Vahid Əhmədov: “Bilmirsən ki, bu, kimin, kimlərin ağlına gəlib”

0
279

Ölkə prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verməsini müsbət hesab edirəm və alqışlayıram.

Hesab edirəm ki, dövlət başçısı cəmiyyətdən gələn reaksiyalara vaxtında qiymət verdi və çox düzgün addım atdı. Çünki Nazirlər Kabinetinin, baş nazirin belə bir qərarına, doğrudan da, heç bir ehtiyac və zərurət yox idi.

alpaninfo.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, əslində, bu gün insanların, vətəndaşların özlərinin aylarla zəhmət çəkib becərdiyi, yetişdirdiyi meyvə məhsulları tökülüb yerdə qalıb:

“İnsanlar min bir əziyyətlə yetişdirdikləri meyvə məhsullarını sata bilmirlər, o ki qaldı gedib meşədən meyvə yığıb, onları satmağı düşünsünlər.

Bu gün insanların özlərinin yetişdirdikləri məhsullar yerdə tökülüb qalıb, çürüyüb gedir, yaxın duran da yoxdur. Belə olan halda, kim gedib meşədən meyvə yığacaq və onu satmağı, başqa cür istifadə etməyi düşünəcək?

Vallah, bəzən elə məsələlər, elə qərarlar olur ki, bilmirsən onu haradan tapıb “icad edirlər”. Bilmirsən ki, bu, kimin, kimlərin ağlına gəlib.

Ona görə də cənab prezidentin addımını, insanların narahatlığna vaxtında reaksiyasını çox müsbət sayıram və onun son addımını alqışlayıram”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu, mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutmuşdur.