“Vətəndaşlar istədikləri əməliyyatı elektron şəkildə tam həyata keçirə bilmirlər”

620
 Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şurasının təşkilatçılığı ilə “Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələb” mövzusunda ictimai müzakirə keçirildi. “Dəyirmi masa”da mövcud elektron xidmətlərdən istifadənin populyarlıq səviyyəsi, elektron xidmətlərdən istifadə sahəsindəki mövcud problemlər və onların aradan qaldırılması, elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların rahatlığı və xidmətin operativliyinin təmin edilməsi, vətəndaşlar arasında elektron xidmətlərlə bağlı məlumatlılıq səviyyəsi mövzularında müzakirələr aparıldı.
“E-xidmətlər barədə vətəndaşlar maarifləndirilməlidirlər”

“Elektron xidmətlərin keyfiyyəti və elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların məmnunluğu” mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bölmə müdiri Ulduz Xəlilova bildirdi ki, e-elektron xidmətlər sənədləşmə işlərini sadələşdirməklə vətəndaşların işini asanlaşdırmalıdır. “Elektron hökumət” portalının fəaliyyəti və ondan istifadə yolları və s. məsələlərilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin kifayət qədər olmamasına diqqət çəkən U. Xəlilova qeyd etdi ki, bu, “Elektron hökumət” portalına olan marağın artmasına və ondan istifadə edən vətəndaşların sayının çoxalmasına mənfi təsir edir: “Vətəndaşlar elektron xidmətlərlə bağlı nəlumatlandırılmalıdırlar. Bu, ondan istifadə edənlərin sayının çoxalmasına və bu sahədə görülən işlərin səmərəliliyinin artmasına imkan verər”.

 

“Elektron xidmətlərdən

istifadə rahat deyil”

Daha sonra çıxış edən “Elektron hökumət” portalının əməkdaşı İlqar Abdullayev iştirakçıların diqqətini elektron xidmətlərdən istifadə edənlərin statistikasına yönəltdi. Vətəndaşların elektron xidmətlərdən az istifadə etdiklərini dilə gətirən İ. Abdullayev bunun səbəbləri haqqında da danışdı: “İlk növbədə, qeyd etmək istəyirəm ki, elektron xidmətlərdən istifadə rahat deyil. Xidmətlər tam şəkildə elektronlaşdırılmayıb. Ona görə də vətəndaşlar istədikləri əməliyyatı elektron şəkildə tam həyata keçirə bilmirlər”. İ. Abdullayev onu da əlavə etdi ki, elektron xidmətlərdə “onlayn” ödəniş sisteminin olmaması da vətəndaşların ondan istifadədən imtina etməsinə gətirib çıxaran əsas amillərdəndir. Onun sözlərinə görə, ölkə vətəndaşlarının texnologiyalardan istifadə imkanlarının az olması da elektron xidmətdən tam şəkildə istifadə olunmasına mane olur. Ölkədə fəaliyyət göstərən qurum və təşkilatların özlərinin də göstərdikləri xidmətlərin elektronlaşdırılmasında maraqlı olmasının vacibliyinə diqqət çəkən İlqar Abdullayev bunun üçün inzibati tələblərin olmasının önəmindən danışdı.

 

“Dövlət qurumlarının saytındakı elektron xidmətlərin statistikası yoxdur”

Multimedia Mərkəzinin direktoru, Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın tənzimləyicisi Osman Gündüz isə vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə olan tələbatdan söhbət açdı. O bildirdi ki, “oflayn” xidmətlərin birinci növbədə reyestri olmalıdır. Azərbaycanda vətəndaşlara göstərilən xidmətlərin sayının ümumilikdə 1500-2000 olduğuna diqqətçəkən O. Gündüz qeyd etdi ki, Nazirlər Kabinetinin qərarı ilə bu xidmətlərdən 428-i elektron xidmətə çevrilməlidir. O. Gündüz onu da əlavə etdi ki, “Elektron hökumət” portalında olması nəzərdə tutulan xidmətlərdən artıq 351-i mövcuddur. Onun sözlərinə görə, elektron xidmətdən istifadə edənlərin dəqiq statistikası aparılmalıdır: “Elektron hökumət” portalından istifadə edənlərin statistikası aparılır. Amma dövlət qurumlarının saytındakı elektron xidmətlərin statistikası yoxdur. Bu işin səmərəliliyini dəyərləndirməyə imkan vermir”. Çıxışı əsnasında ölkəmizdə 4 milyon internet istifadəçisinin olmasına diqqət çəkən O. Gündüz qeyd etdi ki, elektron xidmətdən istifadə edənlərin sayının 300 olması ciddi problemlərdən xəbər verir: “Elektron hökumət” portalında ictimai-sosial əhəmiyyət kəsb edən xidmətlərin hamısı yoxdur. Göstərilən xidmətlər isə keyfiyyətsizdir. Demək olar ki, əksər əməliyyatı elektron formada başa çatdırmaq mümkün deyil”. O. Gündüz onu da “dəyirmi masa” iştirakçılarının nəzərinə çatdırdı ki, ölkə vətəndaşlarının əksəriyyəti internetə mobil telefonlar vasitəsilə daxil olur: “Ona görə də gələcək illərdə vətəndaşlara göstərilən xidmətlərin mobil telefonlara inteqrasiya olunması qarşıda duran əsas məsələlərdəndir”.

Məlumat üçün bildirək ki, “dəyirmi masa” iştirakçılarının təklifləri əsasında e-xidmətlərin səmərəli təşkili ilə bağlı təkliflər paketinin hazırlanıb müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.