Vəd olunan limit söz olaraq qalıb

0
543

AFFA-nın sonuncu Hesabat Konfransı çox müzakirə olundu, hər şeyin bir həddi olsa da, bu müzakirələrin həddi olmadı. Əslində, mövzunu konfransa rəhbərlik edən şəxslər vermişdilər.

Rövnəq Abdullayevin məlum “Sumqayıt” açıqlaması, komandaların sayının artırılması ilə bağlı verilən vədlər, maliyyə hesabatı və bu kimi digər məqamlar yol açdı müzakirələrə.

O vaxt limit tətbiqi də kifayət qədər danışıldı. 6+3+1 limiti çox danışıldı. Bildirildi ki, bir 21 yaşlı oyunçunun əsas heyətdə mübarizə aparması, bir 23 yaşa qədər oyunçunun isə mütləq ehtiyat skamyada olması eləcə də oyun ərzində 21 yaşlı oyunçunun məhz 21 yaşlı oyunçu ilə əvəz olunması ilə bağlı verilən qərar yerli gənc futbolçuların qiymətini qaldıracaq.

Amma həmin vaxt Rövnəq Abdullayev bildirdi ki, gənc oyunçuların qiymətinə limit qoyulacaq. Rövnəq müəllimin həmin vaxt dediyi söz elə deyəsən, söz olaraq qalıb.

Necə? Bu gün klublar gənc yerli oyunçuların od tutub yanan qiymətinə görə narahatdırlar. Artıq bir neçə klub rəsmisi bizimlə söhbətində bildirib ki, ötən mövsüm ara-sıra oynayan futbolçular minimum 3500 manat maaşa oynamaq istəyirlər,10, 15 oyun keçirən və futbol sahəsində  ilk addımlarını atan oyunçular isə minimum 5000 manat tələb edirlər.

Açığı, mənim kiminsə pulunu saymaq fikrim yoxdur. Sadəcə, bu həyatı, praktikanı yaşayan insan kimi deyə bilərəm ki, az-az, amma həmişə prinsipi ilə yaşamaq lazımdır. Mən kiçik qardaşlarıma məsləhət görürəm ki, pula görə özlərini məhv etməsinlər.

Əgər bir gənc qardaşıməz özünü  bu klubda görmürsə, bu klubda oynaya biləcəyini düşünmürsə, hər hansı bir menecerin şəxsi münasibətlərinin qurbanı olmasın. Az qazansın, amma gələn il də təkliflər içində olsun. Bir il 5 min manat alıb, ehtiyatda oturmaqsansa, yenə oyuna avtobusla gəlib-getmək, amma heyətə düşmək daha yaxşıdır. Mənim şəxsi düşüncəm belədir.

Əgər bir insan ki,  bütün addımlarını pula görə  atırsa, əmin olun ki, həmin addımların çoxu səhvdir.

Yenə deyirəm, kiminsə pulunu saymaq, kiminsə çörəyinə bais olmaq niyyətim yoxdur. Amma fakt odur ki, pul, bahalı maşınlar, gecə klubları,  qəlyan  o qədər futbolçumuzu öz dumanında uçurub ki… insan həmin istedadlara görə təəssüflənir.

Vaxtilə Azərbaycana yeni perspektiv gəlir gözü ilə baxdığımız futbolçu bir maşın və maksimum bir ev aldıqdan sonra yoxa çıxır. Ya baş məşqçi ilə mübahisə edir, ya hərəkətlərinə sərhəd qoymur. Nəticədə kənarda qalır… O qədər olub ki, belə hadisələr… Amma daim məqsədi olan insanların, daim nəyəsə can atan insanların uğur qazanmaq şansları daha çoxdur.

Ümid edirəm ki, hər bir futbolçumuzun məqsədləri var. Sözsüz, uşaqlığın “mən “Real”da, “Barselona”da oynayacağam” arzuları 18 yaşdan sonra puça dönür. Çünki məlum məsələdir ki, Azərbaycan hələ futbol ölkəsi kimi qəbul olunmur. Və məlum məsələdir ki, “Barselona”nın skautları Argentinaya aldıqları biletləri Azərbaycana dəyişəsi deyillər…

Sadəcə, arzularla yaşamaq lazımdır ki, yaşasayan. Ən azından milli komandada oynamağı hədəfləmirsənsə, o zaman bu işdə nə işin var?

Qardaş, vallah inkişafı düşünmək lazımdır. Yoxsa, 5 min maaş, ev, maşın və digər məqamlar boş şeydir. Bunlar vacibdir. Amma  bütün bunlar sənin inkişafına mane olmamalıdır. Lakin çox təəssüf ki, bizdə peşəkarlıq yüksək səviyyədə olmadığı üçün kənar təsirlər karyeraya birbaşa mane olur. Odur ki, Rövnəq müəllimin dediyi limitin tətbiq edilməsi ilə həm klubların işi asanlaşar, həm də gənclərin itib-batmasının qarşısı alınar!

ELGİZ ABBASOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here