Vətəndaşlarımızın pessimizmə qapanmadıqlarının bir daha şahidi oldum

0
170

Dünyanın nizamını pozan koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı operativ tədbirlər, eləcə də insanlara “evdə qal!” çağırışı öz effektini verməkdədir. Artıq dünya ölkələri ilə müqayisədə respublikamızda həm yoluxma faizi, həm də ölüm halları ən aşağı səviyyədədir. Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımların isə misli-bərabəri yoxdur. Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda da dövlətimizin başçısı belə bir çətin dönəmdə hər bir vətəndaşın qayğılarını çiyninə götürmək əzmində olduğunu bir daha bəyan etdi: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu mənada Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, həqiqətən xalqımızın dayağıdır. Bir sözlə, dövlətimiz, Prezidentimiz koronavirusla mübarizə şəraitində öz vətəndaşlarının sosial rihahı naminə hər şeyi edir. Belə çətin günlərdə dövlət başçısının çağırışlarına səs vermək hər bir vətəndaşımızın borcudur.

Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, cənab Prezidentin hər çağırışına səs vermək, hər şeydən əvvəl, həmrəylik nümayiş etdirməkdir, Prezidentlə birgə addımlamaq deməkdir. Koronavirus pandemiyasına qarşı mübarizənin ilk günlərindən dövlət başçısının çağırışlarına səs verdiyini vurğulayan müsahibimiz qeyd etdi ki, indiyədək o da imkanı daxilində bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, Xalq artisti bir aylıq əməkhaqqını ölkə başçısının müvafiq Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Özü də o, bu məsələdə birincilərdən olub. Karantin rejiminin qaydalarına riayət etməklə yaşadığı mənzilin eyvanına çıxaraq konsert verib.

Müsahibimiz daha sonra dedi: “Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, idarə və təşkilatlar, ayrı-ayrı iş adamları, eləcə də müxtəlif peşə sahibləri tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımları göstərilir. Bunu həm də Prezidentin “Biz birlikdə güclüyük!” çağırışının insanları bir araya gətirməsinin bariz nümunələrindən biri kimi də dəyərləndirmək olar: “Şübhəsiz, bu da təqdirəlayiqdir. Doğrudur, elə sözügedən iclasda Prezident İlham Əliyev 200 min əvəzinə 600 min insana iki ay ərzində 190 manat məbləğində vəsait verilməsini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir tələb kimi qoymuş, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olanların problemlərini dövlətin öz üzərinə götürdüyünü bəyan etmişdir. Mən də bu tədbirə dəstək olmağı özümə borc bildim. Odur ki, Əməkdar artist Təyyar Bayramovla birgə Ağdamın cəbhəyanı kəndlərində yaşayan 150 aztəminatlı ailəyə ərzaq yardımı etdik. Yeri gəlmişkən, bu dəfə də Ağdamın cəbhəyanı kəndlərində olanda onların əsla pessimizmə qapanmadıqlarının bir daha şahidi oldum. Yəni bir daha yəqin etdim ki, onlar həm koronavirus, həm də erməni vahiməsindən uzaqdırlar. Çünki dövlətimiz onların hər iki virusdan qorunmasına ciddi nəzarət edir. Hətta ərz etdilər ki, belə bir Prezidenti olan xalqa ruh düşkünlüyü əsla yaraşmır. Üstəlik, ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını da bildirdilər. Yeri gəlmişkən, son günlər Azərbaycan Prezidentinə ünvanlanan minlərlə məktub da göstərir ki, vətəndaşlarımız dövlət tərəfindən görülmüş tədbirlərə çox yüksək qiymət verirlər”.

Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Həm qabaqlayıcı tədbirlərin görülməsi, həm də insanların sosial müdafiəsinin təmin edilməsi bu gün bizim koronavirusa qarşı mübarizəmizdə əsas rol oynayır. Biz də üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bir daha vətəndaşlarımızı koronavirusla bağlı ölkəmizdə tətbiq olunan qaydalara riayət etməyə çağırıram.”

Qvami Məhəbbətoğlu, “İki sahil”