Vəli Xuluflu – böyük alim, yazıçı-publisist (2)

733
Vəli Xuluflunun türk dünyasına möhkəm tellərlə bağlı olduğunu onun 1927-ci ildə Bakıda keçirilən I Türkoloji Qurultaydakı çıxışı da bir daha sübut edir. O bu qurultayda etdiyi məruzəsində türk xalqlarının vahid etnik mədəniyyətə, adət-ənənələrə, eyni dilə malik olduğunu söyləyərək, onlar arasında daha da yaxınlaşmanın vacibliyini  vurğulayıb.
Türkoloq alimin  xidmətlərindən biri də aşıq sənətinə diqqəti cəlb etməsi oldu. Həqiqətən də, Dədə Qorquddan başlayaraq günümüzə qədər aşıq sənəti Azərbaycan da daxil olmaqla, türk xalqlarının həyatında mühüm rol oynamış, onlar keçmişimizlə günümüz arasında bir körpü rolunu oynamışlar. Türk xalqlarının milli qəhrəmanlarını vəsf edən qəhrəmanlıq, həmçinin məhəbbət dastanlarını aşıqlar yaratmışlar. Hələ televizorun, radionun, teatrın olmadığı bir vaxtda aşıqlar bütün bu funksiyaları öz üzərlərinə götürmüş, el-el, kənd-kənd gəzərək xalq qarşısında çıxış etmişlər. Aşıq hara gedirdisə, o eldə toy-düyün, şadlıq olurdu. Vəli Xuluflu məhz bunu nəzərə alaraq, xalqımızın milli varlığının aynası olan aşıq sənətini yüksək qiymətləndirmiş və onların ağızlarından eşitdikləri bir neçə dastanı qələmə alaraq kitab halında nəşr etdirmişdi. Türk dünyasında geniş yayılmış və bütün türk dünyasının öz qəhrəmanı hesab etdiyi “Koroğlu” dastanını da toplayan və ayrıca kitab halında dərc etdirən də Vəli Xuluflu olub. Qeyd edək ki, görkəmli alim “Koroğlu” dastanını türk xalqlarını birləşdirən bir körpü kimi qiymətləndirib. Onu da deyək ki, Vəli Xuluflunun Azərbaycanda aşıq sənətini mənəvi varlığımızın simasına çevirməsi Türkmənistanda, Özbəkistanda və digər türk respublikalarında da aşıq sənətinin tədqiqinə, inkişaf etdirilməsinə yol açıb. Bir sözlə, Vəli Xuluflı aşıq sənətini ümumtürk mədəniyyətinin və milli özünüdərkin ən güclü və birləşdirici vasitəsinə çevirərək, belə demək olarsa, ümumtürk evinin əsasını qoydu.

Türk birliyi aşiqi

Vəli Xuluflunun türk dünyasına möhkəm tellərlə bağlı olduğunu onun 1927-ci ildə Bakıda keçirilən I Türkoloji Qurultaydakı çıxışı da bir daha sübut edir. O bu qurultayda etdiyi məruzəsində türk xalqlarının vahid etnik mədəniyyətə, adət-ənənələrə, eyni dilə malik olduğunu söyləyərək, onlar arasında daha da yaxınlaşmanın vacibliyini  vurğulayıb. Onun məruzəsi dəfələrlə alqışlarla qarşılanıb. O məruzəsində türk xalqlarının vahid latın əlifbasına keçməsinin xüsusi önəm daşıdığına diqqəti cəlb edərək, bunun birləşdirici rol oynayacağını xüsusi vurğulayıb. Qurultaydan sonra folklorşünas alimlər Xalid Səid Xocayev, Bəkir Çobanzadə və digərləri ilə ortaq latın əlifbasının qəbul edilməsi  üçün Orta Asiya respublikalarına səfərə çıxıblar, Kazanda və Krımda olublar. Bu səfərlər zamanı yerli ziyalılar, ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə türk xalqlarının vahid latın əlifbasına keçidinin əsasları qoyulub. Onun bu fəaliyyəti isə xüsusi xidmət orqanları tərəfindən narahatlıqla qarşılanıb və adı qara siyahıya salınıb. Xüsusi xidmət orqanları onun hər addımını izləmiş və türkoloq alimi aradan götürmək üçün əlverişli məqam axtarmışlar. Vəli Xuluflu da bunu bildiyi üçün çıxışlarında Leninin milli siyasət haqqında dediklərindən sitat gətirərək, bunu onun milli azlıqların inkişafına verdiyi böyük töhfə olduğunu vurğulayıb. O bununla da özünü həbs etmək istəyən xüsusi xidmət orqanlarının əl-qolunu bağlayırdı. O dövrdə türkoloq alim türkçülüyün inkişafında mühüm rol oynayan “Yeni türk əlifbası” (1925), “İmla lügəti” (1929), “Panislamizm, imperializm və ruhaniyyət” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “Səlcuqlu dövlətinin tarixi quruluşuna dair” (1930) və digər əsərlərini yazıb.

