Vətənə xəyanətin bircə cəzası var – güllələnmə

409

Xəbər verildiyi kimi, Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizə qarşı xəyanətkar planlar hazırlayan, milli təhlükəsizliyimizin təhdidinə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilən cinayətkar şəbəkəni ifşa edib. Bir neçə gün öncə Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Məlumatda deyilir ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir: “Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək”.

“Onlar torpağa qiymət verməyiblər, vətənpərvər deyillər”

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova “Yeniavaz”a  açıqlamasında ermənilərə işləyən vətən xainləri ən ağır cəzalara layiqdirlər: “Mən şəxsən belələrinə güllələnmə cəzasının verilməsini istəyərdim. Mövcud Azərbaycan qanunvericiliyi əsasında onlara layiqli cəzalar veriləcək. Hesab edirəm ki, ermənilərə işləyənlərə heç bir kompromisə getmək olmaz. Vətənə xəyanət edən, vətən xaini olan, ermənilərə işləyənlərə güzəşt olmaz. Həmin hərbiçilərə ikiqat ar olsun. Heç olmasa verilən şəhidlərə görə utansınlar. Ar olsun onlara. Onlar torpağa qiymət verməyiblər, vətənpərvər deyillər. Doğulduqları, boya-başa çatdıqları bu vətən torpağına xəyanət edənlərin genində olan qana da mənim şübhəm var. Azərbaycanlı olan hər kəs torpağın da qoruyar, millətinə də qiymət verər, özünə də qiymət verər. Şəxsən icazə versəydilər, mən də bir qadın olaraq nəyə layiqdilərsə, onların cəzalarını verərdim. Məncə, belələrinin adları araşdırmalar tam başa çatandan sonra açıqlansa, yaxşı olardı. Qoy hamı bilsin ki, bu xainlər kimlərdir”.

“Biz özümüzə keçmiş demirik, həm də gələcək döyüşçü deyirik”

Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Fizuli Rzaquliyev “Yeniavaz.com” saytına açıqlamasında dedi ki, həmin vətən xainlərinə verilən cəza başqalarına görk olmalıdır: “Biz özümüzə keçmiş demirik, həm də gələcək döyüşçü deyirik – həmişə hazırıq döyüşə. Hesab edirəm ki, sonda nəinki həmin şəxslərin adları, bütün nəsil-kökü açıqlanmalıdır ki, görək bunlar kimdir, genində nə qanı axır, ermənilərlə qarışığı varmı? Bunlar başqalarına görk olmalıdır”.

F. Rzaquliyev hesab edir ki, vətənə xəyanətin bircə cəzası var – güllələnmə: “Bu mənim fikrimdir. Ancaq mövcud Azərbaycan qanunvericiliyi əsasında onlar layiq olduqları cəzanı alacaqlar. Bunlar elə-belə işlər deyil, əgər bunlar haradasa, kiməsə bağlıdılarsa, hamısının üstü açılmalıdır. Belə bir şəbəkə aşkarlanıbsa, yəqin onların himayədərları da ola bilər. Bunlar hamısı aşkarlanmalıdır. Dostla düşməni bir yolluq seçməliyik”.