… və başqaları

408

Sevimli şairimiz Musa Yaqubun uzun illər əvvəl oxuduğum və hər dəfə xatırlayanda gülümsədiyim bu ikicə misrası heç yadımdan çıxmır:

Həmişə adıma növbə çatanda

Bir söz eşitmişəm: və başqaları…

O şeirin yazıldığı illərdə ölkəmizdə (təkcə ölkəmizdə yox, bütün Sovet məkanında) şairlər, yazıçılar cəmiyyətin ən məşhur, ən mötəbər nümayəndələri sayılırdılar. Amma bir məsələ də vardı ki, hansı şair dövlətin ideologiyasını daha “parlaq” və “alovlu” əsərlərlə tərənnüm edirdisə, adı siyahının ön cərgəsinə yazılırdı. Təbii ki, Musa müəllim kimi ürəyinin sözünü demiş söz əhlinin adı heç cür başa yazılmazdı və qismətə baxın ki, heç indi də yazılmır. Amma nə dəxli var, kim onun adını hara yazır-yazsın, Musa Yaqub göz yaşı kimi duru, tamiz, məkrsiz, riyasız şeirləri ilə öz adını könüllərə həkk edə bilmiş şairimizdir. Bu yazdığı da əslində dərd deyil, qayğı deyil, elə o siyahını tutanlarla bir növ zarafatlaşmaq, məzələnmək kimi bir şeydir.

“Və başqaları” əslində qatarın ümumi vaqonu kimidir, burada hər hansı imtiyaz, üstünlük tanınmır. Birisinin fərqlənməsi, irəli gedə bilməsi üçün ilk növbədə “və başqaları” vaqonundan çıxması lazımdır.

Əslində yazını başqa cür başlamaq istəyirdim, necə oldusa Musa müəllimin o iki misrası yadıma düşdü və hər şey fərqli tərəfə meylləndi. Daha çox “bəzi-bəzi adamlar”dan bəhs etmək istəyirdim. Tez-tez rast gəlirik bu ifadəyə. Cəmiyyətdə birisinin biabırçı əməlləri hər kəsə məlum olur və kimsə həmin şəxsdən yazanda ad çəkmək əvəzinə məsələni “bəzi-bəzi adamlar”la həll etməyi üstün tutur. Və yaxud bəzi-bəzi media quruluşları özlərini çox demokratik, azadfikirli elan edir, amma bəzi yazarlara bəzi mövzularda yazmağı və bəzi adları çəkməyi yasaqlayırlar. İcazə varsa, döşə, yoxdursa, elə “bəzi-bəzi” ilə başını girlə. Sonra da kimsə deməsin ki, sən o mövzuya toxunmamısan. Tez-tez belə söhbətlər eşidirsən: Bəzi rayonlarda bəzi məmurlar özbaşınalıq edirlər; bəzi bankirlər yüksək məbləğidə “şapka” almadan kredit vermirlər; bəzi araqarışdırıcı ünsürlər yenə öz təxribatçı əməllərindən əl çəkmirlər…

Hərdən sovet dövrünün hər cür zövqünü yaşamış şair, yazıçıların söhbətlərinə qulaq asıram və məəttəl qalıram. Yaxasını sovetin medalı ilə doldurub, indi də deyirki, dissident imiş. Həm də bəzi-bəzi adamların ona bədxahlıq elədiyini söyləyir.

Adam öz mənliyini itirəndə, qorxu hissinə tabe olanda “bəzi-bəzi”lərin ümidinə qalır. Biz də məzi-bəzi məsələlərdən dolayı bu söhbəti uzatmayaq, bu “bəzi-bəzi adamlar”dan qurtarıb, bir-iki kəlmə də “lazım gələrsə”dən danışaq. Hansı məqamda işlədilməsindən asılı olmayaraq ifadədən zəhləm gedir. O şey ki, lazımdır, elə, qurtarsın getsin, o şey ki, lazım deyil, daha niyə danışırsan? Ən çox da müharibə haqqında işlədirlər: “Lazım gəlsə, bu yaşımda silah götürüb erməninin üstünə gedərəm”. Əsla! Belə şeyi ağlından da keçirmə! Heç əli-ayağı işə yarayanda daş üstünə daş qoymayıb, indi bir işə yaramadığını özünün də, başqalarının bildiyi üçün bu qədər əminliklə meydan oxuyur. Əsla belə şey eləmə! Ermənilərin iyirmi iki il əvvəl əlimizdən aldığı Qarabağda doğulmuş dığa bu gün əlinə silah götürüb, biz tərəfə güllə atır, biz hələ lazım bilmirik. Dəyərli oxucularım elə düşünməsinlər ki, mən təcili müharibə istəyirəm, sadəcə bu cür danışanların səmimiyyətinə inanmadığımı söyləyirəm. Sevdiyim bir söz var: vuran oğul dayısına baxmaz.

Nə deyim ee, hərə bir cür başını girləyir dəə. Biz məsləhət bilsək də, bilməsək də bəzi-bəzi məsələləri bəzi-bəzi tədbirlər halında həll etmək bəziləri üçün daha məqsədəuyğundur. Diqqət yetirdinizmi, biz də bu qədər yazı ilə başınızı qatdıq, amma bir dəfə də olsun ad çəkib başımızı bəzi-bəzi problemlərə salmadıq. Nəyimizə lazımdı axı? Bir də ki, bizim bu dəyərli oxucularımız var haa, gözləri ilə də, qulaqları ilə də darı dəlirlər. Kimsə narahat olmasın, bizim nə demək və hansı mətləblərə eyham vurmaq istədiyimizi havadaca anladılar. Vəssalam.