Tarixini bilməyən xalqın gələcəyi olmaz – deyiblər. Bir xalq kimi bizim də tariximizin kökü çox qədimdir. Hər birimiz tariximizi bilməli, onu gələcək nəsillərə layiqincə çatdırmalıyıq. Bu şərəfli iş müəllimlərin üzərinə daha çox düşür. Onlar da çalışırlar ki, dilimizi, tariximizi, maddi-mənəvi dəyərlərimizi şagirdlərə tanıdsın, sevdirsin və təhrif etmədən olduğu kimi gələcək nəsillərə ötürsünlər.
Bu məqsədlə Mingəçevir 1 saylı tam orta məktəbin tarix müəllimi Fizuli Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə IX siniflər arasında “Qarabağ Azərbaycandır!” şüarı altında bilik yarışı keçirilib. Qeyd edək ki, yarış Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda vermiş şəhidlərimizin xatirəsinə həsr edilib. Yarışmadan öncə məktəbin direktoru Əliyar Yusifov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd komandaları, münsiflər heyəti və orta məktəb direktorları, Mingəçevir Heydər Əliyev Mərkəzinin əməkdaşı, “CEN production”ın nümayəndəsi və qazilər iştirak ediblər. Yarışda 44 sualdan istifadə edilib. Yarış 3 mərhələdən ibarət olmaqla hər mərhələ arası məktəblilər vətənpərvərlik ruhunu təbliğ edən musiqi ifa ediblər.
Fizuli Əhmədovun təşəbbüsü ilə keçirilmiş yarış şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirib. Tədbirdə iştirak edən qonaqlar şanlı tariximizi şagirdlərə sevdirə bildirdiyinə görə Fizuli müəllimə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, belə yarışmalar şagirdlərin bilik əldə etməsi baxımından çox önəmlidir.
Sonda bilik yarışında fəal iştiraklarına görə şagirdlərə tərifnamələr təqdim olunub.
Esmira Hidayətova, Mingəçevir