Vahid Əhmədov: “Bir icra başçısı gedir, yeni gələn onun tikdiyini sökür”

508

Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov hər ay rayondakı ofisində qəbul keçirir. Sonuncu qəbulunda həm qəbula gələnlərlə, həm də millət vəkilinin özü ilə söhbətləşdik.

Millət vəkilinə vətəndaşların çətinlikləri, onların həlli yolları, devalvasiyadan sonra yaranan problemlər və onların həlli yolları üçün görülə biləcək işlər, aparıla biləcək islahatlar, Milli Məclisin İqtisadi-siyasət və sənaye, sahibkarlıq komitəsi olaraq, verilən təkliflər haqqında suallarımızı ünvanladıq.

– Vahid müəllim, Qubada bilindiyi kimi, hər ay qəbul keçirib, vətəndaşlarla görüşürsünüz. İstər son görüşlər olsun, istərsə də daha əvvəlki görüşləriniz olsun, ümumilikdə, müraciətlər nə ilə bağlıdır?

– Müraciətlərin motivi problemlərlə bağlıdır. Problemlər də ki çoxdur. Ötən ay (dekabrda) 106 nəfər, indi də 86 nəfər qəbulda oldu. Əsasən ev-mənzil, bələdiyyə və İcra Hakimiyyəti ilə bağlı şikayətlərdir. Şikayətçilər orada qəbula yazıla bilmirlər, müraciətlərinə baxılmır. Devalvasiyadan sonra yaranan süni qiymət artımı ilə bağlı da müraciətlər çoxdur. İş yerlərindəki ixtisarlar və işə bərpa, sosial vəziyyətlə əlaqəli müraciətlər, bank (istehlak) kreditlərinin ödənilə bilməməsi ilə bağlı problemlər müraciətlər sırasındadır.

“İnsanların bu vəziyyətini başa düşürəm”

– Bəs bu problemlərin həlli ilə bağlı təklifləriniz necədir?

– Elə məsələlər var ki, yerində həll edirik. Müraciətlərə görə istər yerli, istərsə də mərkəzi rəhbər orqanlarla müəyyən əlaqələr quraraq onların həlli üçün çalışırıq. Elə məsələlər var ki, məsələn, dollarla bağlı kreditlərin ödənişi – qeyd edirik, nəzarətə götürürük. Ümumi vəziyyəti ifadə edərək bu şikayətləri aidiyyəti orqanlara göndəririk. Yaranmış vəziyyətlə əlaqədar müəyyən məsələləri insanlara izah edirəm, həlli yolu ilə bağlı çıxış yolu göstərərək, proqnozlarımı verirəm.

– Bir neçə gün əvvəl Qubada sakinlərin narazılığı oldu. Buna münasibətiniz?

– Narazılıq deyəndə, bu hadisə Avtovağzal ərazisində olub. Orada da xeyli adam olur. Mən dərhal yerli İcra Hakimiyyəti ilə əlaqə saxladım. Onu da qeyd edim ki, insanların bu vəziyyətini başa düşürəm. İnsanlar hər yerdə olduğu kimi, burada da narahatdırlar. Süni qiymət artımı və sosial-maddi vəziyyətlə bağlı narahatlıqlar var. Məsələ burada ancaq süni qiymət artımıdır. Cənab Prezident də qərar qəbul edərək, taxıl məhsullarını ƏDV-dən azad etdi. Digər məsələlərə hazırda baxılır, sosial müavinətlə bağlı addımlar atıldı. Maliyyə mənbələrinə görə bu məsələlərə bir daha baxılacaq.

“Devalvasiya işləri çətinləşdirdi”

– Bu məsələ də gündəlikdə əsaslı yer tutur – neftin ucuzlaşmasının qeyri-neft sektorunun inkişafına təsirini necə qiymətləndirərdiniz?

