“Vətənpərvərlik nümunəsi: qazilər və şəhidlər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Vətənpərvərlik nümunəsi:qazilər və şəhidlər” mövzusunda onlayn videokonfrans keçirilib.

Tədbirdə DQİDK–nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir şəhərinin rəsmi din xadimləri, Qarabağ Qaziləri İB və Qarabağ Əlillərinə Qayğı İB-nin və digər QHT nümayəndələri, qazilər və şəhid ailəsi üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi Əlisa Fərəcov vətənpərvərlik məfhumu barədə danışaraq, bunun Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlılıq olduğunu vurğulayıb, vətənpərvər gənclərin yetişdirilməsinin ilkin olaraq ailədən başladığını, bu tərbiyəvi işin təhsil müəssisələrində davam etdirildiyini və bütün cəmiyyətin, onun hər bir üzvünün bu istiqamətdə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Tədbirdə “Vətənpərvərlik nümunəsi: qazilər və şəhidlər” mövzusunda çıxış edən Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov qəhrəmanlıq salnaməsi yazmış gənclərin şücayəti barədə ətraflı danışaraq, çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan 2-ci Qarabağ müharibəsinin əsil vətənpərvərlik meydanına çevrildiyini, xalqın ən yüksək vətənpərvərlik məqsədi naminə vətən torpaqlarının azad edilməsinə qalxdığını, bunun nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşaydığını, bütün dünya azərbaycanlılarının qürur və sevinc hissləri keçirdiyini qeyd edib.

Mövzu ətrafında çıxış edən Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı gənclərə Azərbaycan tarixini, coğrafiyasını, mədəniyyətini və digər sahələri dərindən öyrənmələrini tövsiyə edib, onlara uğurlar arzulayıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı şair Əbülfət Həsənoğlu (Ədilov) Qarabağ qazilərinə və şəhidlərə həsr olunmuş şeir söyləyib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Esmira Hidayətova, Mingəçevir