“Valideyn övladına hər şeyin daha yaxşı olacağına dair inam verməlidir”

553

Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov təhsil ocağının tələbələrinin suallarını cavablandırıb.

– Təhsildə müvəffəqiyyət əldə etmək üçün, qarşıya qoyulan hədəfə çatmaq üçün maddi imkan, rifah səviyyəsi nə dərəcədə rol oynayır?

– Son illər ölkəmizdə uşaqların təhsilə maraqları, meyilləri daha da artmaqdadır. İstər zəngin, istər kasıb ailədən olsun, hər kəs ali təhsil almağa cəhd göstərir. Bu işdə 10 il müşahidəm, təcrübəm var. Qafqaz Universiteti özəl universitet olduğuna görə, xüsusilə, maddi imkanı, rifah səviyyəsi yüksək olan valideynlər övladlarının burada təhsil almasına üstünlük verirlər. Həm zəngin, həm maddi imkanları zəif olan valideynlər övladlarının yaxşı təhsil almasına çalışırlar. Zəngin ailədən gələn uşaqlar təhsil prosesi zamanı dərs və texniki vəsaitləri əldə etməkdə heç bir çətinlik yaşamırlar. Maddi bazası zəif olan ailələrdən gələn uşaqlar isə bu məsələdə bir az sıxıntı çəkirlər. Bu səbəbdən onların bir çoxları yol və öz kiçik xərclərini qarşılamaq üçün dərsdən sonra müxtəlif işlərdə işləyirlər.

Bir az valideynlərin, bir az qohumların, bir az da işləyib yığdıqları müəyyən vəsaitin hesabına kompyuter kimi ehtiyaclarını qarşılamağa çalışırlar. Bəzən də müxtəlif müsabiqələrdə iştirak edirlər. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq kimi bir çox mənəvi dəyərlərə sahibdir. Bu dəyərlər tələbələr arasında da özünü göstərir. Tələbələr öz aralarında sahib olduqları texniki və dərs vəsaitlərini bir-biriləri ilə paylaşırlar. Əlbəttə, bu hər yerdə olmaya da bilər.

Maddi imkanı aşağı olan uşaqlar yay tətilində istirahət mərkəzlərinə gedə bilmir, daha çox müvəqqəti işlərdə çalışırlar. Əslində bu, onların qarşılarına qoyduqları hədəfdə irəliləmələrinə kömək edir.

Demək olmaz ki, zəngin ailədən gələn uşaqlar heç bir iş görmədən əl-qollarını bağlayıb otururlar. Onların da dünyanın ən mötəbər universitetlərində təhsil almaq kimi hədəfləri olur. Yeri gəlmişkən, artıq sözügedən ali təhsil ocaqlarında maddi imkanı zəif olan tələbələrin də təhsil almaq imkanı var. Son bir neçə ildir ki, xaricdə bakalavr, magistr təhsili almaq istəyən tələbələr üçün dövlət tərəfindən xüsusi proqramlar həyata keçirilir. Bu proqramlardan istifadə edənlərin əksəriyyəti də elə maddi imkanları zəif olan tələbələrdi.

– Maddi vəziyyətin aşağı olması, yoxsulluq uşağın oxudulmamasına bəhanə sayıla bilər?

– Ailə maddi çətinliklərlə üzləşsə belə bu, övladının təhsil almasına, onun qarşısına qoyduğu hədəflərə doğru irəliləməsinə mane olmamalıdır. Əlbəttə, maddi sıxıntı istər-istəməz uşağa təsir edir, amma valideyn övladına daim stimul, hər şeyin irəlidə daha yaxşı olacağına dair inam verməlidir. Elə kasıb ailələrdən çıxan uşaqlar var ki, hazırda nazirdir, deputatdır, şairdir. Onları danışdıranda deyirlər ki, “o vaxt şərait yox idi, ailəmiz bizə stimul verdi, təkan verdi, bizə həyata atılmağa inam, motivasiya verdi”. Adam var ki, deputatdır, amma elə şeylərdən danışır ki; deyir jımıx yeyərək böyümüşük. Bəzən biz pessimizmə, bədbinliyə qapılırıq. Aydındır ki, yoxsulluq adamı irəliyə apara bilməz. Belə ailələrin bütün üzvlərinin hamısı təhsil ala bilməz, amma onlardan bir neçəsi bu vəziyyətdən çıxa bilər. Bir türkiyəli tələbə vardı. Ondan ailəsi barədə soruşdum cavabı belə oldu: “Mənim atam məni bura göndərəndə dedi ki, get özünü xilas elə, get oxu adam ol. Biz bir kənddə yaşayırıq, maddi vəziyyətimiz də çox pisdir. Xeyirxah insanların köməyi ilə gəlmişəm, oxuyuram. Özümü xilas etməliyəm, oxumalıyam”. Baxırsan ki, bir məqsədi, hədəfi var. “Biz kasıbıq, heç zaman yaxşı yaşaya bilmərik”, – deyib təslim olmaq doğru deyil. Bir çox halda insanlar özlərini, ailələrini digərləri ilə müqayisə edirlər. Məsələn, “Onun hər şeyi var, bizim heç nəyimiz yoxdur” deyənlər olur. Hər kəsin öz qədəri var. İndi mən durum deyim ki, maşınım yoxdu, mən kasıbam?! Bu dəqiqə dünyanın bir çox yerlərində, Türkiyədə, Avropada insanlar kirayə evlərdə yaşayırlar. İndi onlar deməlidirlər ki, “mən yoxsulam”? İnsanların özlərini başqaları ilə müqayisə etmələri doğru deyil. Əgər bu fikirləri beynindən silə bilirsənsə, bu fikirlərə “stop” deyə bilirsənsə, buyur gəl, çalış özünü göstər. O vaxt mən iş üçün liseyə müraciət edəndə mənə dedilər ki, “Hüseyn müəllim, səni işə götürmək üçün gərək sənin bir qabiliyyətini görək”. Qaldım sıxıla-sıxıla. 91-ci ildən danışıram. Dedilər ki, bir kitab yaz, ortaya bir şey çıxar. Bu söz məni tutdu, çalışdım, vuruşdum bir kitab yazdım. Ondan sonra dedilər ki, bax indi səni işə götürə bilərik. Həqiqəti deyirəm, bu belə olmuşdu. İnsan qorxmamalıdır. Tüfeylilik, tənbəllik, ətalət, mənəvi boşluq hər zaman insanın irəli getməsini dayandıracaq.

