Valideynə yaxşılıq Allah əmridir

588
Rəbbimiz yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara “Uf!” belə demə, üstlərinə qışqırıb, acı söz söyləmə. Onlarla xoş danış! (əl-İsra surəsi – 23)
Ayədən göründüyü kimi, uca Rəbbimiz bizə yalnız Ona qulluq etməyi, Ona şərik qoşmamağı və ata-anamıza yaxşılıq etməyimizi əmr edir. Yəni Allah-Təala insanlıq borcu olaraq bizə öncə Ona bəndəlik etməyi, sonra da ata-ananın haqqını yerinə yetirməyi buyurur, valideynlərə itaət və qulluq göstərməyi əmr edir. Valideynə hörmət və ehtiram başqa bir ayədə də belə ifadə olunmaqdadır: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik” (Loğman surəsi – 14).

Valideynə göstərilən diqqət, hörmət və sevgi İslamdan başqa heç bir dində, heç bir düşüncə sistemində bu qədər ön plana çəkilməyib, parlaq boyalarla öz əksini tapmayıb.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) şəfqət timsalı analarımızdan bəhs edərkən, “onun ayağına sarıl, cənnət oradadır” – buyurmuş, ata haqqında isə “bir övlad atasının kölə olduğunu görsə, onu satın alıb, köləlikdən azad etsə belə, yenə onun haqqını tam olaraq ödəyə bilməz” – söyləmişdir.

İsra surəsinin 23-cü ayəsində Allah-Təala bizə həm Özü, həm də valideynlərimiz qarşısında vəzifələrimizdən bəhs edəndən sonra ata-anamız haqqında necə dua etməyi də öyrədir: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” (İsra surəsi – 24)

Əgər valideyn kafir olsa belə, övlad ona münasibətdə kobudluq, haqsızlıq edə bilməz. Valideyn haqqından üstün olan haqq Allahın və onun Peyğəmbərinin haqqıdır. Yəni valideyn sizin imanınıza toxunmadıqca, dini həyatınıza müdaxilə etmədikcə ona itaət etmək bizə Allahın əmridir.