlər müəllimi necə seçməlidirlər? Bu zaman hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

“Müəllimi araşdırmalı və…”
“Müəllim məktəbin ürəyidir”,-deyən müəllim Rahib Sədullayev “Zaman-Azərbaycan”a açıqlamasında bildirdi ki, müəllim seçərkən onu yaxından tanımaq, yetirmələrinə nəzər salmaq, bir sözlə, araşdırmaq lazımdır: “Kiminsə sözünə görə seçim etmək doğru deyil. Çünki müəllim çoxdur. Ona görə ilk olaraq, onun yetirmələrindən, əsasən V, VI siniflərdən, onların müəllimlərindən soruşmaq lazımdır ki, bu uşaqların səviyyələri necədir, müəllimləri kim olub? Bu zaman yalnız onların təhsili haqda yox, təlim-tərbiyəsi, davranışları haqda da maraqlanmaq lazımdır. Ancaq bəzən elə olur ki, müəllimi seçməyə heç imkan olmur. Müəllimlər növbələşir ki, bu il mən uşaqlarımı V sinfə buraxıram, ona görə qəbul da mənim olmalıdır. Belə olduqda müəllimin necə olduğunu araşdırmaqda nə məna var? Bu zaman valideynlər məcbur olurlar ki, başqa məktəbə üz tutsunlar. Valideyn uşağının gələcəyini düşünürsə, müəllimləri araşdırmalı, daha sonra uşağı ona həvalə etməlidir. Əgər məktəb direktoru obyektivdirsə, ondan soruşa bilər, təlim işləri üzrə müavindən də məlumat almaq olar. Ümumiyyətlə, uşağı məktəbə qoymaq çətin məsələdir. Bu vəziyyət kənd məktəblərində daha pisdir. Müəllim az olduğu üçün seçim etmək mümkün deyil. Müəllim pis məktəbdə də olsa yaxşı şagird yetişdirə bilər. Müəllimdə əsas olan bir digər amil təcrübədir. Təcrübə dedikdə, 70, 80 yaşlı müəllimi yox, 5, 10 il təcrübəsi olan, yeni metodlarla işləyən müəllimi nəzərdə tuturam. Bəzən məktəblərdə populyarlıq qazanmış müəllimlər olur. Onları da araşdırmaq lazımdır. Çünki bəzən saxta təəssüratlar yarana bilir. Elə uşaqlar var ki, təhsili ilə evdə valideynləri məşğul olur, uşaq yaxşı yetişir. Ancaq deyirlər ki, onu müəllim hazırlayıb və s. Şagirdin bütün uğurlarını müəllimin üzərinə qoymaq düzgün deyil. Onda valideynlərin də böyük əməyi var. Saxta təəssüratlar dedikdə, belə şeyləri nəzərdə tuturam”.

“Valideyn müəllimin yaradıcılıq
qabiliyyətinə, dərsə olan münasibətinə, məsuliyyətinə diqqət yetirməlidir”
Azərbaycan Pedaqoji Universitetinin (ADPU) professoru Füzuli Əsgərli mövzu ilə bağlı qəzetimizə verdiyi müsahibədə dedi: “Mən həmişə tələbələrimə də deyirəm ki, ibtidai sinif müəllimi öz ixtisasını yaxşı bilməlidir. Bu müəllimlər Azərbaycan dili, riyaziyyatla yanaşı, uşaqların yaş psixologiyasına da bələd olmalıdırlar. Onlarla necə davranmalı, necə yanaşmalı, biliyi necə tədris etməli və s. bütün bunların hamısı müəllim üçün əsas xüsusiyyətlərdir. Valideyn də müəllim seçərkən bilməlidir ki, övladına dərs deyəcək müəllimin savadı necədir, onun uşaqlara yanaşma tərzi necədir. Bildiyimiz kimi, hər bir sinifdə iki cins var: oğlan və qız. Müəllim hər bir fərdə necə yanaşmalı olduğunu bilməlidir. Bütün bunları bilmək üçün valideyn sorğu aparmalı, araşdırmalı, direktorla əlaqə yaratmalıdır. Valideyn müəllimin yaradıcılıq qabiliyyətinə, dərsə olan münasibətinə, məsuliyyətinə diqqət yetirməlidir. Bunların hamısı önəmlidir. Bundan başqa, müəllim özü uşağa nümunə olmalıdır. Uşağı tərbiyə edərkən onun üzərinə qışqırmaq, ağır söz demək, vurmaq olmaz. Biz bu gün ibtidai sinif müəllimlərini dövlət standartlarına uyğun hazırlamalıyıq. Yəni dövlət nəyi tələb edirsə, şəxsiyyət formalaşdırmaq, uşaqlara bilik vermək, bütün bunlar hamısı dövlət səviyyəsində həll olunmalıdır. Belə olarsa, bizim heç bir problemimiz olmayacaq. Uşaqlar da yaxşı təhsil alacaq, müəllim də öz funksiyasını lazımınca yerinə yetirəcək”.

