“Vahid imtahanın keçirilməsi praktikası dünyada çox yayılıb”

488

Bu ildən etibarən ali məktəblərə qəbulla bağlı qaydaların liberallaşması nəzərdə tutulur. Belə ki, Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisasları üzrə qəbul zamanı vahid imtahan tətbiq olunacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 25 noyabr 2014-cü il tarixində keçirdiyi mətbuat konfransında məlumat verib.

Əvvəlcə, onu qeyd edək ki, M. Abbaszadənin sözügedən açıqlaması cəmiyyət tərəfindən, xüsusilə də təhsil ekspertləri tərəfindən müsbət qarşılandı. Çünki mövcud qaydalara görə, Azərbaycanda ali təhsil almaq istəyən şagirdlər orta məktəbi bitirdikdən sonra ard-arda böyük əhəmiyyət kəsb edən iki imtahan verməlidirlər: buraxılış və universitetlərə qəbul imtahanları. Ekspertlərin fikirlərinə görə, bu, abituriyentlərin psixologiyasına, əhvali-ruhiyyəsinə çox pis təsir edir. Ona görə də vahid imtahanın keçirilməsi həm gənclərin sağlamlığı üçün, həm də təhsil sistemimiz üçün faydalıdır.

Mövzumuzla bağlı suallarımızı cavablandıran pedaqoq, professor Əjdər Ağayev bildirdi ki, imtahan maneə deməkdir: “Maneələrin çoxalması isə abituriyentlərin əhvali-ruhiyyəsinə mənfi təsir edir. Universitetlərə qəbulun buraxılış imtahanları əsasında aparılması birinci növbədə şagirdlərin psixologiyasını rahatlaşdıracaq, onların əhvali-ruhiyyəsini yaxşılaşdıracaq. Dolayısilə bu qərar insanların sağlamlığına da müsbət təsir edəcək”. Ali məktəblərə qəbul imtahanları ilə buraxılış imtahanlarının birləşdirilməsi təklifini verənlərdən biri olduğuna diqqət çəkən müsahibimiz bildirdi ki, vahid imtahan keçirilməsi qərarının verilməsində əsas məqsəd şagirdləri psixoloji narahatçılıqdan xilas etməkdir. Çünki insanın psixoloji vəziyyətinin, əhvali-ruhiyyəsinin yerində olması hər işdə həlledici amildir. Ə. Ağayevin sözlərinə görə, buraxılış imtahanı şagirdlərin 11 illik tədris müddətində qazandığı biliyi qiymətləndirməyə imkan verir. Buna görə də abituriyentlərin yenidən imtahana cəlb edilməsi düzgün deyil: “Vahid imtahanın keçirilməsi praktikası dünyada çox yayılıb və özünü doğruldub. Biz də bütün sahələrdə, o cümlədən də təhsildə xaricdə tətbiq olunun mütərəqqi praktikanı öyrənib, istifadə etməliyik”. Ali məktəblərə qəbulun vahid imtahan əsasında aparılmasını təqdir edən Ə. Ağayev həmin nəticələrə əsasən, universitetlərə qəbulun aparılmasında şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğuladı: “Bu prosesin həyata keçirilməsi zamanı şəffaflığın, dürüstlüyün təmin olunması və qanunun aliliyi gözlənilməlidir. O vaxt universitetə qəbulda test üsuluna keçməkdə də əsas məqsəd ali məktəblərə tələbə qəbulunda şəffaflığın təmin edilməsi olub”.

 

“Abituriyentlərin müxtəlif

olimpiadalardakı göstəriciləri

nəzərə alınmalıdır”

Ali məktəblərə qəbulun təkcə buraxılış imtahanları əsasında aparılmasının da doğru olmadığını vurğulayan müsahibimiz bildirdi ki, imtahandan keçən şagirdlərin universitetlərə qəbul mexanizmi hazırlanmalıdır: “Ali məktəblərə qəbul edilən abituriyentlərin imtahan qiymətləri ilə yanaşı, məktəb illərindəki təlim keyfiyyəti, müxtəlif fənn olimpiadaları, idman yarışlarındakı göstəricilər də nəzərə alınmalıdır. Məktəbdə hər şagird üçün xüsusi sənəd hazırlanmalıdır. Həmin sənəddə şagirdin 11 il ərzində təlim keyfiyyətləri, nailiyyətləri və s. dolğun əks olunmalıdır. Sözügedən sənəd də buraxılış imtahanının nəticələri ilə yanaşı, ali məktəbə təqdim olunmalıdır. Bu, universitetlərə daha obyektiv qiymətləndirmə aparılmasına imkan verər”.