– Dövlət başçısı hökumət qarşısında 2 məsələni qoymuşdur: ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkişafı. Düzdür, qeyri-neft sektorunun inkişafında son 3-4 ildə 10-12% irəliləyiş olsa da, ümumilikdə, bu məsələlər bütün nüansları aradan qaldırmadı. Hökumətin də, bəlkə, heç gözləmədiyi həddə neftin ucuzlaşması vəziyyəti dəyişdi. Neftin ucuzlaşmasından əlavə, hasilatda da azalmalar oldu. 4-5 il əvvəl 46-47 milyon barel neft hasil olunurdusa, indi bu rəqəm 40-41 milyonadək azalıb. Bütün bunlarla birgə gəlirlər azalır. İndi də devalvasiya işləri çətinləşdirdi. Vaxt həddən artıq azdır. Çox çevik siyasət aparılmalıdır. Bütün rayonlarda qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Kənd təsərrüfatı və sənaye müəssisələri qurulmalı, turizm sahələri daha da inkişaf etdirilməlidir. Xüsusən, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Çünki bu sahənin potensialı daha çoxdur.

“Mənə heç vaxt təzyiqlər olmayıb”

– Kənd təsərrüfatı demişkən, xatırlayırsınızsa, ötən illərdə Qubanın bir neçə kəndinin ərazisindən suvarma üçün nəzərdə tutulmuş paslanmayan borular çıxarıldı, hara aparıldığı da bəlli olmadı. Bunlar elə kənd təsərrüfatı üçün ciddi əngəllər deyilmi?

– Borular ciddi əngəllərdir. Bunlara yerli İcra Hakimiyyəti nəzarət etməli idi. Bakıdan nazir gəlib borulara nəzarət etməli deyil ki? Hazırda kənd təsərrüfatı ilə bağlı işlər görülür. Müsbət bir addım kimi onu qeyd edim ki, rayonlarda kənd təsərrüfat idarələri qurulur. Qubaya yeni idarə rəhbəri təyin olunub. Onunla görüşmüşəm, müəyyən məsələləri ona bildirmişəm. O ki qaldı borular məsələsinə, o vaxtı bu məsələni hüquq-mühafizə orqanları rəhbərliyi ilə danışmışdım. Bu gün də həmin o boruları çıxaranlar məsuliyyətə cəlb olunmayıblar.

– Ümumiyyətlə, belə məsələlərə görə sizə təzyiqlər olubmu?

– Mənə heç vaxt təzyiqlər olmayıb. Bu və ya digər məsələlər barədə istənilən rəhbərlə, nazirlə, rəhbər orqanlarla danışıram, müzakirələrimiz olur. Mən xalqın xeyri üçün danışıram.

“Yaranmış vəziyyətlə bağlı çox ciddi struktur islahatı həyata keçirilməlidir”

– Ciddi islahatlara başlanılması barədə xəbərlər var, dövri mətbuatda da bununla əlaqəli xəbərlər yayılır. Sizin təklifləriniz nələrdir?

– İslahatlara artıq başlanılıb. Ölkə başçısı da son çıxışlarında ciddi mesajlar verdi. Əlbəttə, yaranmış vəziyyətlə bağlı çox ciddi struktur islahatı həyata keçirilməlidir. Faktiki olaraq, hökumət çox çevik olmalıdır. Gecə-gündüz işləməlidir, elə qərarlar verməlidir ki, makro-iqtisadi stabilliyi bundan sonra da qorumağa malik olsun. Əvvəla, bu qədər nazirliklər, komitələr lazım deyil. Bunları dəyişmək lazımdır ki, normal iş getsin. Digər tərəfdən, yerli icra hakimiyyətlərinin məsuliyyəti artırılmalıdır. Əgər qeyri-neft sektorunun inkişafı deyiriksə, ilk növbədə, yerli icra hakimiyyəti işləməlidir. Rayonlarda iş yerləri açılmalıdır. Artıq divarların sökülməsi məsələlərinə son qoyulmalıdır. Bir icra başçısı gedir, yeni gələn onun tikdiyini sökür və s. Elə bir zəmanədir ki, yalnız və yalnız sənaye müəssisələri qurulmalıdır, kənd təsərrüfatı emal müəssisələri açılmalıdır, turizm obyektlərini normal işlətmək lazımdır. Yəni bütün bu işlər kompleks şəkildə aparılmalıdır.