– Dediniz ki, Qafqaz Universitetində zəngin ailədən gələn xeyli sayda tələbə var. Tələbələr arasında onların maddi imkanlarına görə seçilməyə çalışanlar varmı? Universitet tələbələr arasında bu tip təbəqələşmənin yaranmaması üçün hansı işləri görür?

– Qafqaz Universitetində tələbələrin bir yerdə iştirak etdikləri sosial fəaliyyət var. Bu sosial fəaliyyətlər tələbəyə qol-qanad verir, onların dünyagörüşünə, özünü dərk etməsinə, məsələyə adekvat yanaşmasına təsir göstərir. Burada zəngin ailədən də, kasıb ailədən də gələnlər var. Adam var deyir “mənim atam nazirdi, kasıbı mənim yanımda otuzdurma” və yaxud “mən niyə arxada oturmalıyam, kasıb aldığı şeyi ala bilmərəm, mənə bahalısını ver” və s. Bizim təhsil ocağında hələ bu şəkildə bizə müraciət, şikayət edən görməmişəm. Bu bir az da insanın hissi, duyğusu və həyata baxışlarından, ailədə aldığı tərbiyədən irəli gəlir. Şükürlər olsun ki, burada belə bir şey görməmişəm. Bizdə uşaqlarla bərabər tədbirlər keçirən “Zeynalabdin Tağıyev” kimi klublar var. İstər kasıb olsun istər zəngin olsun hər kəs oraya bacara biləcəyi qədər kömək etməyə çalışır. Bu onların insani keyfiyyətlərinin inkişafına təkan verir. Zəngin ailənin uşağı da görür ki, onun verdiyi 1 manat gedir bir kasıb ailəyə, bu elə artıq bərabərliyi göstərir. Mənəvi tarazlıq olmasa idi, uşaqlar özlərini burada çox tərbiyəsiz göstərərdilər. Ola bilər kimsə universitetə bahalı bir maşınla gəlir, lakin görürsən ki, gedərkən tələbə yoldaşlarını da aparır, köməklik edir.

Burada hər bir sinfin öz danışmanı var. O danışmanın vəzifəsi tələbələrlə maariflənmə işi aparmaq, onlarla maraqlanmaq, onların problemlərini dinləmək, onlara köməklik etməkdir. Tədbirlərin keçirilməsi, sosial fəaliyyətlər, bütün bunlar sistem şəklində universitetin fəaliyyətinin nəticəsidir.

– Bir psixoloq kimi tələbələr sizə ən çox problemlərlə bağlı müraciət edirlər?

– Uşaqlar, adətən, özəl həyatları, ailəsi, sevdiyi insanla və ən çox da dərsləri ilə bağlı müraciət edirlər. Məsələn, “oxuya bilmirəm”, “əvvəlki kimi deyiləm”, “qarşıma hədəf kimi nəyi, necə qoyum”, “hansı şirkətdə işləsəm yaxşı olar” kimi suallarla gəlirlər. İxtisasla bağlı nümunələr daha çoxdu. Məsələn, ailə istəyir övladları birinci qrupa daxil olsun, uşaq isə başqa qrupu istəyir. 690 bal toplayan bir tələbə var idi. O, 1-ci qrupu istəmirdi, ümumiyyətlə, 1-ci qrupdan qaçırdı. O uşaq 5 il bizim universitetdə oxudu, amma heç də məmnun deyildi. Sonda mənə dedi ki, “müəllim, mən qərara gəlmişəm təhsilimi Türkiyədə davam etdirim, magistr, həm də aktyor olmaq istəyirəm”. Çox təəccübləndim. İstedadlı uşaq idi. Əlbəttə, valideynin övladı üzərində haqqı var, amma ixtisas seçimi haqqı tələbəyə verilir.

Qeyd etmək lazımdır ki, ixtisas seçimi ilə bağlı valideynlər və müəllimlər şagirdləri maarifləndirməlidirlər. Hamı müəllim yanına gedir, amma sonda görürsən ki, ixtisas seçimini düzgün etməyib.

Ümumiyyətlə, universitetimizdə bu istiqamətdə uşaqlara müəyyən təlimlər, treninqlər verirlər. Fərd özünü necə kəşf edib, necə görür və görmək istəyir? Bu gün bu məsələlər çox vacibdir. Lakin bunu bir istiqamətə yönəltmək lazımdır. Mənə elə gəlir ki, bunun şəxsiyyətin formalaşmasında ciddi rolu var.