Vəli Xuluflu – böyük alim, yazıçı-publisist (1)

506
Məsul vəzifələrdə işlədiyi dövrlərdə o, xalqın milli ruhda tərbiyə olunması, milli varlığımızın qorunub saxlanılması istiqamətində apardığı gizli mübarizəni daha əzmlə davam etdirib. Buna görə də şifahi xalq ədəbiyyatı nümunələrini geniş şəkildə toplayaraq çap etdirib. O, çıxışlarında və müxtəlif səpgili yazılarında bu fikri dönə-dönə vurğulayıb: “Folklor xalqın qan yaddaşıdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq, keçmişimizlə gələcəyimiz arasında varisliyi qoruyub saxlamaq lazımdır”.
Bu məqsədlə də o, 1920-1930-cu illərdə dəfələrlə Qazax, Tovuz, Göyçə, İrəvan, Gəncə, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Goranboy və Naxçıvan bölgələrinə səfərlər edib. Xalq arasında həm folklor nümunələrini toplayıb, həm də Aşıq Hüseyn, Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və digər aşıqların əsərlərini üzə çıxararaq, onları kitab halında nəşr etdirib. Eyni zamanda müxtəlif illərdə topladığı şifahi xalq ədəbiyyatı nümunələri əsasında “Azərbaycan folkloru” kitabını nəşr etdirib.

 

 

 

 

Vəli Xuluflu Azərbaycan türkologiyasında böyük xidmətləri olan alimlərdən biridir. Bir vaxtlar onun yorulmaz fəaliyyəti çoxlarını heyrətə salmış, eyni zamanda türk düşməni olan bolşevik rejiminin yuxusunu qaçırmışdı. Halbuki o, gəncliyində bolşevizmin qızğın tərəfdarı olmuşdu. V. Xuluflu Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra (1921-22-ci illərdə) Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləmişdi. Amma o, tezliklə rejimin siyasi mahiyyətini anlayaraq həyatını elmə sərf etməyi qərara almış və bu məqsədlə də xalq folklorunu toplamağa və tədqiq etməyə başlamışdı. Bir müddət yeni türk (Azərbaycan) əlifbasını hazırlayan komitədə işləmişdi. Vəli Xuluflu sonralar Orta Asiya respublikalarını gəzmiş və həyatının bir neçə ilini türk xalqlarının ortaq latın əlifbasının hazırlanmasına sərf etmişdi.

Alim elm sahəsində xidmətlərinə və təşkilatçılıq bacarığına görə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının direktor müavini vəzifəsinə irəli çəkilmişdi. O, milli adət-ənənələrimizin, dilimizin qorunub saxlanılması uğrunda çalışan görkəmli alimlər – Bəkir Çobanzadə, Xalid Xocayev, Salman Mümtaz və digərləri ilə birlikdə mövcud rejimə qarşı gizli mübarizəyə başlamışdı. Bolşevik rejimi isə  bunu ona bağışlamamışdır. Lakin həbs etsələr də onu sındıra, yoldaşlarını satmağa məcbur edə bilməmiş, günlərin birində, necə deyərlər, gedər-gəlməzə göndərmişlər.

Vəli Xuluflu sinəsində vətən, türkçülük eşqi döyünən böyük insan, türkoloq, folklorşünas alim, yazıçı-publisist olmuşdur.

 

İnqilabçı gənc

Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun ( keçmiş Yelizavetpol quberniyası) Xuluflu qəsəbəsində anadan olub. O, uşaqlığından hər şeyə maraq göstərməsi, gördüklərini və danışılanları yadda saxlamaq qabiliyyəti ilə ətrafındakıların diqqətini cəlb edib. 11 yaşında ikən (1905) onu mollaxanaya qoyublar. O, iki il ərzində burada ibtidai təhsil alıb. Sonra isə “Mədrəseyi-Ruhaniyyə”də təhsilini davam etdirib. Vəli buranı uğurla başa vurub. Buna görə də onu oxuduğu məktəbdə müəllim saxlayıblar. Hələ məktəbdə oxuyarkən o dövrdə baş verən hadisələr, o cümlədən çar Rusiyasının ucqarlarında güclənən milli oyanış gənc Vəlidə dərin izlər buraxıb. Təbiətən çox enerjili olan bu gənc həmin dövrdə tanış olduğu bir çox inqilabçıların təsiri altında onların sıralarına qoşularaq gizli inqilabi fəaliyyətə başlayıb. Həmin dövrdə ona elə gəlib ki, Azərbaycanın inkişafına yol inqilabdan keçir və bunsuz xalqın milli oyanışına nail olmaq mümkün olmayacaq. 1913-1920-ci illərdə o, eyni zamanda Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış edib.