– Sizcə, bu məsələlərə başlanılıbmı?

– Bəli. Son qərarlar, nazirliklərin birləşdirilməsi ilə prosesə start verilib. Belə hesab edirəm ki, bu gedişlə proseslər mart-aprel aylarına qədər yekunlaşacaq.

“Növbəti şok devalvasiyaya inanmıram”

– Belə söz-söhbət var ki, dollar fevral ayında yenidən bahalaşa bilər….

– Ümumiyyətlə, bildiyiniz kimi, 2015-ci ildə manat dollar qarşısında 34 % və 48 %, ümumilikdə, 82% ucuzlaşıb. Devalvasiyanın əvvəlcədən də tərəfdarı olmuşam. Amma yumşaq formada, şok yox! Faktiki Mərkəzi Bank yumşaq devalvasiya aparır. Daha əvvəl yumşaq devalvasiya aparıla da bilərdi, amma ola bilər müəyyən səbəblər olub. Bəlkə də neftin ucuzlaşmasını bu qədər gözləmirdilər. Açığı, mən heç bu qədər gözləmirdim. Növbəti şok devalvasiyaya inanmıram.

– Deyirlər ki, inhisarçılıq (monopoliya) aradan qaldırılır…

– Monopoliya mütləq aradan qaldırılmalıdır. Tədricən bununla bağlı işlər görülür. Birdən-birə aradan qaldırmaq da mümkün deyil. Çünki bu ayrı-ayrı sahələrdə müəyyən qıtlıq və problemlərə səbəb ola bilər. Dərman və digər məhsullarda qıtlıq yarana bilərdi. Bütün bunlar ölkə başçısının siyasi iradəsi ilə aradan qaldırılacaq.

“Məmur-sahibkar arasında təmas azalsın, şəffaflıq olsun”

– Gömrüklə bağlı islahatlar gündəmdədir. Gömrük Komitəsinin bir çox səlahiyyətlərinin “ASAN xidmət”ə verilməsi ilə bağlı fikirlər səsləndirilir.

– Bayaq sualların birində islahatlardan söhbət düşdü. “ASAN xidmət” və Gömrük Komitəsinin rəhbərləri arasında geniş müzakirələr olub. Bütövlükdə komitəni “ASAN xidmət”ə vermək mümkün deyil. Burada idxal-ixrac prosesinin liberallaşdırılması daha çox gündəmdədir. Yəni məmur-sahibkar arasında təmas azalsın, şəffaflıq olsun. Bəs bunlar hamısı islahatdır da. Biz də İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq, “lisenziyalar və icazələr” haqqında qanunu müzakirə etmişik və I oxunuşdan keçib.

“İcra Hakimiyyəti başçılarının seçim məsələsində diqqətli olmaq lazımdır”

– Son müsahibələrinizin birində əksər icra başçılarının bu vəzifəyə layiq olmadığını demisiniz…

– İcra Hakimiyyəti başçılarının seçim məsələsində diqqətli olmaq lazımdır. Rayonla bağlı öhdəlikləri onlar yerinə yetirirlər və Prezidentin yerlərdə nümayəndələri onlardır. Camaatla, əhali ilə vaxtlı-vaxtında görüşlər keçirmək lazımdır. Onlarla təmasda olmaq lazımdır. Bu barədə nümunəvi icra başçıları var, onlar görüşlər keçirir, camaatla ünsiyyətdə olurlar, digər məsələləri demirəm. Bəs mən burada niyə qəbul keçirirəm? Qəbula Xaçmaz və Şabrandan da vətəndaşlar gəlirlər. Mənim üçün fərqi yoxdur, onların hamısını qəbul edirəm. Onların məsələləri həll olmasa belə ən azı onların dərdlərini dinləyirəm. Görürlər ki, onlarla da insan kimi rəftar edilir. Yoxsa, vətəndaşa qarşı kobudluq edənləri başa düşə bilmirəm. Mümkün qədər mətbuatda fikirlərimi səsləndirirəm.

