“Uzun müddət diyet saxlamaq öd daşı xəstəlikləri yaradır”

438

Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı
Səhiyyə rubrikamızda bu dəfə son zamanlar tibdə geniş tətbiq olunan laparoskopik cərrahiyyə, onun xəstə üçün müsbət tərəfləri, eyni zamanda mədə xorası, əlamətləri, müayinə və müalicəsi, apendisit əməliyyatının hansı xəstələrə tətbiq olunması, öd daşı xəstəliklərini əmələ gətirən səbəblər haqqında suallarımızı ümumi cərrah Qüdrət Qəhrəmanov cavablandırır.
– Laparoskopik cərrahiyyə nədir, necə aparılır?
– Laparoskopik cərrahiyyə qarın boşluğunun endoskopik yolla əməliyyat edilməsidir. Bu əməliyyat hər xəstəyə tətbiq olunmur. Bunun üçün xüsusi göstəriş olmalıdır. Dünya praktikasında son zamanlar qarın boşluğunun əməliyyatlarının çox hissəsi, demək olar ki, artıq laparoskopik yolla icra olunur. Qarın boşluğunda iki, üç və ya dörd dəlikdən (xəstəlikdən asılı olaraq) keçərək xüsusi alətlər vasitəsilə olur.
– Bu əməliyyat növünün üstünlükləri nələrdir?
– Laparoskopik əməliyyatın xəstə üçün iki üstünlüyü var. Birincisi, kosmetik cəhətdən üstünlüyü, ikincisi isə açıq əməliyyatdan fərqli olaraq xəstə daha tez ayağa qalxır, normal həyat tərzinə daha tez qayıdır. Açıq əməliyyatdan sonra xəstəxanada 5 gün və ya 1 həftə qalmalı olurdusa, laparoskopik əməliyyatdan sonra xəstənin keçirdiyi əməliyyatın həcmindən asılı olaraq, açıq əməliyyatlara nisbətən klinikada qalma müddəti qısadır. Hətta bəzi laparoskopik əməliyyatlardan sonra 24 saatdan qısa vaxtda da xəstəni evə buraxmaq olur. Bu həm də iqtisadi cəhətdən əlverişlidir. Belə olduqda bir neçə günlük xəstəxana məsrəflərindən azad olur.
– Riskləri varmı?
– Hər bir əməliyyatın böyüklüyündən, kiçikliyindən asılı olaraq, özlərinə görə riskləri mövcuddur. O cümlədən endoskopik əməliyyatların da riski olur. Ancaq bu, icra olunan əməliyyatın növündən və qarın boşluğunda hansı orqanın əməliyyat olunmasından asılı olaraq dəyişir. Məsələn, endoskopik yolla öd kisəsi əməliyyatı olan bir xəstədə ürək-damar patologiyası olarsa, çəkisi həddən artıq olarsa və ya öncədən qarın boşluğunda keçirdiyi hər hansı bir açıq əməliyyat olubsa, əməliyyata girməzdən əvvəl həkim tərəfindən bunlar dəyərləndirilir. Lakin açıq əməliyyatdan fərqli olaraq, laparoskopik cərrahiyyədə risk faktoru daha az olur.
– Laparoskopik cərrahiyyədə yaş həddi varmı?
– Demək olar ki, son zamanlar dünya praktikasında bu əməliyyat növündə hər hansı bir yaş həddi qoyulmur. Hətta ana bətnində olan uşağa endoskopik yolla innovaziv əməliyyat tətbiq olunur.
– Daha əvvəl açıq əməliyyat olan bir xəstəyə laparoskopik əməliyyat tətbiq olunurmu?
– Əvvəllər bir xəstə qarının ön divarında hər hansı bir əməliyyat keçirmişdisə, bu endoskopik cərrahiyyə üçün əks göstəriş hesab olunurdu. Lakin son zamanlar bu, əks göstəriş sayılmır. Minimum bir kəsikdən endoskopik yolla qarın boşluğuna baxılır və mümkündürsə, əməliyyat tətbiq olunur.
– Xəstə hansı hallarda apendisit əməliyyatı olunur?
– Apendisit əməliyyatı üçün xüsusi göstəriş olmalıdır. Bu zaman xəstənin ilkin şikayəti çox önəmlidir. Qan analizləri, ultrasəs müayinəsi və ehtiyac olarsa, kompüter tomoqrafiyası olunduqdan sonra dəqiq diaqnoz qoymaq olur.
– Apendisit varsa, xəstədə necə əlamət göstərir?
– Apendisit, ilk növbədə, xəstədə ağrı ilə müşahidə olunur. Əsasən ağrı epiqastrial (qarınüstü ) və göbək nahiyəsindən başlayır və qarının sağ aşağı hissəsində lokallaşır. Bir və ya iki dəfə qusma halları və temperatur müşahidə olunur.
– Apendisit digər xəstəliklər kimi dərman müalicəsi ilə sağala bilirmi, yoxsa əməliyyat mütləqdir?