 

Milli Elmlər Akademiyasının

banilərindən biri

Vəli Xuluflunun digər xidmətlərindən biri də 1920-ci ildə Azərbaycanı Öyrənmə Mərkəzinin əsasını qoyması olub. Bu Mərkəzdə Azərbaycanın ədəbiyyatı, tarixi, arxeologiyası, coğrafiyası, etnoqrafiyası, dilçiliyi öyrənilib və tədqiq edilib. Bununla da o, Azərbaycan tarixində ilk dəfə olaraq akademik səviyyədə tədqiqatların aparılmasında, yeni elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərib. Təsadüfi deyil ki, ötən əsrin 30-cu illərinin ortalarında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı məhz Vəli Xuluflu tərəfindən əsası qoyulan Azərbaycanı Öyrənmə Mərkəzi əsasında təşkil edilib.

Ötən əsrin 30-cu illərindən başlayaraq, Vəli Xuluflunun adı artıq xaricdəki türkoloji mərkəzlərdə də tanınıb. Onu xaricdə keçirilən bir sıra beynəlxalq türkoloji konfranslara dəvət ediblər. Türkoloq alimin türk xalqlarının yaxınlaşmasına xidmət edən fəaliyyəti və onu gündən-günə genişləndirməsi Moskvada xüsusi narahatlıqla qarşılanıb.  Qeyd edək ki, sovetlərin rəhbəri Stalin xüsusilə türk xalqlarının ortaq latın əlifbasına keçməsinə olduqca mənfi münasibət bəsləyirdi. Buna görə də onun göstərişi ilə türkdilli respublikalardakı bütün türkoloq alimlər ciddi nəzarət altına alınmışdılar. Bunu gizlətmək və gözdən pərdə asmaq üçün isə həmin dövrdə bəzi türkoloq alimləri hətta mükafatlandırmışdılar. Məsələn, Zaqafqaziya Federasiyasının yaradılmasının10 illiyi münasibətilə elmi-ictimai sahədə göstərdiyi xidmətlərə görə Vəli Xuluflunu “Fəxri tərifnamə” ilə təltif etmiş və ona qızıl saat hədiyyə vermişdilər. Kənardan baxana elə gəlirdi ki, mükafatlandırılan Vəli Xuluflu rejimin ən inanılmış adamlarından biridir. Amma bu, zahirən belə idi və rejim hər an bu vətənpərvər alimi həbs etmək üçün bəhanə axtarırdı. Amma alimin fəaliyyətində həbs edilməsi üçün cüzi bir fakt belə yox idi. Çünki Vəli Xuluflu və digər türkoloq alimlərin heç biri siyasətlə məşğul olmur, dövlət əleyhinə bəhanə kimi istifadə edilə biləcək bir söz belə dillərindən qaçırmırdılar. Lakin Stalin xalq və rejim düşmənləri adı altında milyonların ölümünə aparıb çıxaracaq repressiya maşınını işə saldı. Bu məqsədlə tərtib edilən xüsusi qara siyahıda Vəli Xuluflunun əksinqilabçı və millətçi təşkilatın üzvü olduğu qeyd edilərək, onun tezliklə həbs olunmasının məqsədəuyğunluğu bildirildi.

 

İşgəncələrlə onu

sındıra bilmədilər

1937-ci ilin əvvəllərində Azərbaycanda rejim üçün təhlükəli hesab edilən ziyalılar bir-birinin ardınca həbs olundular. Vəli Xuluflu ilə həmfikir olan bir neçə türkoloq alim də həbs edildi. Onlardan işgəncələr yolu ilə Vəli Xuluflu və digər tanınmış ziyalıların əksinqilabi fəaliyyətlə məşğul olmaları barədə ifadə alındı. Vəli Xuluflunun həbs olunması barədə qərarı isə Azərbaycan Xalq Komissarları Daxili İşlər Nazirliyində – NKVD-də işləyən  və həmin dövrdə minlərlə azərbaycanlı ziyalıya qənim kəsilən erməni cəlladı Sumbatov və onun əlaltısı, 3-cü şöbənin rəisi, leytenant Qalstyan imzalamışdılar.

