Üzeyir bəyin tələbəsinə bağışladığı piano

32

18 sentyabr dahi bəstəkar, böyük  ictimai xadim, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəylinin  Azərbaycanın taleyinə günəş kimi doğulduğu gündür. Təsadüfi deyil ki, doğma Azərbaycanın hər səhəri onun yadigarı olan Dövlət Himnimizin sədaları ilə açılır. 18 sentyabr ölkəmizdə həm də  Milli Musiqi Günü kimi qeyd olunur. Bu  gün  bizimlə  yanaşı addımlayan 136 yaşlı  ölməz sənətkarımızın fədakarlığı, cəfakeşliyi və vətənpərvərliyi  haqqında nə qədər  kitab və məqalələr yazılsa da  az olar.  Bu kiçik  yazıda bütün əsərlərində insan azadlığını tərənnüm edən, istibdada, zülmə, hökmranlığa qarşı çıxan Üzeyir bəyin  sürgündən xilas  etdiyi bir tələbəsi – şair, alim, həkim bəstəkar,  pedaqoq Mir Kazım Aslanlı haqqında  söhbət açmaq istəyirəm.

…Ötən əsrin  şəxsiyyətə pərəstiş dövrünün  evlər yıxıb, qapılar  bağladığı  vədələrdə  bəy  oğlu  25  yaşlı Mir Kazım Aslanlının  başının üstünü almış  qorxunc  buludları  Üzeyir Hacıbəyli dağıtmış, haqsız  yerə   həbs olunmasının, sürgünə göndərilməsinin qarşısını almışdır.  Dahi bəstəkar  ixtisasca ali təhsilli aqronom və  həkim  olan Mir Kazımın musiqiyə  sonsuz marağını  görüb onu konservatoriyada həm  işə qəbul edir, həm də orada musiqi təhsili almasına  şərait yaradır…

Üzeyir bəylə müəllim-tələbə münasibətlərindən söz düşəndə  M. Aslanlı  deyirdi: “Arşın mal alan”da  Əsgərin “Halal olsun, Süleyman” kəlməsini xatırlayırsınız?  Bax, mənə də  Süleyman Ələsgərov  məsləhət bildi ki, Üseyir bəylə  tanış olum…”  Otuzuncu  illərin tamamında Uzeyir bəylə yaxın ünsiyyəti  M.Aslanlının üçüncü ali təhsil almasına – bəstəçilik və ifaçılıq sənətinə  yiyələnməsi ilə sonuclanır. Üzeyir bəy  hətta sevimli tələbəsinə  piano da hədiyyə edir.  Eyni zamanda,  ona  şəhərin Əli Bayramov küçəsində  birotaqlı  mənzil  verilməsinə   birinci müavini vastəsi ilə köməklik göstərir.  O zaman  Azərbaycan  Konservatoriyasının rektorunun birinci müavini  Üzeyir bəyin qohumu Ramazan Xəlilov idi.   Professor  R. Xəlilov sonralar Ü. Hacıbəyovun Dövlət  Xatirə-Ev  Muzeyinin direktoru vəzifəsində çalışmış,   Əməkdar  mədəniyyət xadimi, “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tələbə yoldaşım, Üzeyirbəyşünas  alim Səadət  Qarabağlı  90-cı  illərdə həmin muzeydə elmi katib (daha sonra muzyin direktoru) vəzifəsində çalışarkən  Üzeyir  bəyin   M.Aslanlıya  bağışladığı   pianonun  muzey tərəfindən alınması təklifi ilə mənə məktub yazdı.  Bildirdi ki,  Üzeyir bəylə  M. Aslanlının arxivində  nə varsa, muzey  onu almağa  hazırdır.

“Dahi  bəstəkarın  o yadigar pianosundan başqa evimizdə  qopuz, tambur, setar, kamança,  tar,  vialino, skripka və başqa musiqi alətləri də var idi.” Bu söbəti  mənə Fəridə  Aslanlı  ədəbi  təxəllüsü “Sarəng”  olan ömür-gün  yoldaşı  Mir Kazım bəylə  xatirələrini danışarkən etmişdi. Fəridə xanımın dediyinə  görə, qonşu olduqları  İbrahim bəy Topçubaşov  Flora xanımla  tez-tez  onlara  gəlib,  Üzeyir  bəyin  Mir Kazıma  bağışladığı   pianoda  yeni bəstələdiyi  mahnıları çalıb- oxuyarlarmış…

“Üzeyir bəyin  ölüm xəbərini  eşidəndə  Mir Kazım  çox mütəəssir oldu. O günlərdə qələmə aldığı  “Bu sabah” rədifli bir qəzəlini özü mənə oxumuşdu:

Yenə hicran bağını dərdü-qəm almış bu sabah,
Gülşəni tərk edərək qönçə saralmış bu sabah.
Gül köçüb, baxça solub, bülbül uçub, bağban ölüb,
Dünya bilsən gözlərimdə nə daralmış bu sabah.
Ah, dünən göy görünən alçalı dağlar da yanıb,
Gün vuran zirvələri şaxta, qar almış bu sabah.
Yenə heybətli buludlar doluxub ağlamağa,
Bürümüş hər yanı çən, göy də qaralmış bu sabah.
Üzeyir – xalqımızın dahi, böyük bəstəkarı,
Saralan çöhrəsini çən-qubar almış bu sabah.
İndi bilməm oyadan ahu-fəğan ilə məni,
Yaralı ceyran imiş, ya ki, maralmış bu sabah?!
Olma diltəng belə, Sarəng, yenə yaz güllər açar,
Çox da qəmlər çəməni, bağı sar almış bu sabah.”

