Vətən sevgisindən güc alan qazi komandir…

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Bu dəfəki həmsöhbətimiz ehtiyatda olan baş leytenant Bəkir Əsgərzadədir.

Əsgərzadə Bəkir Zakir oğlu 1995-ci il fevralın 20-də Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub və 2012-ci ildə oranı fərqlənmə ilə bitirib. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Bəkir Əsgərzadə 2016-cı ildə bu təhsil ocağını bitirərək leytenant rütbəsi alıb və “N” saylı hərbi hissədə mühəndis istehkam tağım komandiri vəzifəsində xidmətə başlayıb. 3 aydan sonra könüllü olaraq  ön cəbhədə xidmətini davam etdirmək üçün Tərtər rayonuna göndərilib. Buradakı hərbi hissələrin birində tağım komandiri, digər hərbi hissədə isə maneələğvetmə bölük komandiri vəzifəsində xidmət edib. Fəaliyyətini Yevlaxın Aran qəsəbəsindəki hərbi hissədə mühəndis istehkam bölük komandiri vəzifəsində davam etdirib. 2020-ci ildə həmin hərbi hissədə mühəndis xidməti rəisi vəzifəsinə təyin olunub. 44 gün davam edən Vətən müharibəsində döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etməsinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Qarabağ” ordeni ilə təltif olunub.

Talış kəndi-Suvoquşan istiqamətində gedən döyüşlərin birində sol ayağını itirmiş Bəkirə ilk sualımız onun səhhəti ilə bağlı oldu. Müsahibimiz bir qazi kimi qayğı ilə əhatə olunduğunu vurğuladı. Bildirdi ki, dövlətimiz, möhtərəm Prezidentimiz ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanları, həmçinin şəhid ailələrini diqqətdə saxlayır: “Zənnimcə, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar və qazi olmuş şəxslər, eyni zamanda digər iştirakçılar hər cür hörmət və ehtirama layiqdirlər. Dövlət başçısının çıxışlarının birində şəhid ailələrinin və qazilərin ünvanlarına söylədiyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.” Şəxsən mənə gəldikdə.. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bizim ailəni ziyarət ediblər. 5 nəfərdən ibarət ailəmizin (anam, atam, qardaşım, bacımı) sosial vəziyyəti öyrənilib. Mənim isə yüksək texnologiyalı protezlə təmin edilməyim qərara alınıb. Bununla əlaqədar  nazirliyin Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ölçülərim götürülüb. Qısa müddət ərzində mən də yüksək texnologiyalı protez ilə də təmin olunacağam.”

Daha sonra 44 günlük Vətən müharibəsindən söz açan müsahibimiz vurğuladı ki, Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi möhtəşəm qələbəmizlə başa çatdı: ”Mən bu qələbə xəbərini müalicə olunduğum hospitalda eşitdim. O gün elə sevincli idim ki… Şübhəsiz, bu qələbədə xalq-iqtidar birliyi, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik istedadı, yenilməz ordu yaratmaq məharəti, eləcə də sərkərdəliyi həlledici rol oynadı. Belə bir ordunun zabiti olmağımla fəxr edirəm. Hətta bir ayağımı itirməyimə baxmayaraq, o qədər qürurluyam ki… Şübhəsiz, heç kim istəməz ki, əlil olsun.  Amma bu, Vətən uğrunda baş veribsə, mənə xoşdur. Yəni yaralanmağımın qorxusu yoxdu, əsas odur ki, torpaqlarımızı erməni vəhşilərindən təmizlədik.”

Bəkir Əsgərzadə söhbətinin bu məqamında bir qədər kövrəldi. Az sonra bildirdi ki, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdən söz açarkən hər zaman şəhidlərimiz yadıma düşür: “Belə məqamlarda kövrəlməmək mümkün deyil.  Onlardan biri haqqında söz açmaq istəyirəm. Döyüşlərin birində Beyləqan rayonundan olan Pərvin Əliyev erməni vəhşilərinin snayper gülləsinə tuş gəldi. O, qollarım arasında  can verərkən bilirsinizmi mənə nə dedi? Dedi ki, mənim yasımı saxlayarsanmı? O anda mənim nələr keçirdiyimi bircə Allah bilir. Təbii ki, mən onun vəsiyyətini yerinə yetirdim.”

Qeyd edək ki, Bəkir Əsgərzadə döyüşlər başlayan gündən ön cəbhədə olub. Ərazini minalardan təmizləyərək döyüş yoldaşlarının irəli getməsinə şərait yaradan Bəkir Talış kəndi istiqamətində bir neçə postun alınmasında fəal iştirak edib. Hətta minaya düşərək sol ayağını itirməsinə baxmayaraq, yaralı halda əraziləri minadan təmizləməkdə davam edib. Dediyinə görə, belə bir vəziyyətdə düşmənə qarşı olan qisasdan, Vətənə olan sevgisindən güc alıb.

Həmin anı isə o, belə xatırladı: “Mina sahəsini təmizləyib 3-cü cərgəyə çatanda erməni postundan tank atışı oldu. Onun mərmisi  sol tərəfimə tuş gəldi. Mən çevriləndə sol ayağım minanın üzərinə düşdü. Buna baxmayaraq sürünə-sürünə qalan mina sahəsini təmizlədim və kəşfiyyat qrupuna “İrəli” işarəsini verdim. Məni isə 3 saatdan sonra kəşfiyyatçı və istehkam qoşunlarından olan əsgərlər döyüş meydanından çıxardılar”.

Bəkir Əsgərzadənin sözlərinə görə, hərbçi olmaq onun arzusu olub: “Valdeynlərim – adi fəhlə olan atam Zakir və müəllim kimi fəaliyyət göstərən anam Natella bu yolda mənə xeyir-dua diləyiblər. Məhz onların bu xeyir-duaları məni daha əzmkar olmağa sövq edib. İndi onlar öz qazi oğulları ilə fəxr edirlər. Bu sevinci onlara yaşatdığım üçün qürurluyam.”

Qvami Məhəbbətoğlu, “İki sahil”