Vətəndaşlarımız dövlət başçısının göstərdiyi qayğıdan məmnundurlar

0
184

“Koronavirus pandemiyasının Çindən yayılma təhlükəsi gündəmə gəldiyi ilk vaxtlardan ölkəmizdə önləyici tədbirlər həyata keçirildi və vəziyyət ən yüksək səviyyədə nəzarətə götürüldü. Yəni əksər dövlətlərdən fərqli olaraq, Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün çox ciddi addımlar atdı. Şübhəsiz, bütün bunları Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün həyata keçirdiyi effektiv tədbirlər kimi xarakterizə etmək olar. Üstəlik, təhlükəli virusa qarşı mübarizə işində respublikamız dünyaya nümunə olmağı bacardı.” Bu fikirləri Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, belə çətin günlərdə Prezident İlham Əliyev vətəndaşlarımızın sosial rifahı, əsasən də əhalinin sağlamlığının qorunması istiqamətində də çox mühüm addımlar atdı: “Buna misal kimi “Yeni klinika”nın açılmasını, tibbi maskaların, dezinfeksiya vasitələrinin istehsalına başlanılmasını, karantin rejimində aztəminatlı ailələrə, həmçinin yaranmış vəziyyətdən əziyyət çəkən sahibkarlara lazımi dəstəyin verilməsi ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsini, yaşlı insanlara yardım göstərilməsini göstərmək olar. Bir məsələni də xüsusi vurğulamaq istərdim. İşsizlər və qeyri-formal işlədiklərinə görə pandemiya nəticəsində işsiz qalan 200 min insanın dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdı. Amma aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda Prezident İlham Əliyev ümumi vəziyyəti nəzərə alaraq, bu kateqoriyaya aid olanların sayının 600 minə çatdırılmasının vacibliyini bildirdi. Bu sözləri haqqı ödənilən ictimai iş yerləri proqramına da şamil etmək olar. Prezident İlham Əliyev sözügedən iclasda pandemiyaya görə işsizliyin qaçılmaz artımını nəzərə alaraq bu göstəricinin 50 mindən 90 minə çatdırılması barədə də göstəriş verdi. Bir sözlə, hər zaman xalqın sosial rifahının yüksəlməsi üçün mühüm addımlar atan, böyük sosial paketlər təqdim edən Prezident İlham Əliyev qlobal pandemiya dövründə də əməllərinə sadiqlik nümayiş etdirir. Bu isə bir daha o deməkdir ki, cənab Prezident vətəndaşlarımızın maraqlarını hər şeydən üstün tutur və sosial ədalət prinsiplərinin bərqərar olmasına xüsusi diqqət göstərir”.

Müsahibimiz, həmçinin vurğuladı ki, bütün bu addımlar vətəndaşlarımız, o cümlədən Quba rayonunun sakinləri tərəfindən təqdir olunur: “Çünki bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda dövlətimizin həyata keçirdiyi belə sosial tədbirlər ölkəmizin vətəndaşlarının daha rahat və arxayın yaşamalarına imkan verir. Vətəndaşlarımız bu bəlanın dəf ediləcəyinə əmindirlər. Yeri gəlmişkən qeyd edim ki, cənab Prezdentin müraciətlərinə, o cümlədən “Biz birlikdə güclüyük!” çağırısına səs verən vətəndaşlarımız birlik, həmrəylik nümayiş etdirirlər.”

Eynulla Xeyrullayevin sözlərinə görə, rəhbərlik etdiyi qurum da dövlət başçısının göstərdiyi bu diqqət və qayğıdan məmnundur: “Yeri gəlmişkən onu da qeyd edim ki, rəhbərlik etdiyim təşkilat karantin rejiminin qaydalarına əsasən, bu və ya digər məsələrin həllində vətəndaşlarımıza da yardımçı olmağa çalışır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”