Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib

29

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.

Dövlətimizin başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil İbrahimlini “Vətən müharibəsi qəhrəmanı” adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.

Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Narin Xalıqova 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Narin Xalıqova 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub. Nazirlər Kabinetinin qərarına əsasən Narin Teymur qızı Xalıqovaya şəhid statusu verilib.

Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam edib. Yürüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda dəmir yumruq kimi birləşərək dövlətimizin düşmənə layiqli cavab verməsinə nail oldu. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayırlar.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər.

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak ediblər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrəy olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bizə zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı.

Vətən müharibəsi Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı Ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi.

Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – Heydər məscidində, Təzəpir məscidində, “Jen Mironosits” pravoslav kafedral kilsəsində, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Ağdam Cümə məscidində, Kəlbəcərdəki Xudavəng məbədində, Laçındakı Ağoğlan məbədində, Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub, bölgəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar oxunub.

Vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda müzəffər Azərbaycan Ordusunun tarixi Qələbəsi sayəsində həyat yenidən canlanır, həmin ərazilərə insanlarımızın qayıtması üçün şərait yaradılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak etdilər.

Dövlətimizin başçısı və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydular.

Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı.

Ötən müddət ərzində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verildi, yaylım atəşi açıldı. azərtac