“Valideynin müəllim
seçmək imkanı yoxdur”
Təhsil üzrə ekspert Nazim Əkbərov isə hesab edir ki, valideynin müəllim seçmək imkanı yoxdur: “Mən təəssüf edirəm ki, bizim cəmiyyətimiz elə bir hala gəlib ki, rüşvətdən qorxaraq elektron şəklində orta məktəblərə uşaq paylayırıq. Elektron variant bir növ lotereya kimidir. Torbadan nə çıxacağı bəlli deyi. Buna görə də valideynin müəllim seçmək imkanı artıq yoxdur. Bu sistem yaxşı müəllimləri olan məktəblər üçün uğurlu hesab edilə bilər. Çünki bu zaman valideyn üçün fərqi yoxdur, övladı hansı müəllimə düşüb. Hamısı yaxşı olduğu üçün narahatçılıq keçirmir. Ancaq vay o gündən ki, uşaq yaxşı müəllimlərin olmadığı məktəbə düşsun. İndi müəllimlərin çoxu uşaqların üzərindən pul qazanmağa çalışır. Uşağı məktəbə apardıqdan bir müddət sonra deyirlər ki, uşaq zəifdi, dərslərindən geri qalır, gətir mən hazırlaşdırım. Bu da bir ayrı dərddir. Tanıdığımız müəllimlərə həvalə edəcəyik uşaqlarımızı, onda tanımadıqlarımız qalacaq şagirdsiz. Görəsən, bizim tanıdığımız müəllim tanınmağa layiqdirmi və ya əksinə? Buna görə insan bilmir ki, doğru seçim nədir. “Təhsil haqqında” qanunda da qeyd edildiyi kimi, valideyn müəllim, məktəb seçməkdə sərbəstdir. Bu fikir də tam doğru deyil. Valideyn müəllimi rayonlarda, kəndlərdə seçə bilər. Çünki balaca yerdir, hamı bir-birini tanıyır. Hansı müəllim yaxşıdır, hansı pisdir bilir. Böyük şəhərlərdə bu seçimi etmək olduqca çətindir”.

“İndi bizim peşəsinə aşiq, məcnun kimi dəli müəllimlərə ehtiyacımız var”
N. Əkbərov əlavə etdi ki, savaddan başqa, müəllimdə bir çox xüsusiyyətlər də olmalıdır: “Bunlardan ən önəmlisi isə müəllimin işinə olan sevgisidir. Uşaqları sevməyən insan onlara heç nə öyrədə bilməz. Müəllimlərin çoxu dolanmaq məqsədilə işləyir. Müəllim işləyən insan pul haqqında fikirləşməməlidir. Müəllim odur ki, zəif oxuyan şagirdini fərdi şəkildə pulsuz olaraq hazırlaşdırsın, onu həvəsləndirmək üçün gecə-gündüz fikirləşsin, gecələr gözünə yuxu getməsin. İndi bizim peşəsinə aşiq, Məcnun kimi dəli müəllimlərə ehtiyacımız var. Gərək müəllimin sevgisi məktəb olsun, şagird olsun”.

 

Nərmin Haqverdiyeva