Vəcihə Səmədovanın “Azərbaycan bəstəkarları”ndakı bəstəkarlarımız kimlərdir?

491

Bu günlərdə Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın bir rəsm əsəri diqqətimi daha çox cəlb etdi. Lakin rəsm əsərindəki Üzeyir Hacıbəyov və Fikrət Əmirovdan başqa, digər dörd tarixi şəxsi tanımaqda çətinlik çəkdim. Bu narahatçılığıma son qoymaq məqsədi ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə müraciət etdim. O dedi: “Bəli, haqqında söhbət açdığınız rəsm əsəri adı təsviri sənət tariximizə qızıl hərflərlə yazılmış Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya məxsusdur. Özü də o həmin əsəri V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda diplom işi kimi işləyib. Əsərin rəsmi adı “Azərbaycan bəstəkarları” olsa da, çox vaxt onu bilavasitə dahi musiqiçinin adı ilə – “Üzeyir Hacıbəyli tələbələri arasında” və yaxud “Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarları arasında” adlandırırlar. Onu da deyim ki, üfüqi kompozisiyanı müasir Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin tələbələri ilə birlikdə yeni musiqi əsərini dinləməsi təşkil edir. Fiqurların duruş müxtəlifliyi qabarıq duyulan əsərdə rəssam kompozisiyaya daxil edilən obrazları musiqinin hakim kəsildiyi auraya müvafiq -düşüncələrlə baş-başa təsvir etmişdir. Bir nəfərin də baxışı tamaşaçıya zillənməyən tabloda bütün musiqiçilər sözün əsl mənasında öz aləmindədirlər. Həm sağda ayaq üstə stula söykənən Süleyman Ələsgərov, həm onun qarşısında oturmuş Ədilə Hüseynzadə, sağ tərəfində stulda qərarlaşmış Cahangir Cahangirov və dayanan Fikrət Əmirov ifa olunan musiqinin ruhuna bələnmiş kimidirlər. Amma onların ilk baxışda sezilməyən hərəkətlərində nəzərləri naməlum istiqamətə tuşlanmış Üzeyir bəyə yönəli bir gizli “tələbə baxışı” mövcuddur. Başqa sözlə desək, gənc bəstəkarlar pianoçu tərəfindən səsləndirilən musiqiyə müəllimlərinin nə deyəcəyi intizarındadırlar”.
Ziyadxan müəllim daha sonra dedi: “Rahatlıq duyulan bu işıqlı otağın interyeri də dinlənilən musiqi ruhuna yaxın – çox nikbin tutumludur. Bu kompozisiya həm süjetli tablonun tələblərinə cavab verən çoxfiqurlu əsər kimi, həm də sonralar Azərbaycan musiqisinin mənəvi yükünü şərəflə daşıyacaq gənc F. Əmirov, S. Ələsgərov, Ə. Hüseynzadə və C. Cahangirovun gənclik dövrlərinin ikonoqrafik əlamətlərini daşıdığına görə böyük əhəmiyyət kəsb edir. Poza sərbəstliyində ifadə olunan təbiilik, eyni zamanda fiqurların düzülüşünə görə kompozisiyaya ritmli dinamika bəxş etdiyindən əsər çox cəlbedici baxılır. İlk baxışda rənglərin qabarıqlığı duyulmasa da, diqqətli baxış zamanı musiqiçilərin geyimlərində duyğulandırıcı rəng çalarlarını və incə keçidlərini görmək mümkündür. Kompozisiyada tətbiq olunan bütün bədii-maddi komponentlər onun bütövlüyünün əldə olunmasını şərtləndirmişdir, desək, həqiqəti söyləmiş olarıq…”
Ziyadxan müəllimin sözlərinə görə, “Azərbaycan bəstəkarları” süjetli tablosu Azərbaycan rəngkarlığının yaddaqalan nümunələrindən sayılır. Tarixi əhəmiyyətli əsərin bu gün dahi bəstəkarın ev muzeyinin ekspozisiyasını bəzəməsi də əsərin yüksək bədii-estetik daşımasından irəli gəlir.
Qvami Məhəbbətoğlu