– Apendisit korbağırsağın qurtaracağında soxulcanabənzər çıxıntıdır. Onun daxilinə düşən hər hansı mikrob və ya nəcis daşları artıq iltihablanmağa başlayır. Bu geri sovurulmayan bir xəstəlik olduğundan ilk 12, 24 və ya 48 saatı keçdikcə proses sürətlənir. Burada ancaq əməliyyat yolu ilə müdaxilə edilir. Qeyd edim ki, apendisit əməliyyatının 99 faizi laparoskopik yolla olunur.
– Bəzilərində belə bir fikir formalaşıb ki, gələcəkdə yaranacaq problemin qarşısını almaq üçün uşaq doğulan kimi appendisit əməliyyatı olunsun. Bu düzgündürmü?
– İlk öncə onu deyim ki, heç bir orqanın varlığı səbəbsiz deyil. Hər bir orqanın insan bədənində öz funksiyası vardır. Korbağırsağın soxulcanabənzər çıxıntısı immun sisteminin yaranmasında ilk dövrlərdə rol oynayır. Onu kəsib götürmək düzgün deyil.
– Mədə xorası xəstəliyi necə yaranır?
– Bu xəstəliyin yaranmasına bir çox faktor təsir edir. Qidalanma, irsi meyillilik, başqa xəstəliklərlə əlaqədar qəbul edilən dərman preparatları, ağrıkəsici preparatlar, siqaret çəkmək, alkoqol qəbul etmək, müalicə olunmayan qastrit xəstəliyi bu problemin ən böyük səbəbi hesab olunur. Bu xəstəlikdə yaş faktoru da rol oynayır. Belə ki, yaşlı bir insanda aşkar olunan xora xəstəliyi gənc yaşda olan xəstə ilə eynilik göstərmir. Çünki bəzən onkoloji xəstəliklər xoralaşma dövrü keçə bilir. Ona görə də dəqiq diaqnoz üçün xəstə endoskopiya olunmalı, ehtiyac olarsa, biopsiya götürülməlidir.
– Mədə xorasının əlamətləri nələrdir?
– Xəstədə qarınüstü (epiqastral) nahiyədə acqarına və qida qəbulu ilə əlaqədər olan ağrı, kəskinləşmə dövründə ürəkbulanma, qusma və bununla yanaşı, qan qusma, təzyiqin aşağı düşməsi, başgicəllənməsi, halsızlıq kimi əlamətlər müşahidə olunur. Xoralar qanaxmaya meyilli olduqda isə onda zəif və gizli qanamalar olur ki, bu da özünü nəcisin qara rəngdə olması ilə göstərir.
– Mədə xorası hansı mərhələdə xərçəng xəstəliyinə çevrilir?
– Bu xəstəliyin yaş faktoru və xəstəliyin gecikdirilməsi baxımından xərçəngə çevrilmə ehtimalı var. Amma bir insan mədə xorasından əziyyət çəkirsə, bu o demək deyil ki, 1-2 il sonra xərçəng olacaq. Qeyd etdiyim kimi, yaş və xəstəliyin gecikdirilməsindən asılı olaraq bu ehtimal dəyişir. Xora xəstəliyi müalicə olunmadıqda xərçəngə çevrilə bilər.
– Öd daşı xəstəliklərini yaradan səbəb nələrdir?
– Bunun bir çox səbəbi var. Ən əsas faktorlardan biri qidalanmadır. Məsələn, elə insanlar var ki, arıq olduğu halda, onlarda öd daşı xəstəlikləri əmələ gəlir. Bu hallarda səbəb genetik faktor olur. Xolesterin miqdarı çox olduqda, bağırsağın kron xəstəliyi, bəzi hemotoloji xəstəliklər fonunda, şəkərli diabet olanlarda, hamiləlik dövründə öd kisəsində daşlar əmələ gələ bilir. Uzun müddət diyet saxlayan xanımlarda da öd daşlarının yaranma ehtimalı yüksəkdir. Belə ki, vaxtlı-vaxtında yemək yemədikdə öddə durğunluq yaranır, çöküntü artır və öd daşı əmələ gəlir.
– Öd daşı xəstəliyindən əziyyət çəkən xəstələr qidalanmada nəyə diqqət etməlidirlər?
– Yağlı qızartılar yeməməli, az, amma tez-tez yeməli, çox hərəkət etməlidir.
– Bu xəstəlik necə əlamət göstərir?
– Öd daşı xəstəliyində ağrı epiqastral və sağ qabırğaaltı nahiyəsindən başlayır və kürəyə verir. Ağrı tutma şəklində olur. Bəzən 1 saatdan saatyarıma və ya yarım saatdan 1-2 saata qədər çəkə bilir. Ürəkbulanma, qusma, halsızlıq halları da ola bilir. Amma proses kəskin artdıqda, öd kisəsindəki daşlar ümumi öd yollarına düşdükdə buraya sarılıq əlaməti qoşulur. Öd daşı olan xəstələrdə də əməliyyat laparoskopik yolla icra olunur.