“İqtisadiyyat nazirinə Baş Nazirin müavini statusu vermək lazımdır”

– Vahid müəllim, regionların inkişafı üçün nə kimi işlərin görülməsi nəzərdə tutulur?

– Hər bir regionda təcili müəssisələr açılmalıdır. 1 il ərzində kənd təsərrüfatı emalı müəssisələri, sənaye qurulmalıdır və hər bir rayonla da ayrıca məşğul olmaq lazımdır. Bu məsələlər həllini tapmalıdır, başqa yol yoxdur. Əgər biz insanları müəyyən iş yerləri ilə təmin edə bilsək, heç bir problem olan deyil. Bir neçə gün əvvəl İqtisadiyyat naziri ilə görüşümüz oldu. Çox yaxşı oldu ki, cənab Prezident Satınalmalar Agentliyini də o nazirliyə birləşdirdi. Birbaşa o, nazirliyin vəzifəsi idi. Təklif etdim ki, İqtisadiyyat nazirinə Baş Nazirin müavini statusu vermək lazımdır ki, bütün nazirliklərlə əlaqədə olsun. Lazım olduğu halda, müəyyən sərəncam vermək səlahiyyəti olsun. Çünki əsas nazirlik odur.

“Hər regionda 2-3 müəssisənin, yeni iş yerlərinin açılması planlaşdırılır”

– Milli Məclisin növbədənkənar iclasında 7 qanun layihəsinə dəyişikliklə bağlı vəziyyətdən çıxış kimi nələr gözlənilir?

– Bu, cənab Prezidentin 7 qanun layihəsinə dəyişikliyi ilə bağlıdır. Əsasən bank sistemindəki islahatlarla bağlı dəyişikliklər, əmanətlərin sığortalanması (əvvəllər 30 min manata qədər idisə, indiki qanun layihəsində tam sığortalanma nəzərdə tutulur), valyuta tənzimlənməsi haqqında (son vaxtlar ölkədən külli miqdarda valyuta çıxır. İndiki qanun layihəsində 50 min dollardan yuxarı pulun çıxarılması müqabilində 20 % vergi tutulacaq). Digər bir məsələ iqtisadi inkişaf, sahibkarlığın inkişafı üçün vergi və gömrük məcəllələrində dəyişikliklərlə bağlı idi.

Qısacası, son dəyişikliklər deyildiyi kimi, qeyri-neft sektorunun inkişafı üçün əsaslı təkandır. Məlumat verildi ki, bunun üçün 150-yə yaxın layihə üçün 1,5 milyard manat pul xərclənəcək ki, bununla da hər regionda 2-3 müəssisənin, yeni iş yerlərinin açılması planlaşdırılır. Yəni bu kompleks tədbirlər İqtisadiyyat Nazirliyinə, Mərkəzi Banka və digər səlahiyyətli orqanlara həvalə olunub.

“Mənzillə bağlı problemlər çoxdur”

– İndiki vəziyyətdə, bəlkə də, bu sualın verilməsi yerinə düşməz. Bununla belə, soruşmaq istərdim – 2 il əvvəl qəzetimizə verdiyiniz müsahibədə Qubada bir neçə hündürmərtəbəli binanın tikintisi üçün əvvəlki icra başçısı Mübariz Ağayevlə birgə Prezidentə təkliflər verdiyinizi bildirmişdiniz. Bununla əlaqəli nəsə irəliləyiş oldumu?

– O təklif qüvvədə qalır. Bu məsələ sosial-iqtisadi vəziyyətdən asılıdır. Mənzillə bağlı problemlər çoxdur. Bundan qaynaqlanan digər problemlər də meydana çıxır. Bir neçə yaşayış binası olmalıdır. Bu mərhələləri adlayaq, yəqin ki, ilk növbədə, mənzil məsələsini həll etmək lazımdır.

– Vahid müəllim, müsahibəyə görə təşəkkür edirik.

– Mən də təşəkkür edirəm ki, mətbuat vasitəsilə fikirlərimizi cəmiyyətə çatdırırıq.

Amil Tağıyev Quba