Ancaq Mir Kazım  bununla da təsəlli tapmamış, ertəsi gün skripkasını götürüb Fəxri Xiyabana gedib,  gənc yaşlarında  onu fitnə-fəsadlardan qorumuş ustadının məzarı üstündə ağlaya-ağlaya onun  “Sənsiz” romansını çalmışdı.

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Deyilənlərə görə  Mir Kazım Aslanlı o gündən başlayaraq ilin bütün fəsillərində hər həftənin cümə günü Fəxri Xiyabana gəlir, sevimli skripkasında Üzeyir bəyin romanslarını, opera və operettalarından sevdiyi ariyaları çalıb Allahdan ustadına rəhmət diləyib Fəxri Xiyabanı tərk eləyərdi.

1975-ci ildə  Bakıda  63 yaşındaykən əcəl gəlib  onun da qapısının ağzını kəsdirmişdi… Övladı  yox idi.  Vəsiyyətinə  görə  Fəridə xanım  və  qohumları  onu   Masallıda  – İstisuya gedən  yolun yaxınlığında, əfsanəvi   Göz Öküzün  məzarı adlanan  yerdən aralı dəfn etdilər.

…Üzeyir  bəyin  bağışladığı  piano  isə  M. Aslanlının  evini “tərk edəndən” sonra əldən-ələ  ötürüldüyü üçün  onun  yeni sahibini tapmaq  müşkülə  dönmüşdü. “Yoxa  çıxan” təkcə  dahi  bəstəkarın  hədiyyəsi deyildi, həm də Sarəngin  öz əlyazmaları,  ərəb və fars dillərindən  etdiyi tərcümələr,  şeirlər, özünün bəstələdiyi  mahnıların  notları, elmi məqalələri idi. Fəridə xanım  çox sonralar  deyirdi ki,  Mir Kazımın ölümündən sonra  evimizə gələn  bəstəkar dostları not yazılarını,  şair dostları  şeirlərini  çap etdirmək adı ilə  məndən alıb apardılar…  “Alıb apardılar.”  Ehtiyac içində yaşayan Fəridə xanım “satdım” kəlməsini dilinə gətirmirdi.  Gələnlər  evində olan  qədim  musiqi alətlərini də, kitabları da  dəyər-dəyməzinə alıb apardılar.

2 sentyabr 1988-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində  şair-alim  Dəmir Gədəbəyli  “Sazdan sözə, sözdən işə” məqaləsində  təəssüf hissi ilə  yazırdı:“Həyatdan vaxtsız köçmüş tibb elmləri namizədi, dosent Kazım Aslanlının həm də musiqi ixtisası vardı. O, böyük bəstəkarımız Ü.Hacıbəyovun tələbəsi olmuşdu. Gözəl skripka, piano çalır, musiqi bəstələyirdi. O, skripkada “Baş müxəmməsi” çalanda könülləri titrədirdi. Sözüm bunda deyil. Kazım Aslanlı 1968-ci ildə bizim musiqidə – Şərq musiqisində nota almaq işini asanlaşdıran (dörddə bir) səslər barədə elmi iş yazmışdı. Həmin əsəri o, respublika Bəstəkarlar İttifaqına, Mədəniyyət Nazirliyinə təqdim etmişdi. Ancaq bəzi bəstəkarlarımız ona “bu məsələni açıb-ağartmamağı” tövsiyə etmişdi. Çünki Avropa musiqisində ¼ səslərin yazılışı yoxdu. O vaxtlar K.Aslanlı fizika institutunda laboratoriya şəraitində həmin səsləri ölçdürmüş və mövcud olmasını təsdiq edən sənəd də gətirib əsərlərinə əlavə etmişdi. O, həmin səslərə uyğun  yeni  pianonun  sxemini də vermişdi. Ancaq təəssüf ki, alimin işinə əhəmiyyət verən olmadı.”

Ən maraqlısı  o idi ki,  Üzeyir  Hacıbəylinin  80 illiyinə  həsr etdiyi  bu elmi əsəri  M. Aslanlı  1965-ci ildə  kril əlifbası ilə Azərbaycan, əski əlifba, ərəb-fars və rus  dillərində  qələmə almışdır.

Onu da qeyd edək ki,  Azərbaycan Radiosunun  məşhur “Bulaq”  verilişi ilk dəfə  Mir Kazım bəyin  bəstələdiyi  musiqi özünün ifası ilə efirdə  yayımlanmılşdı.  Çox şükür ki, bu həkim-bəstəkarın Azərbaycan Radiosunun qızıl fondunda onun öz ifasında “Aşiqin son nəğməsi”, “Muğam-bayatı”, ”Uca dağlar”, “Sarı bülbül fantaziyası” və başqa əsərləri  yadigar saxlanılır.

2012- ci  ildə tanınmış kinoşünas, Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Aydın Dadaşov  Mir Kazım Aslanlı -Sarəngin 100 illiyinə həsr olunmuş  “Tərk etmə məni” adlı film çəkdi. Həmin  filmdə  Sarəngin  bacısı  oğlu  evində   köhnə  bir pianonu göstərib  bildirdi ki,  bu,  Uzeyir bəyin dayısına  bağışladığı  pianodur.  “Tərk etmə  məni”  filmi   dahi bəstəkarın tələbəsi olan Sarəngin bitib-tükənməyən qəmli  nağlına bənzəyirdi.

 “İki sahil”