 

“Vahid imtahan məktəbin cəmiyyətdə imicinin yüksəlməsinə səbəb olacaq”

Ə. Ağayev onu da əlavə etdi ki, ali məktəblərə qəbulda abituriyentlərin 11 illik tədris müddətindəki göstəriciləri və fəaliyyətləri nəzərə alınarsa, şagirdlərin və valideynlərin məktəbə, müəllimlərə münasibəti də müsbət mənada xeyli dəyişəcək. Cəmiyyətdə məktəbin, müəllimin imici yüksələcək. Cəmiyyətimizdə hələ də şəxsi tanışlıqların, təmənnaçılığın rol oynadığına təəssüflənən Ə. Ağayev bütün hallarda universitetlərə qəbulun vahid imtahan əsasında aparılmasının faydalı olacağına ümid etdiyini dilə gətirdi: “Bu prosesin özündə bir təbiilik var. Cəmiyyət inkişaf etdikcə narahatçılıq doğuran bir çox məsələlər aradan qalxacaqdır”.

 

“Universitetlər abituriyent seçimində iştirak etməlidirlər”

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə isə bildirdi ki, vahid imtahan təcrübəsi, dünyanın bir çox ölkələrində tətbiq olunur və özünü doğruldub: “Vahid imtahan əsasında ali məktəblərə tələbə qəbulundan söhbət gedirsə, burada məsuliyyət paylaşdırılmalıdır. Belə ki, universitetlər də bu imtahanlarda aktiv şəkildə iştirak etməlidirlər. Bizlər daha çox uşaqların qəbul imtahanlarında  topladıqları bala baxırıq. Bunun özünün də bilik göstəricisi olması ilə razıyam. Amma test şagirdin məktəb proqramını hansı səviyyədə mənimsədiyini öyrənməyə imkan vermir. Şagirdin universitetlərə qəbul imtahanında  topladığı bal daha çox onun testlərə hansı səviyyədə hazırlaşdığının göstəricisidir. Halbuki dünyada başqa bir ölçü mexanizmindən istifadə olunur ki, bu, orta təhsilin keyfiyyətini müəyyən etməyə imkan verir”. Azərbaycanda az balla universitetə qəbul olan və 4 illik ali təhsil müddətində özünü kifayət qədər yaxşı doğruldan tələbələrin olduğunu söyləyən E. Kazımzadə fikrini belə davam etdirdi: “Ölkəmizdə fəaliyyət göstərən elə universitetlər vardır ki, təhsil haqları çox olduğu üçün yüksək bal toplayanlar həmin ali təhsil ocağını seçmirlər. Nəticədə də belə universitetlərdə oxuyanların böyük əksəriyyəti valideynlərinin maddi vəziyyəti normal olan və az bal toplayan abituriyentlərdir. Belə universitet nümayəndələri ilə söhbət edərkən onlar mənə bildirirlər ki, tələbələri təlim-tədris zamanı elə göstəricilər əldə edirlər ki, artıq onların qəbul ballarının heç bir əhəmiyyəti qalmır. Həmin tələbələr daha çox sərbəst, öyrənməyə maraqlı və s. olurlar. Bu isə o deməkdir ki, universitetlər abituriyent seçimində iştirak etməlidir, məsuliyyət paylaşdırılmalıdır. Universitetə tələbə götürüldükdə eyni zamanda onun öyrənməyə maraqlı olması, ictimai fəallığı və s. kimi məsələlər nəzərə alınmalıdır. Bunu ancaq məktəb təsdiqləyə bilər, universitet də izləyib qəbul edə bilər”.

 

“İmtahan stresdir. Stresi qısa müddət ərzində niyə iki dəfə artırırıq?”

Müsahibimizin sözlərinə görə, vahid buraxılış imtahanlarının nəticələri və şagirdlərin 11 illik fəaliyyətləri nəzərə alınaraq universitetə qəbulun aparılmasının təhsilin keyfiyyətinə müsbət təsiri olmalıdır. Çünki bunların bir-biriləri ilə əlaqəsi var və mütləq nəzərə alınmalıdır. Təhsilin keyfiyyətinin təkcə fənlərin tədrisi ilə bağlı olmadığını dilə gətirən E. Kazımzadə əlavə etdi ki, insani keyfiyyətlərin aşılanması önəmlidir: “Biz bilirik ki, imtahan stresdir. Onda sual olunur ki, niyə bu stresi qısa müddət ərzində iki dəfə artırırıq. Məhz bu səbəbdən də dünyada imtahanlara münasibət artıq dəyişməkdədir. Belə ki, şagirdlərin, ya tələbələrin stresini azaltmaq məqsədilə dünyada artıq yeni metoddan istifadə olunmağa başlanılıb. Belə ki, şagirdlərin 11 ildə nə öyrəndiklərini yekun imtahanla bir saat ərzində müəyyən etmək əvəzinə, onların bilikləri dərs prosesində, qısa zaman kəsiklərində yoxlanılır. Daha sonra da onların cəminə baxıb, yekun nəticə çıxarılır”. Bizdə isə balans tam şəkildə pozulub deyən müsahibimiz fikirlərini belə izah etdi: “Misal üçün, şagirdlər 5, 6, 7, 8-ci siniflərdə tarix kitabının üzünü heç açmırlar. 9-cu sinifdə oxuyarkən qərar verir ki, 3-cü qrupa hazırlaşsın. Və başlayır təzədən 5-ci sinifdən başlayaraq, tarix fənnini öyrənməyə. Elə kasıb ailələr var ki, uşaqlarını imtahana 6 ay qalmış repetitor yanına göndərir və deyir ki, “canı çıxsın” öyrənsin. Bu bilirsiz nə qədər stresdir? Bununla da şagirdin sağlam öyrənmə motivasiyasına böyük bir zərbə vurulur. Ona görə də yaxşı olardı ki, ali məktəblərə qəbul zamanı şagirdlərin 11 illik qiymətləri, onun xarakteristikası nəzərə alınsın”. Vahid imtahanın keçirilməsinin tərəfdarı olduğunu deyən E. Kazımzadə bunun bir “amma”sının da olduğunu qeyd etdi: “Vahid imtahanın necə təşkil olunmasından çox şey asılıdır”.