 

Bolşeviklərdən üz döndərir

Azərbaycan ilk dəfə müstəqilliyini əldə etdiyi illərdə Vəli Xuluflu pedaqoji fəaliyyətini davam etdirib. Həmin dövrdə o, belə demək mümkünsə, bolşeviklərdən nicat gözləyən nərimanovçuların təsiri altında olub. Bu isə onun siyasi baxımdan yetkinləşməməsindən irəli gəlib. O, siyasətçi deyil, ədəbiyyatçı idi. Ona görə də inqilaba daha çox ədəbi, romantik baxımından yanaşıb. Amma bolşeviklər Azərbaycanı işğal edəndən sonra o anlayıb ki, onların əsas məqsədi Bakı neftini ələ keçirmək, çar imperiyasını yeni adla bərpa etməkdir. 1920-ci ildə Vəli Xuluflunu Azərbaycan K(b)P-nin I qurultayına nümayəndə seçiblər. 1921-ci ildə isə onu Gəncə quberniyası qəza partiya komitəsinin katibi vəzifəsinə irəli çəkiblər. O, burada işlədiyi müddətdə bolşeviklərin xalqa etdikləri zülmləri görüb və bacardığı qədər bunun qarşısını almağa çalışıb. Buna görə də ondan şübhələnməyə, hər addımını izləməyə başlayıblar və günlərin birində onu işdən azad ediblər. İşdən azad edildikdən bir müddət sonra Vəli Xuluflunu etibarsız adam kimi partiya sıralarından da xaric ediblər. Lakin Vəli Xuluflu günahsız olduğunu sübuta yetirə bilib və 1927-ci ildə onu yenidən partiya sıralarına bərpa ediblər.

Buna baxmayaraq, Vəli Xuluflu artıq bolşeviklərə inanmayıb və onlara qarşı gizli mübarizəyə başlayıb. Partiya sıralarına da şübhə doğurmadan gizli mübarzəsini davam etdirmək üçün bərpa olunub. Həmin dövrdə o özünün siyasətçi ola bilməyəcəyini başa düşərək, xalqı milli ruhda tərbiyə etmək yolu seçib və ömrünün sonuna kimi də bu ideallarına sadiq qalıb. Bu məqsədlə xalq arasına gedərək şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa başlayıb. Çünki bolşevik rejiminin əsas məqsədinin xalqı manqutlaşdırmaq, onu öz kökündən ayıraraq assimilyasiya etmək olduğu bir çox ziyalılar kimi, Vəli Xulufluya da məlum idi.

 

“Folklor xalqın qan yaddaşıdır”

1922-1927-ci illərdə Vəli Xuluflu Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuyub.  Bu vaxt onu yeni təşkil edilən Əlifba Komitəsinin üzvü seçiblər.  Sonra V. Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, sonra yeni təşkil edilən  Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru vəzifələrində çalışıb.

Məsul vəzifələrdə işlədiyi dövrlərdə o, xalqın milli ruhda tərbiyə olunması, milli varlığımızın qorunub saxlanılması istiqamətində apardığı gizli mübarizəni daha əzmlə davam etdirib. Buna görə də şifahi xalq ədəbiyyatı nümunələrini geniş şəkildə toplayaraq çap etdirib. O, çıxışlarında və müxtəlif səpgili yazılarında bu fikri dönə-dönə vurğulayıb: “Folklor xalqın qan yaddaşıdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq, keçmişimizlə gələcəyimiz arasında varisliyi qoruyub saxlamaq lazımdır”.

Bu məqsədlə də o, 1920-1930-cu illərdə dəfələrlə Qazax, Tovuz, Göyçə, İrəvan, Gəncə, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Goranboy və Naxçıvan bölgələrinə səfərlər edib. Xalq arasında həm folklor nümunələrini toplayıb, həm də Aşıq Hüseyn, Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və digər aşıqların əsərlərini üzə çıxararaq, onları kitab halında nəşr etdirib. Eyni zamanda müxtəlif illərdə topladığı şifahi xalq ədəbiyyatı nümunələri əsasında “Azərbaycan folkloru” kitabını nəşr etdirib.

Vəli Xuluflunun ən böyük xidmətlərindən biri də Ahıska türklərinin folklorunu toplamaq olub. O, sanki illər sonra ahıskalıların başına gətiriləcək bəlaları, onların doğma yurd-yuvalarından Orta Asiyaya və Qazaxıstana sürgün ediləcəyini öncədən hiss edib. Bu məqsədlə də o, Gürcüstana Ahıska türklərinin daha sıx yaşadıqları yerlərə gedərək, bir neçə ay onların arasında qalıb və ahıskalıların folklorunu toplayıb. Geri qayıdan kimi də topladıqlarını kitab halında nəşr etdirib. Bu gün MDB məkanının hər yerinə səpələnən Ahıska türklərinin folkloru bu böyük alimin fəaliyyəti sayəsində qorunub. Amma onu da qeyd edək ki, ahıskalılar arasında da Vəli Xuluflu yalnız folkloru toplamaqla kifayətlənməyib, həm də onlar arasında bolşeviklərə qarşı mübarizəni, türk xalqları arasında birlik, vahid mövqedən çıxış etmək, yumruq kimi birləşmək  ideyalarını təbliğ edib.

Vəli Xuluflunun ən böyük xidmətlərindən biri də el-el gəzərkən şifahi xalq sənətinin ən çox yayılmış növlərindən biri olan tapmacaları da toplaması olub.  O, xalqın yaratdığı tapmacaları toplayaraq 1928-ci ildə “Tapmacalar” adı altında dərc etdirib. Bununla da o, gələcək nəsillər qarşısında əvəzsiz bir xidmət göstərib.