Vəli İsrafilov ölkəmizin Paralimpiya tarixində rekord müəyyənləşdirib

37

Azərbaycan üzgüçüsü Vəli İsrafilov ölkəmizin Paralimpiya tarixinə düşüb.

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında qızıl medal qazanan V.İsrafilov bu uğura 18 yaş 325 günlüyündə nail olub. V.İsrafilov ölkəmizin ən gənc Paralimpiya çempionu kimi Azərbaycanın idman tarixinə düşüb. Təmsilçimiz həmin yarışda Paralimpiya rekordu da müəyyənləşdirib.

V.İsrafilov 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində yaradılan Uşaq Paralimpiya Komitəsinin yetirməsidir.

Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. azərtac