İstintaq zamanı Vəli Xuluflu günahı olmadığını bildirdi. Ona işgəncələr verərək əksinqilabi fəaliyyətlə məşğul olduğunu boynuna qoymaq, adı qara siyahıda olan digər ziyalıların da rejim əleyhinə düşmənçilik fəaliyyətində olduğunu dedirtməyə çalışırdılar. Amma Xuluflu mətanətlə ona verilən işgəncələrə dözür və günahsız insanların xalq düşmənləri kimi adlarının hallandırılmasına razılıq vermirdi. Buna baxmayaraq, həbs edilən digər ziyalılardan alınan ifadələr əsasında Vəli Xuluflunun “günahı” sübut edildi.

 

Müəmmalı  güllələnmə

Rəsmi arxiv materiallarına inansaq, 1937-ci il oktyabr ayının 12-də Vəli Xuluflu üzərində əsl məzhəkəni xatırladan “məhkəmə”  başlandı.   O,  Azərbaycan Cinayət Məcəlləsinin 73, 64, 69, 17 və 70-ci maddələri ilə əksinqilabi fəaliyyətdə, pantürkist təşkilat yaratmaqda və Türkiyə xeyrinə casusluqda günahlandırıldı. Amma Vəli Xuluflu ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, günahı olmadığını bildirdi.  Təxminən 6 saat davam edən məhkəmə prosesindən sonra həyatını türk dünyasının mənəvi, mədəni və etnik birliyi yolunda mübarizəyə həsr edən bu böyük insan haqqında ölüm hökmü çıxarıldı.

Rəsmi arxiv materiallarına əsasən, Vəli Xuluflu məhkəmənin ertəsi gün güllələnib. Qeyri-rəsmi materiallar isə tamam başqa şey deyir.

Onu da əlavə edək ki, Vəli Xuluflu ilə eyni gündə digər məşhur türkoloq alim Bəkir Çobanzadə barəsində də ölüm hökmü çıxarılmış və onlar eyni gündə də güllələnmişlər.

1938-ci ilin yazında Xuluflunun həyat yoldaşı Fatma xanım həbs edilərək sürgünə göndərilib. Stalin dünyasını dəyişəndən sonra baş verən dəyişikliklər Xuluflular ailəsindən də yan keçmədi. Həmin dövrdə hələ də Xuluflular ailəsi bu böyük insanın güllələnməsindən xəbərsiz idi. Ancaq ailəsi onun sağ olmasına da olan ümidlərini itirmişdilər. Çünki Vəli Xuluflu sağ olsaydı hökmən ailəsinə məktub yazardı.

 

Mircəfər Bağırovun etirafı

Vəli Xuluflunun güllələnməsi barədə ailəsi ancaq Mircəfər Bağırovun məhkəməsi zamanı xəbər tutub. Məhkəmədə Bağırov bildirib ki, həbs olunan bir neçə adamın, o cümlədən Xuluflunun istintaqı ilə şəxsən maraqlanıb və onu nəzarət altında saxlayıb.  Xuluflunun günahını boynuna almaması Mircəfər Bağırovu çox qəzəbləndirib. Onun dindirilmə zamanı “günahı”nı boynuna almaması və müstəntiqlərin əksinqilabçı, millətçi kimi adını çəkdiyi adamların günahkar olduğunu təsdiq etməməsi Bağırovun səbrini daşdırıb. O “məhkəmə”dən öncə zirzəmiyə düşüb adı qara siyahıda olan adamların əksinqilabi fəaliyyətlə məşğul olduqlarını təsdiq etməyi tələb edib.  Bağırov etiraf edib  ki, Xuluflu bundan imtina edəndə əsəbiləşərək onu yerindəcə güllələyib. Sonra isə Xuluflunun guya məhkəmənin hökmü əsasında güllələndiyi barədə akt yazılıb. Mircəfər Bağırovun məhkəmədə Xuluflu barədə dediklərinin yalan və ya doğru olduğunu sübut etmək çətindir. Ancaq o aydındır ki, Xuluflu güllələnib və bu günə kimi də məzarının yeri məlum deyil. 1956-cı ilin 17 noyabrında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Vəli Xulufluya bəraət verib. Hazırda paytaxtımızdakı bir küçə bu böyük  alimin adını daşıyır. Onun xatirəsi isə bu gün də  ürəklərdə yaşayır. Əziz Mustafa