Vəziyyəti ağır olaraq qalır

0
399

Oktyabrın 9-da saat 21:00-da Bakıdakı “Baksell Arena” stadionunda Azərbaycan – Bolqarıstan komandaları üz-üzə gəlib. Amansız keçən qarşılaşmada bolqarlar millimizi yaralayıblar. Bəs hadisələr necə cərəyan edib?

Şahidlərin sözlərinə görə, Bakıda bolqarların özlərini dəvət olunmuş qonaq kimi aparmaması millimizin şəstinə toxunub. Odur ki, millimiz onları cəzalandırmaq istəyib. Lakin nə Rauf Əliyev, nə də millimizin baş məşqçisi Berti Foqtsun “bacıoğlusu” kimi tanınan Rüfət Dadaşov yüz faizlik şanslarını dəyərləndirə bilməyiblər. Vəziyyətin gərginləşdiyini görən bolqarlar, daha doğrusu, İlian Miçanski saat 21:14-də ayağına düşən fürsətdən məharətlə istifadə edərək Kamran Ağayevi təkləyib və necə lazımdırsa onu çiləyib. Nəticədə, Miçanski millimizin simasında Kamranı ağır yaralayıb. Kamrana elə meydançada ilk yardım göstərilib. (Sonradan istintaqa verdiyi ilkin açıqlamasında Kamran Ağayev müdafiəçilərin ona xəyanət etdiyini bildirib).

Vaqif Cavadovun qarşılaşmada fəal olmadığını görən Foqts meydana “avtoşluqda” ad çıxarmış Araz Abdullayevi buraxıb. Məhz onun “avtoşluğu” sayəsində millimiz qismən özünə gəlib. Hətta Dmitri Nazarov rəqibə 30 metrlik məsafədən qüvvətli zərbə də endirib. Bu zərbə nəticəsində bolqarlar da qismən yaralanıblar. (Sonradan istintaqa verdiyi ilkin açıqlamasında Nazarov bildirib ki, onun bu işdə ayağı olmayıb, sadəcə, vurduğu top yerə dəyəndən sonra istiqamətini dəyişib. Lakin nədənsə bu olayda onun adı hallandırılır). Bu yüngül zədədən sonra bolqarların köpü bir qədər yatıb. Lakin hər kəs qarşılaşmanın, döyüşün bu hesabla bitəcəyini gözlədiyi bir vaxtda bolqarların oyunöncəsi yedikləri bolqar bibəri onları yerlərindən tərpədib… Odur ki, ayaq işlətməyin, əl-qol atmağın bir fayda vermədiyini görən bolqarlar başlarını da qarşılaşmaya qoşublar. Nəticədə onlardan biri – Ventsislav Xristov millimizə kəllə atıb. Onun bu kəllə zərbəsi Avro-2016-nın final mərhələsini hədəfləyən yığmamızı al-qana boyayıb. Mütəxəssislərin fikrincə, bu başla zərbənin millimizə vurduğu ziyan o qədər böyükdür ki, hələ uzun illər vəziyyətdən çıxış yolları axtaracağıq. Dəqiqləşdirilməmiş məlumata görə, bu məsələdə xəyanətin də izlərinin olduğunu deyənlər var. Belə ki, deyilənlərə görə, AFFA-nın milliləşdirdiyi futbolçu millimizin bütün taktiki sirlərini rəqibin başbilənlərinə ötürüb. Bolqarların daha zəif yerlərimizə vurduqları zərbələrindən də bunu sezmək mümkün idi.

Bir qrup azarkeş millimizin kapitanı Rəşad Sadıqovdan xahiş ediblər ki, bu haqsızlıqla bağlı daha yuxarı instansiyalara müraciət etsinlər. Rəşad Sadıqov deyib ki, millimizin belə bir duruma düşməsinin səbəbi çoxdur, sadalamaqla bitməz, amma bu nəticəni dəyişməyəcək. Bu döyüşdə yaralanmağımızın əsas səbəbkarı kimi adı hallanan millimizin baş məşqçisi Berti Foqts isə ilkin istintaq zamanı sualları cavablandırmaqdan imtina edib. Hətta o, çox böyük hörmətsizlik edərək nümayişkaranə şəkildə istintaq otağından uzaqlaşıb. Hazırda Foqtsun öz doğma vətənində – Almaniyada olması söylənilir. Onun nə zaman Bakıya qayıdacağı bilinmir. Odur ki, Foqtsun İnterpol xətti ilə istintaqa cəlb olunacağı gözlənilir. Məlumat üçün onu da bildirək ki, Foqts elə Almaniyadan istintaqdan qaçmasına aydınlıq gətirib: “Bu biabırçılığa görə emosional və həyəcanlı idim. Odur ki, onlardan bu qaçışımı unutmağı xahiş edirəm”. Lakin onun bu üzrxahlığının nəzərə alınıb-alınmayacağın deyə bilmərik.

AFFA-nın adını çəkilməsini istəməyən əməkdaşı bildirib ki, millimizin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır: “Həyatı vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Millimiz hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır”. Nə qədər qəribə olsa da, baş vermiş hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here