 

“TQDK-nın təcrübəsi bütün korrupsiya hallarının qarşısını almağa imkan verir”

Müsahibimiz vahid imtahana keçidlə bağlı öz tövsiyələrini də dilə gətirdi: “İlk növbədə ,müəyyən olunmalıdır ki, vahid imtahandan gözləntilər nələrdir? Bu imtahanlar nəyi ölçüb, kimi seçir? Bir də o müəyyən edilməlidir ki, hansı sahələr bizdə ümumi paket kimi qəbul olunmalıdır. Yəni şagirdlər universitet, ixtisas seçimindən asılı olmayaraq bu nəticəni əldə etməlidirlər. İkincisi isə, universitetlər ixtisaslara uyğun olaraq abituriyentlərin hansı göstəriciləri ilə maraqlanır və izləyir. Hesab edirik ki, universitetlər ixtisasla bağlı daha çox abituriyentin potensialını dəyərləndirməlidir”. Müsahibimizin  sözlərinə görə, kurikulum yeni imtahan siyasətinə yaxşı imkanlar yaradır. E. Kazımzadə onu da əlavə etdi ki, vahid imtahanların keçirilməsi şagirdlərin, valideynlərin məktəbə münasibətini xeyli yaxşılaşdıra bilər.

Vahid buraxılış imtahanları keçiriləcəyi təqdirdə, korrupsiya hallarından narahat olmağa dəyməz deyən müsahibimiz fikirlərini belə əsaslandırdı: “TQDK antikorrupsiya mexanizmlərinin formalaşdırılması, icrası baxımından kifayət qədər təcrübəsi olan və artıq Azərbaycanın modelinə çevrilən bir qurumdur. Onun təcrübəsi imkan verir ki, ehtimal olunan bütün korrupsiya hallarının qarşısı alınsın”.

 

“Texnikumlara qəbul üçün şagirdlərə geniş imkanlar verilməlidir”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı Orta Məktəbin direktoru Yuliya Kərimova isə fikirlərini belə dilə gətirdi: “Uşaqları ard-arda iki mühüm imtahandan keçirmək onun psixologiyasına ziyan vurur. Buna görə də bizim örnək götürdüyümüz bir çox ölkələrdə abituriyentlərin biliyini dəyərləndirmək üçün vahid imtahandan istifadə olunur. Bu baxımdan hesab edirəm ki, bizdə də vahid imtahanın keçirilməsi faydalı olardı”. Y. Kərimovanın sözlərinə görə, vahid imtahan əsasında texnikumlara qəbul üçün şagirdlərə geniş imkanlar verilməlidir: “Texnikumlar ali təhsil istiqamətində atılmış ilk addımdır. Burada özünü doğruldan və ali təhsil almaq istəyən hər bir kəs texnikum təhsilini başa vurduqdan sonra sənədlərini universitetlərə verə bilərlər. Mən hesab edirəm ki,  vahid imtahan ali məktəblərə qəbul üçün yetərli deyil. Bununla yanaşı, universitet orada təhsil almaq istəyən şagirdlərlə maraqlanmalı, onun motivasiyasi, qabiliyyəti və xarakteristikası haqqında məktəbdən ətraflı məlumat almalıdır. Beləliklə də, abituriyentin orta balı- həm buraxılış imtahanlarının nəticəsi, həm də məktəb illərindəki ümumi göstərici nəzərə alınaraq ali məktəbə qəbul aparıla bilər. Bu, beynəlxalq təcrübədə özünü doğrultmuş metoddur”.

 

Elvin Əliyev