Vətən müharibəsinin fəal jurnalistləri mükafatlandırıldılar

122

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində  iştirak etmiş bölgə jurnalistləri ilə  Tərtərdə görüş keçirilib. Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və bölgədə çalışan jurnalistlər iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov  bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastandır. Bu müharibə xalqımızın əzminin və iradəsini təcəssümüdür. “Biz media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən müharibəsi iştirakçısına çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. Xidməti vəzifəsini yerinə yetirərək şəhid olmuş jurnalistlərə Allahdan rəhmət diləyirik. Müharibə müddətində qələmini süngüyə dəyişmiş jurnalistlərimiz son dərəcə böyük peşəkarlıq göstərdilər. Onlar konkret olaraq hərbçi funksiyasını yerinə yetirdilər”.

Tədbirdə bölgə jurnalistləri  – “Xəzər tv”,  “Baku tv”,”Space tv” əməkdəşları Emin Babayev, Rahim İbrahimoğlu, Şamxal Adgözəlov  çıxış edərək 44 günlük vətən müharibəsində, həm də pandemiya ilə mübarizədə monolit komandaya çevrildiklərindən söz açıblar. Onlar  göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda jurnalistlərə  Vətən Müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdıqlarına, Azərbaycan ictimayyətini  operativ və dəqiq informasiyalarla  təmin edilməsində aktiv iştiraklarına görə “Qarabağ Azərbaycandır” diplomu ilə təltif olunublar.

Esmira Hidayətova , Mingəçevir